Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6883/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil Elşən oğlunun iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2023-cü il tarixli “kredit müqaviləsinə” əsasən Cavabdeh 510.000 (beş yüz on min) manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 800 manat olmaqla, cəmi 510.800 (beş yüz on min səkkiz yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hüquqlarını vəkil qismində müdafiə etdiyi X4 ilə Cavabdeh arasında 13 iyul 2023-cü il tarixdə notarial qaydada “kredit müqaviləsi” bağlanmış və sözügedən müqaviləyə əsasən cavabdehə 1 ay ərzində qaytarılması şərti ilə 510.000 manat məbləğində pul vəsaiti verilmişdir. 13 iyul 2023-cü il tarixli “kredit müqaviləsinə” uyğun olaraq iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan pul vəsaiti Cavabdeh verilsə də hal-hazırda cavabdeh öhdəliyinin icrasından yayınmaqdadır. Bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixdə X4 tərəfindən borcunun icrası tələbinə dair cavabdeh tərəfə xəbərdarlıq məktubu göndərilmiş lakin heç bir nəticəsi olmamışdır. Halhazırda qeyd olunanlar nəzərə alınmaqla 13 iyul 2023-cü il tarixli “kredit müqaviləsinə” əsasən Cavabdeh 510.000 (beş yüz on min) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 800 manat olmaqla, cəmi 510.800 (beş yüz on min səkkiz yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsinə dair qətnamə çıxarılması zərurəti yaranmışdır. Sonda Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun olaraq izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir, ümumilikdə iddiaçıdan 510000 (beş yüz on min) manat borc almışdır, bu barədə müqavilə bağlanmışdır, biraz problem yarandığı üçün borcu ödəyə bilməmişdir, biraz vaxt lazımdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Kredit müqaviləsindən görünür ki, X1, Borcalan Cavabdeh 510000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir, borcalan krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürür, tərəflər krediitn faizsiz verilməsini şərtləşdirilər. İş materiallarından görünür ki, Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun qısa müddət ərzində ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə pretenziya məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, X4 tərəfindən 800 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, Cavabdeh iddia tələbini qəbul edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X4 ilə Cavabdeh arasında 13 iyul 2023-cü il tarixdə yazılı formada – notariat qaydada kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 510000 manat borc almış, cavabdeh həmin krediti xx.xx.2023 tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin müəyyən edilmiş müddətdə krediti qaytarmamışdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan kredit müqaviləsi əsasında 510000 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin həmin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə iddiaçıya olan borcunu qaytarmaması, sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 510000 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 800 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 510000 (beş yüz on min) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 8000 (səkkiz yüz) manat alınaraq X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6883/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6883/2023
20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver