Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-670/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «Kapital Bank” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli GTKR5059491A110 saylı Kredit müqaviləsinə əsasən ona 60 ay, illik 23 faiz dərəcəsi ilə 8340 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir.
3. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 7273,37 manat əsas, 398,30 manat faiz, cəmi 7671,67 manat borcu yaranmışdır.
İddiaçının tələbi:
4. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7273,37 manat əsas, 398,30 manat faiz, cəmi 7671,67 manat pul vəsaitinin və 96,72 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddiaya münasibəti:
5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
6. İddiaçının nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
8. Cavabdeh tərəfindən ”Kapital Bank” ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Cavabdeh gündəlik tələbat məqsədləri üçün 8340 manat məbləğində, 60 ay müddətinə nağd pul krediti verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini Cavabdeh gəlirləri təşkil edəcəkdir.
9. Kapital Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5059491A110 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 60 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 8340 manat məbləğdə kredit verilmişdir.
10. xx.xx.2022-ci il tarixli, GTKR5059491A110 saylı kredit müqaviləsinə əlavə Ödəniş qrafikinə əsasən, kreditin aylıq ödənişi 235,11 manat məbləğindədir.
11. ”Kapital Bank” ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 16/40620 nömrəli bildirişə əssən, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 60 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 7273,37 manat məbləğində Gündəlik tələbat krediti verilmişdir. Bu müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 7622,78 manat məbləğində ümumi borcu, gecikmə günü 36 gün olmaqla 445,54 manat məbləğində gecikmə yaranmışdır. Gecikdirilmiş 445,54 manat öhdəliyin 5 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
12. xx.xx.2023-cü il tarixli, 15/5745 tarixli maliyyə arayışına əsasən Cavabdeh 10.10. 2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, GTKR5059491A110 saylı kredit müqaviləsi üzrə ”Kapital Bank” ASC-yə 7273,37 manat əsas, 398,30 manat faiz borcu, cəmi 7671,67 manat borcu qalmışdır.
13. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən, Cavabdeh gündəlik tələbat məqsədi ilə 8340 manat kredit verilmişdir.
14. Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsinə əsasən, Cavabdeh ona 8340 manat məbləğində kredit xətti ayrılmağını xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini Cavabdeh gəlirləri təşkil edəcəkdir.
15. Cavabdeh tərəfindən ”Kapital Bank” ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, Cavabdeh ”Kapital Bank” ASC-nin Əhmədli filialından xx.xx.2022-ci il tarixində 6250 manat məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə "xxxx" ASC-dən sığorta şəhadətnaməsi əsasında həyat sığortası əldə etmişdir. xx.xx.2022-cü il tarixində Cavabdeh Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyini tam icra etmiş, yeni kredit müqaviləsi üçün banka müraciət etmiş, habelə yeni kedit müqaviləsi üzrə həyat sığortası nəzərdə tutulmadığından əlavə sığorta haqqı ödəməyəcəyini bildirmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2, 746-5.2).
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7273,37 manat əsas, 398,30 manat faiz, cəmi 7671,67 manat məbləğində borc ”Kapital Bank” ASC -nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 96,72 (doxsan altı manat yetmiş iki qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 7273,37 manat əsas, 398,30 manat faiz, cəmi 7671,67 (yeddi min altı yüz yetmiş bir manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”Kapital Bank” ASC-yə ödənilsin.
3. İddiaçı tərəfindən ödənilmiş 96,72 (doxsan altı manat yetmiş iki qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı ”Kapital Bank” ASC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova