Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6855/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Heydər Əliyev adına X8 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Heydər Əliyev adına X10 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 15 avqust 2022-ci il tarixli 3232 nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən Heydər Əliyev adına X9 (NEZ) ünvanlanmış məktubda Cavabdeh2 tərəfindən Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nda tikinti işləri aparılması barədə məlumat verilmişdir. Qanunsuz tikinti işləri aparılan ünvana NEZ-in əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı NEZ-ə məxsus Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nın 33.5 metrliyində uzunluğu 55.2 metr, eni 37.6 metr, hündürlüyü 7 metr olan qeyri-yaşayış obyekti, 19 metrliyində isə ona bitişik uzunluğu 17.30 metr, eni 13.5 metr, hündürlüyü 7 metr olan tamamlanmış əlavə tikili aşkar edilmişdir. Bundan başqa, baxış zamanı həmin ərazidən Dş-300 mm-lik neft boru kəmərinə paralel Dş-250 mm-lik və Dş-150 mm-lik neft boru kəmərlərinin keçdiyi də müəyyən olunmuşdur. Bundan sonra iddiaçı Heydər Əliyev adına X10 (NEZ) Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik neft boru kəmərinin “Mühafizə Zonası”nda Cavabdeh2 tərəfindən inşa edilmiş bütün tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə keçirilən məhkəmə prosesi zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında 15 avqust 2022-ci il tarixli 3232 nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində 0.2032 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək icarəyə verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli rəy ilə Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən, qərardadda ekspert qarşısında qoyulmuş sualda qeyd olunan tikilinin yerində faktiki olaraq inşa edilmiş qeyri-yaşayış binasının 877 kv. m hissəsinin Heydər Əliyev adına X9 məxsus neft məhsulu nəql olunan Dş-500, Dş- 400, Dş-300 və Dş-250 mm-lik neft borularının mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda, Məhkəmə tərəfindən 03 iyun 2024-cü il tarixində keçirilmiş yerli baxış nəticəsində müəyyən edilmişdir ki, iddia ərizəsində sözügedən ərazidə tikinti işləri aparılmış və bir böyük, bir də əlavə tikili inşa edilmişdir. Bu tikililər zavodun neft çıxarma sahəsinin sağ hissəsində yerləşməklə həmin zavoda gedən boru xətlərinin yaxınlığında yerləşir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” 15 avqust 2022-ci il tarixli 3232 nömrəli müqavilənin 2.2-ci (İcarəçinin hüquq və vəzifələri) bəndinin 2-ci yarımbəndinə əsasən mövcud tikinti norma və qaydalarına uyğun olaraq torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq, 6-cı yarımbəndinə əsasən icarəyə verilmiş torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə və torpaq üzərində qoyulmuş servitutlara əməl etmək və 10-cu yarımbəndinə əsasən qanunvericilikdə nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək icarəçinin vəzifəsidir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kommunikasiya xətlərinin mühafizəsində yerləşən torpaq sahələrində təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir və baş verəcək hər hansı hadisə ilə bağlı icarəçi məsuliyyət daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinin 2-ci yarımbəndinə əsasən kommunikasiya xətlərinin mühafizəsində yerləşən torpaq sahələrininin özəlləşdirilməsinə qanunla yol verilmir və həmin torpaq sahəsi yalnız icarə predimetidir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 668986 nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində sahəsi 0.2032 ha, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid və dövlət mülkiyyətində olan torpaq sahəsi icarə hüququ əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2027-ci il tarixinədək Cavabdeh2 xeyrinə yüklü edilmişdir. Cavabdeh tərəfindən NEZ-in mühafizə zonasında tikinti işlərinin aparılmasına icazə verən sənədlərin ləğv olunması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfimizdən xx.xx.2023-cü il tarixli 14-2-27/2-1815/2023 nömrəli məktubla AR FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X1 Baş İdarəsinə və xx.xx.2023-cü il tarixli 14-2-27//2-1814/2023 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilsə də, X1 Baş İdarəsi xx.xx.2023-cü il tarixli 34849 nömrəli rəyin ləğv edilməsinə əsas olmadığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə tamamilə yanlış mövqedən çıxış edərək mühafizə zonasının daxilində SOCAR-ın strukturuna tabe olan “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz xəttinin keçmədiyini bildirmiş, lakin Heydər Əliyev adına X8 balansında olan neft boru kəmərlərinin mühafizə zonasının pozulması hissəsinə toxunmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında 15 avqust 2022-ci il tarixli 3232 nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə bağlanan zaman Cavabdeh2 icarəsinə verilmiş torpaq sahəsinə yaxın məsafədə “Heydər Əliyev adına X10”na məxsus neft məhsulu nəql olunan boru xətlərinin yerləşməsinə əhəmiyyət verilməmişdir. Hətta icarəçiyə İcarə müqaviləsinin 2.2-ci (İcarəçinin hüquq və vəzifələri) bəndinin 2-ci yarımbəndinə əsasən mövcud tikinti norma və qaydalarına uyğun olaraq torpaq sahəsində təyinat üzrə səmərəli fəaliyyəti üçün zəruri olan tikinti işlərini aparmaq və avadanlıqlar quraşdırmaq hüququ verilmişdir. İcarənin predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edildiyindən, həmin torpaq sahəsi icarəyə verilən zaman orada icarəçi tərəfindən tikinti işlərinin həyata keçiriləcəyi əvvəlcədən icarəyəverənə məlum idi. Tərəflər arasında icarə müqaviləsi bağlanan zaman müqavilənin predmeti olan torpaq sahəsi NEZ-ə məxsus neft boru kəmərlərinin mühafizə zonasında yerləşdiyindən, icarə müqaviləsinə eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 6.1-ci bəndinə əsasən “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X3 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisinin qadağan olması barədə bənd daxil edilməli idi. Cavabdeh2 icarə müqaviləsi ilə ona verilmiş bu hüquqdan səmərəli istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 6.1-ci bəndinin tələbinə əməl etmədən NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında tikinti işləri həyata keçirmişdir. Hazırda Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında tikilmiş həmin ünvanda tikili “Araz Market” kimi fəaliyyət göstərir və hər gün yüzlərlə şəxsin həmin marketə giriş-çıxış etməsi onların da həyatını təhlükə altında saxlayır. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Qanunvericiliyin tələbinə görə NEZ-in neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında qanundankənar həyata keçirilən hər bir əməllə (hərəkətlə) bağlı müvafiq qaydada tədbirlər görmək hüququ olduğundan, dolayısıyla həm də mühafizə zonası daxilində yerləşən torpaqların da istifadəçisi sayılır. Yəni, sözügedən ərazidə yerləşən torpaq sahəsi icarəyə verilərkən NEZ-in mənafeyi nəzərə alınmalı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1 bəndinə əsasən İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən “Mühafizə Zonası”nda Energetika Nazirliyinin və X3 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Bundan başqa, mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Mövcud Qaydalarda birbaşa göstəriş ondan ibarətdir ki, mühafizə zonasında tikinti işlərinin həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin və Energetika Nazirliyi və X3 Dövlət Agentliyinin icazəsinin tələb olunması mütləqdir. Cavabdeh tərəfindən tikinti işlərinin həyata keçirilməsi üçün Qaydalarda nəzərdə tutulan razılığın alınmasını təsdiq edən hər hansı sənəd mövcud deyil. Cavabdeh2 tərəfindən tikilən tikili NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında yerləşdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 6.1-ci bəndinə əsasən mühafizə zonasında Energetika Nazirliyinin və X3 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi qadağandır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, həmin tikilinin sənədləri qaydasında olmuşdur. Təmsil etdiyi qurum da öz səlahiyyətləri çərçivəsində Cavabdeh2 ilə icarə müqaviləsi bağlamışdır. O, bildirmişdir ki, Mühafizə Zolağına düşən torpaq sahələrinin icarəyə verilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qadağan edilməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa mövcud deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən torpaq sahəsi Cavabdeh2 icarə hüququ əsasında istifadəsindədir. Həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh arasında 15 avqust 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. İddiaçı Heydər Əliyev adına X8 Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-266/2024 saylı, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5033/2024 saylı 09 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət qeyri-mümkün hesab edilmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3415/2024 saylı 08 oktyabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 29 dekabr 2021ci il tarixli 454 nömrəli sərəncamdan çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, 9cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 adına sənədləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məktub ünvanlayaraq həmin ərazidə yerləşən torpaq sahəsinin yerquruluşu planının hazırlanmasını və müvafiq rəyin verilməsini xahiş etmişdir. Cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubda bildirmişdir ki, yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonasına düşən 131,0 m² torpaq sahəsi çıxıldıqdan və ərazidən keçən boru kəmərləri təhlükəsiz zonaya köçürüldükdən sonra, tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 0,2032 hektar torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Cavabdeh2 ayrılmasına etiraz etmirlər. 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri tərəfindən Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinə baxış zamanı qeyri-qanuni halların müəyyən edilmədiyinə dair baxış aktı tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı barədə registrdən çıxarışdan görünür ki, qeyri-yaşayış binasının tikintisi məqsədilə Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən torpaq sahəsi 2.032 kv.m. təşkil edir. Həmin torpağın ümumi sahəsi 2.163 kv.m olmaqla, 67 kv.m hissəsi 35 KV-luq elektrik xəttinin, 64 kv.m hissəsi isə yüksəkgərginlikli yeraltı elektrik xəttinin mühafizə zolağına düşür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi öz izahatında mühafizə zonasında tikinti işlərinin həyata keçirilməsi üçün istismarçı təşkilatın rəyinin və Energetika Nazirliyi və X3 Dövlət Agentliyinin icazəsinin tələb olunmasına, Cavabdeh2 tərəfindən tikilən tikilinin NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında yerləşdiyindən mühafizə zonasında Energetika Nazirliyinin və X3 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisinin qadağan olmasına istinad etsə də, qeyd edilən hallar iş materiallarının araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, nə iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubdan, nə də Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakı barədə registrdən çıxarışdan Cavabdeh2 ayrılmış torpaq sahəsinin balans saxlayıcısının Heydər Əliyev adına X6ması müəyyən edilmir. Bundan başqa, 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri tərəfindən Bakı şəhəri, Xətai rayonu, 9-cu dairəvi küçənin Babək prospektinə çıxan hissəsində yerləşən qeyri-yaşayış sahəsinə baxış zamanı qeyri-qanuni halların müəyyən edilmədiyi görünür. Odur ki, iddiaçı iddiasında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, nə qədər ki cavabdehə məxsus tikiliyə dair bir sıra dövlət qurumları tərəfindən verilmiş və qüvvədə olan müvafiq icazələr mövcuddur, hazırkı mərhələdə iddiaçı tərəfindən sözügedən müqavilənin mübahisələndirilməsinin hər hansı hüquqi əsası yoxdur. Belə olan təqdirdə hazırkı iddia tələbi təmin edilə bilməz. Beləliklə, Cavabdeh2 dövlət orqanları tərəfindən verilmiş icazələr mübahisələndirilmədən və istinad olunan icazələr qüvvədən düşmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 15 avqust 2022-ci il tarixli 3232 nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Heydər Əliyev adına X8 cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı – cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 arasında bağlanmış 15 avqust 2022-ci il tarixli 3232 nömrəli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Heydər Əliyev adına X8 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-6855/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6855/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver