Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-698/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2014-cü il tarixli 1xx/xx/125761/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1022,93 manat məbləğində əsas borc, 785,79 manat məbləğində faiz borcu, 1074,48 manat məbləğində cərimə borcu, 299,46 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3182,66 manat məbləğində pulun, 51,83 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.F.Fərhadova iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 06 noyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/125761/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2041 manat məbləğində kredit verilmişdir, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 1022.93 manat məbləğində əsas borc, 785.79 manat məbləğində faiz borcu, 1074.48 manat məbləğində cərimə borcu, 299.46 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3182.66 manat məbləğində borcu qalmışdır, Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-8721/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır, lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Sonda F.F.Fərhadova iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında 06 noyabr 2014-cü il tarixli 1xx/xx/125761/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana məişət texnikasının alınması məqsədilə illik 25% olmaqla, 24 ay müddətinə, 2041 manat məbləğində kredit vermişdir, müqavilənin son tarixi 06 noyabr 2016-cı ildir, cərimə məbləği 50%-dir. İş materiallarında olan 1xx/xx/125761/14 saylı müqavilə üzrə “Ödəniş cədvəli”nin surətindən görünür ki, Cavabdeh verilən kreditin faiz dərəcəsi 25, verilmə tarixi xx.xx.2014, bitmə tarixi xx.xx.2016-cı ildir. İş materiallarında olan Cavabdeh məxsus “hesabdan çıxarış”dan görünür ki, xx.xx.2014-cü il tarixdə hesaba 2041 manat kredit köçürülmüşdür, komissiya haqqı 10 manatdır. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh QSC “Bank Standard” KB-yə 06 noyabr 2014-cü il tarixli 1xx/xx/125761/14 saylı kredit müqaviləsi üzrə 15 sentyabr 2022-ci il tarixə 1022,93 manat məbləğində əsas, 785,79 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 1074,48 manat cərimə, 299,46 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə müqavilənin tələbləri əsasında yaranmış 3182,66 manat borcu vardır. İş materiallarından görünür ki, QSC «Bank Standard» KB tərəfindən borclu Cavabdeh xx.xx.2019-cu il tarixində bildiriş göndərilməklə ondan 6 noyabr 2014-cü il tarixli 1xx/xx/125761/14 saylı kredit müqaviləsinə əsasən 2444,36 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, QSC «Bank Standard» KB tərəfindən 51,83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli 9/520 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh QSC «Bank Standard» KB-nə olan borcu iddia ərizəsi təqdim olunan tarixə 24 noyabr 2022-ci il tarixə əsas borc üzrə 1024,66 manat, faiz borcu üzrə 286,14 manat, faiz borcu illik 5%-lə dərəcəsi ilə hesablanmaqla 610,81 manatdır. Həmin Rəyə əlavə edilmiş Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, QSC “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh arasında 24 ay müddətinə, illik 25% olmaqla, 2041 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2014-cü il tarixli 1xx/xx/125761/14 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yetirmiş, həmin məbləğ cavabdehin hesabına köçürülmüşdür, lakin cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 286,14 manat həddində müəyyən edilməlidir. Məhkəmə, müqavilə üzrə əsas və gecikdirilmiş vaxt üzrə (illik 5%-lə) faiz borc məbləğini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən məbləğlərdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə əsas və gecikdirilmiş vaxt üzrə faiz borcu iddia tələbində göstərilən həddə (müvafiq olaraq 1022,93 manat; 299,46 manat) müəyyən edilməlidir. Məhkəmə, 06 noyabr 2014-cü il tarixli 1xx/xx/125761/14 saylı kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 100 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir...Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 06 noyabr 2014-cü il tarixli 1xx/xx/125761/14 saylı müqavilə üzrə 1022,93 manat məbləğində əsas, 286,14 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 100 manat cərimə, 299,46 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1708,53 manat məbləğində pul alınaraq QSC “Bank Standard” Kommersiya Bankına ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 37 manat cavabdehdən alınaraq iddiaçıya, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1022,93 manat məbləğində əsas, 286,14 manat məbləğində müqavilə müddəti üçün hesablanmış faiz, 100 manat cərimə, 299,46 manat illik 5% olmaqla gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1708 (min yeddi yüz səkkiz) manat 53 (əlli üç) qəpik borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat pul məbləği alınaraq Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-698/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-698/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver