Məhkəmə qərarları › İş №e-2(011)-669/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-669/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-669/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və faizlərin ödənilməsi iddiasında dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavabdehdən əsas borca görə 17000 manat, həmin borca hesablanmış faizə görə 676,5 manat, vurulmuş mənəvi zərərə görə 300 manat, ödənilmiş dövlət rüsumuna görə 144 manat, cəmi 18120,5 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehin iddianı kredit müqaviləsi üzrə əsas borc məbləğini ödənilməsi hissəsində qəbul etdiyini bildirmişdir. O, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi. İşin halları İddiaçı ilə Cavabdeh arasında 15 fevral 2023-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixinədək qaytarmaq şərti ilə 17000 manat nağd formada borc pul vermişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində borcun ödənilməsi tələbi ilə bağlı pretenziya məktubunu göndərmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı 144 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442.1. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan borc pul almışdırlar və kredit məbləğini iddiaçıya qaytarılmasına dair vəzifənin daşıyıcısı olmuşdurlar. Lakin, cavabdeh borc pul vəsaitini geri ödənilməsinə dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdirlər. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də 17000 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasi hissəsində iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddiaya borca hesablanmış faizə görə 676,5 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh öhdəliyini tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətdə icra etmədiyinə görə, iddiaçı gecikdirilmiş vaxt üçün borc məbləğinə hesablanmış illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin gecikdirilmiş borc məbləğinin 17000 manat, gecikdirilmiş müddətin isə 205 gün təşkil etidiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, faiz məbləği 676,5 manat deyil, 483,80 manat (17000x5%/360=2,36; 2,36x205=283.8) məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaya cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində mənəvi zərərin ödəniləsinə dair iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən onun xeyrinə 500 manat məbləğində mənəvi zərərin tutulmasını tələb etsə də, iddia ərizəsində göstərdiyi kimi, Cavabdeh tərəfindən iddiaçıya hədə-qorxu gəlməsi, eləcə də cavabdehdən müxtəlif güc orqanlarına etdiyim şikayətlərə əsasən həmin orqanlara çağırılması ilə bağlı sübut məhkəməyə təqdim etməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, mülki hüquq münasibətləri zaminində bağlanılmış müqavilələr üzrə öhdəliklərin pozulması riski ehtimal ediləndir. Elə bu səbəbdəndir ki, qanunvericilikdə müqavilə üzrə öhdəliklərin icrası təminatı üsulları və müqavilə öhdəliklərini pozan tərəfin məsuliyyəti ilə bağlı bir sıra müddəalar nəzərdə tutulmuşdur. İddiaçı da həmin növ qanunvericilik normalarına istinad edərək cavabdehdən müqavilə üzrə öhdəliyin icrasını gecikdirdiyinə görə hesablanmış faizlərin ödənilməsi ilə bağlı iddianı irəli sürmüşdür ki, məhkəmə tərəfindən həmin iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə cavabdeh tərəfindən öhdəliklərini pozduğuna görə iddiaçının dərin mənəvi sarsıntı və iztirabların keçirtməsini də inandırıcı və ağlabatan hesab etmir. Odur ki, iddia vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 141 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə borca görə 17000 manat (on yeddi min manat), gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 483,80 (dörd yüz səksən üç manat səksən qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (yüz qırx bir manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar