Məhkəmə qərarları › İş №e-2(011)-6833/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6833/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6833/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskədərova Əlvanə İlham qızının katibliyi ilə Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdehdən İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 11050.33 manat məbləğində kredit bоrcu, 999.08 manat məbləğində faiz bоrcu və 201.12 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 12250.53 manat, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə 3545.66 manat əsas borc, 375.62 manat faiz borcu, 64.53 manat məbləğində cərimə olmaqla cəmi 3985.81 manat, 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 16236.34 məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 138.71 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 014A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.75% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa o, İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 014A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, 014A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit bоrcundan 949.67 manat ödəniş etmiş və оnun iddiaçıya 11050.33 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 130 gün üçün hesablanmış faiz borcu 999.08 manat təşkil edir. 014A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit bоrcundan 454.34 manat ödəniş etmiş və оnun iddiaçıya 3545.66 manat məbləğində kredit bоrcu qalmışdır. O, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 130 gün üçün hesablanmış faiz borcu 375.62 manat təşkiledir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasında iddiaya etiraz etmədiyini bildirmiş, lakin maddi vəziyyəti ilə əlaqədar borcu hal-hazırda ödəyə bilməyəcəyini bildirmişdir. İşin halları İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 12000 məbləğində kredit vermişdir. İddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 25,76 faiz ödəmək şərti ilə 4000 məbləğində kredit vermişdir. "xxxx" QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas məbləğ üzrə borcu 2805,88 manat, faiz üzrə borcu 591,09 manat, cərimə üzrə borcu 102,75 manat, ümumilikdə 3499,72 manat məbləğindədir. "xxxx" QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas məbləğ üzrə borcu 10988,21 manat, faiz üzrə borcu 1601,02 manat, cərimə üzrə borcu 320,25 manat, ümumilikdə 12909,48 manat məbləğindədir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslar. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilərək, xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən ödəniş edildiyi nəzərə alınaraq xx.xx.2023-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 10988.21 manat, faiz borcuna görə 998.08 manat, xx.xx.2023-ci il tarixli 014A********** nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 2805.88 manat, faiz borcuna görə 375.62 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, kredit müqavilə üzrə hesablanmış cərimə əsas borc məbləğinə mütənasibdir. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 136.3 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 10988.21 (on min doqquz yüz səksən səkkiz manat, iyirmi bir qəpik) manat, faiz borcuna görə 998.08 (doqquz yüz doxsan səkkiz manat, səkkiz qəpik) manat, cərimə borcuna görə 201.12 (iki yüz bir manat, on iki qəpik) manat, xx.xx.2023-cü il tarixli 014A********** saylı kredit müqaviləsi üzrə əsas borca görə 2805.88 (iki min səkkiz yüz beş manat, səksən səkkiz qəpik) manat, faiz borcuna görə 375.62 (beş yüz doxsan birt manat, altmış iki qəpik) manat, cərimə borcuna görə 64.53 (altmış dörd manat, əlli üç qəpik) manat, ümumilikdə 15433.44 (on beş min dörd yüz otuz üç manat, qırx dörd qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136.3 (yüz otuz altı manat otuz qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar