Məhkəmə qərarları › İş №e-2(011)-6682/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6682/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6682/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , Cavabdeh 16 fevral 2022 il tarixli, 800808-349635/1 nömrəli kredit müqaviləsi üzrə 786,79 (yeddi yüz səksən altı manat yetmiş doqquz qəpik) manat əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X2 arasında bağlanmış 16 fevral 2022-ci il tarixli, 800808-349635/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 16% dərəcəsi ilə 1.150,00 (bir min bir yüz əlli ) manat məbləğində kredit verilmişdir. Borcalan xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozulmuşdur. Vəfat etdiyi tarixədək vaxtı-vaxtında aparılıb, vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə 786,79 (yeddi yüz səksən altı manat yetmiş doqquz qəpik) manat məbləğində əsas borcu mövcud idi. Vəfat etdiyi tarixdən cari günədək faiz borcu dayandırılıb və hesablanmır. AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim olunmuş arayışdan göründüyü kimi mərhumun oğlu Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən vərəsəlik işi açılmışdır, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun Qərarında deyildiyi kimi, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisi xx.xx.2022-ci il tarixində mərhumun iş yeri olan X4 müraciət edərək mərhumun adına hər hansı bir pul vəsaitinin olub-olmamasını sorğulamışdır. AR MM-nin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Belə ki, Cavabdeh bank tərəfindən kredit borcunun ödənilməsinə dair xəbərdar olunmuşdur. Kredit borcunun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıqlar ünvanlanmış və Mehriban Hidayətova (bacı) adlı şəxs tərəfindən qəbul olunub. Növbəti xəbərdarlıq xx.xx.2025-ci il tarixində ünvanlanmışdır və xx.xx.2025-ci il tarixində Əliyeva Nəcibə (gəlinləri) adlı şəxs tərəfindən qəbul olunmasına baxmayaraq kredit borcu ödənməmişdir və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Cavabdehin köhnə qeydiyyat ünvanı ünvan 1ündüyü kimi cavabdeh qeydiyyat ünvanını dəyişmiş və halhazırda Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 86 saylı binanın 121 saylı mənzilində qeydiyyatdadır. Odur ki, aidiyyətı olaraq xx.xx.2025-ci il tarixli iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur, lakin xx.xx.2025-ci il tarixli e-2(011)-4372/2025 saylı qərardad ilə iş geri qaytarılmışdır. Geri qaytarılma aidiyyat pozulduğu səbəbi ilə olub. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmişdir. O, iddia tələbinə etiraz etmişdir və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılması barədə xahişini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış 16 fevral 2022-ci il tarixli 800808-349635/1 saylı istehlak kredit müqaviləsindən görünür ki, bank sonuncuya 12 ay müddətinə illik 16 % ödəmək şərtilə 1.150,00 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 16 fevral 2022ci il tarixli 800808-349635/1 saylı kredit müqaviləsi üzrə banka 1.150,00 manat məbləğində əsas borcu vardır. İşdə olan cavabdehə ünvanlanmış 6 fevral 2024-cü il tarixli və 10 aprel 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 24 may 2022ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla X2 arasında 16 fevral 2022-ci il tarixli 800808-349635/1 saylı istehlak kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, bank cavabdehə 12 ay müddətinə illik 16% ödəmək şərtilə 1.150,00 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən X1 öhdəlikləri icra edilməmiş və nəticədə banka 1.150,00 manat məbləğində borcu yaranmışdır. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, borcalan X2 24 may 2022-ci il tarixdə vəfat etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, yaranmış kredit borcunun ödənilməsi öhdəliyi X1 vərəsəsi Cavabdeh üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, yaranmış kredit borcu iş üzrə cavabdeh olan vərəsəsi Cavabdeh tərəfindən ödənilməldir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub– olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Qərarda qeyd edilmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh 786,79 manat məbləğində əsas borc tutulub iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, 800808-349635/1 saylı kredit müqaviləsinə əsasən 786,79 (yeddi yüz səksən altı manat yetmiş doqquz manat) manat məbləğində əsas kredit borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar