Məhkəmə qərarları › İş №e-2(011)-6984/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6984/2025

06.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6984/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% faizlə hesablanmış 2250 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və tərəfindən ödənilmiş 173,25 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17250 ABŞ dolları və 173,25 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təxminən 2023-cü ilin əvvəllərində Cavabdeh 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitini borc vermişdir, Cavabdeh Tofq oğlu onun qardaşıdır, 2021-ci ilin dekabr ayında anaları rəhmətə getmiş, 2022-ci ilin dekabrinda analarının ili çıxdıqdan bir vaxt sonra qardaşı Cavabdeh onun evinə gələrək ondan 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaiti borc istəmiş, qardaşı Cavabdeh maşın almaq istədiyini, pul vəsaitinin müəyyən hissəsinin çatışmadığını, ondan aldığı borcu isə bir-iki ay ərzində geri qaytaracağını bildirmişdir. Dəfələlə cavabdehdən borc məbləğini qaytarmağı tələb etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh qalıq borc məbləğini qaytaracağını vəd etsə də, bu günədək öz öhdəliklərini lazimi qaydada icra etməmişdir. Bu səbəbdən o, bir neçə ildir ki, özünə məxsus pul vəsaitindən istifadə edə bilmir.Cavabdehin ona borcu olduğunu təsdiq edən sübutlar, səs yazmalar, habelə votsap danışıqları vardı. Odur ki, bununla əlaqədar olaraq Cavabdeh tərəfindən alınmış 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin ona qaytarılması qanunauyğundur. Məhz bu xüsusatlara əsasən son ümid yeri olaraq Cavabdeh tərəfindən alınmış 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2250 (iki min iki yüz əlli) ABŞ dolları məbləğində əldən çıxmış faydanın və tərəfimdən ödənilmiş 173.25 (1 yüz yetmiş üç manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 17250 (on yeddi min) ABŞ dolları və 173.25(1 yüz yetmiş üç manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq onun xeyrimə ödənilməsinə dair ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh 15000 ABŞ dollarını iddiaçıdan 2021ci ilin sonu, 2022-ci ilin əvvəllərində borc almış, borcu bir-iki ay müddətinə qaytaracağına söz versə də qaytarmamışdır. İddiaçının tələbi səs yazıları və cavabdehin borc aldığını, onu qaytaracağına söz verdiyini, 15000 ABŞ dollarını iddiaçıya qaytarmağa razı olduğunu etiraf etməsi ilə təsdiq olunur. Hətta məhkəmənin hazırlıq iclasında da cavabdeh iddiaçının anasına məxsus olan qızılları qaytaracağı təqdirdə 15000 ABŞ dollarını ona qaytaracağını bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, 15000 ABŞ dollarını anasının sağlığında 2021-ci ilin noyabr ayında anasından almış, həmin pul anasına məxsus olmuşdur. Həmin vaxt maşın almaq istəmiş, avtomaşını baxıb bəyənmiş, pulunu vermiş, lakin sənədləşməni 2022-ci ilin yanvar ayının əvvəlində etmişdir. Bacısı pulu tələb edəndə isə ona görə qaytaracağını bildirmişdir ki, bu onun siyasəti olmuşdur. Belə ki, anasına məxsus külçə şəklində olan qızılları bacısı mənimsəmişdir. Həmin qızılların bacısı tərəfində qaytarılmasına nail olmaq üçün 15000 ABŞ dollarını bacısına qaytarmağa razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaya əsasən mübahisə predmeti olan 15000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə maşın almaq üçün borc qismində guya bacısı İddiaçı vermişdir. Cavabdehə avtomobil almaq məqsədi ilə həmin məbləğdə pul anası X2 tərəfindən onun sağlığında, daha dəqiq tarix qeyd edilsə 2021-ci ilin noyabr aylarının sonlarında verilmişdir. Cavabdehin anası 2021-ci il dekabrın axırlarında dünyasını dəyişmişdir. Bundan başqa, əgər verilmiş pul vəsaitinin məhz iddiaçı tərəfindən cavabdehə verildiyi fərz edilsə belə, o borc məbləğinin tələb edilməsi bu münasibətləri tənzimləyən Azərbaycan Respublikası müvafiq qanunvericiliyinin tələblərinin pozulması hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı cavabdehə qarşı irəli sürdüyü iddia heç bir maddi hüquq normasına əsaslanmır, əksinə, müvafiq normaların pozulması ilə irəli sürülmüşdür və mücərrəd xarakter daşıyır. Hətta həmin vəsaitin borc kimi iddiaçı tərəfindən verildiyi fərz edilsə belə, iddia müddəti çoxdan ötmüşdür. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Flaşkartda təqdim edilmiş səs yazılarında iddiaçı və cavabdeh arasında baş tutmuş danışıqlar əks olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 739.1.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İddiaçı 15000 ABŞ dolları məbləğində pulun borc kimi cavabdehə verildiyini bildirsə də, MM-nin yuxarıda qeyd olunan 739.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında yazılı qaydada bağlanmış borc müqaviləsi mövcud deyil. Beləliklə, tərəflər arasında etibarlı borc müqaviləsi və həmin müqavilədən irəli gələn borc münasibətləri olmamışdır. Cavabdeh 2021-ci ilin sonlarında 15000 ABŞ dolları məbləğində pulun ona verildiyini təsdiq etsə də, həmin pulun mərhum anasına məxsus olduğunu, anası tərəfidən ona verildiyini, bacısı tərəfindən ona 15000 ABŞ dolları borc verilmədiyini bildirmiş, həmçinin qeyd etmişdir ki, anası tərəfindən ona verilən həmin pulu bacısına qaytarmağa razı olduğunu bildirməsi onun tərəfindən düşünülmüş siyasət olmuşdur, belə ki, anasına məxsus külçə şəklində olan qızılları bacısı mənimsəmişdir. Həmin qızılların bacısı tərəfində qaytarılmasına nail olmaq üçün anasının verdiyi 15000 ABŞ dollarını bacısına qaytarmağa razı olduğunu bildirmişdir. Qeyd edilənlərə əsasən, tərəflər arasında yazılı borc müqaviləsinin mövcud olmadığını da nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın əsassız varlanmaya dair MM-nin normalarına əsasən təmin edilə bilməsi üçün cavabdeh tərəfindən qəbul edilən 15000 ABŞ dolları məbləğində pulun məhz iddiaçıya məxsus olması sübut olunmalıdır və bununla bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin iş materiallarında 15000 ABŞ dolları pulun iddiaçıya məxsus olmasını təsdiq edən heç bir sübut aşkar olumamışdır. Əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflər arasındakı danışıqların səs yazısından müəyyən olunur ki, iddiaçı özə də cavabdeh tərəfindən qəbul edilmiş 15000 ABŞ dolları məbləğində pulun analarına məxsus olduğunu bildirmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş 04:14 dəqiqəlik səs yazısının 03:24-cü dəqiqəsində iddiaçı tərəfindən “ana sənə bu qədər ev verdi, bankdakı pulunu bağlatdırdı, gəldin 15000 dolları aldın, nə istəyirsən day anadan” sözləri ifadə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar