Məhkəmə qərarları › İş №e-2(011)-6898/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6898/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6898/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 612.43 manat əsas, 233.66 manat cərimə, cəmi 846.09 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 08 fevral 2018-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bank müştəriyə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Cavabdeh bank tərəfindən açılmış hesab üzrə 612.43 manat texniki overdrafta yol verilmiş, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 08 fevral 2018-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Cavabdeh bank tərəfindən açılmış hesab üzrə 612.43 manat texniki overdrafta yol verilmiş, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Cavabdehə bank tərəfindən xəbərdarlıq edilmişdir. Məhkəmə iddianın hüquqi əsasını bank hesabı müqaviləsindən irəli gələn münasibətlərin təşkil etməsini müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 956.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. Mülki Məcəllənin 960.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. İş materialları ilə təsdiq edilir ki, iddiaçı və cavabdeh arasında müqavilə bağlanmış, hər iki tərəf üzərinə müqavilə ilə qeyd edilən öhdəliklər götürmüş və cavabdehin adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki overdraft yaranır və overdraft yarandığı təqdirdə hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka qaytarılmalıdır. Tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, müştəri tərəfindən kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Beləliklə iş materialları ilə sübuta yetirilir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh müqavilənin şərtlərindən irəli gələn öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh yuxarıda adı çəkilən müqaviləni öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin əsas borca aid hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 08 fevral 2018-ci il tarixli müqavilə üzrə hesablanmış 233.66 manat dəbbə məbləği azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 612.43 manat məbləğində əsas borc, 60 manat cərimə borcu olmaqla, ümumilikdə 672.43 manat pul vəsaiti alınaraq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 612.43 (altı yüz on iki manat qırx üç qəpik) manat məbləğində əsas borc, 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 672.43 (altı yüz yetmiş iki manat qırx üç qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar