Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6922/2023 19.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə Cavabdeh1 (Bundan sonra - Borcalan) arasında xx.xx.2021-ci il tarixdə 9150***-*******01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı istehlak malları almaq məqsədilə Borclana 42 ay müddətinə, illik faiz dərəcəsi 17% olmaq şərtilə, 8000 manat məbləğində kredit vermişdir. Cavabdeh tərəfindən kredit qismən ödənilmişdir.
2. Eyni zamanda, iddiaçı ilə Cavabdeh2 (Bundan sonra - Zamin) arasında 15.0.2021-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə görə Zamin iddiaçı ilə Borcalan arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncunun öhdəliyinin tam yerinə yetirməsinə görə iddiaçı (Bank) qarşısında öhdəlik götürmüşdür.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən 4473,37 manat əsas, 305,37 manat faiz, 58,73 manat cərimə və dövlət rüsumu olaraq ödənilmiş 68,38 məbləğində pulun, cəmi 4837,47 manat borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Borcalanla bağlanmış xx.xx.2021-ci il tarixli № 9150***-*******01 saylı Kredit müqaviləsinə əsasən Borcalana 42 ay müddətinə illik 17% dərəcəsi ilə, 8000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlə 9FİZAM107013302saylı xx.xx.2021-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh onunla bağlanmış Kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminə dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Borcalanın xx.xx.2023 cü il tarixə Banka 4473.37 manat məbləğində əsas kredit borcu, 305.37 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 58.73 manat cərimə borcu olmaqla,cəmi 4837.47 manat məbləğində borcu qalmaqdadır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumat onun elektron kabinetində yerləşdirilmiş, lakin iddiaya etirazını və etirazının əsasları ilə bağlı sübutlarını məhkəməyə göndərməmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
6. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
7. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
8. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
9. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
10. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
11. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
12. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
18. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
19. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəlyini tam icra etməmişdir (§ 9).
20. İddiaçının verdiyi maliyyə arayışında da cavabdehin müqavilə üzrə əsas borcunun 4473,37 manat, faiz borcunun 305,37 manat, hesablanmış cərimənin isə 58,73 manat, cəmi 4837,47 manat borcunun olması qeyd edildir.
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir.
22. Məhkəmə həmçinin, iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
23. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
24. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 5 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
25. Məhkəmə eyni zamanda, iddia tələbinin Zaminə aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Borcalanın aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır.
26. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Borcalan kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, Zamin kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, Zamin digər Borcalanla bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Məhkəmə həmçinin iddianın 68,38 məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 4473,37 manat əsas, 305,37 manat faiz və 5 manat cərimə borcu olmaqla, cəmi 4783,74 manat və 68,38 ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı