Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-70/2024 17.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “X6” ASC-nin Cavabdeh qarşı “krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə X4 arasında xx.xx.2019-cu il tarixdə 261micNAR/19-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Oqtay Qasımova 120 ay müddətinə, illik 32% olmaq şərtilə 150 000 manat məbləğinədək bank hesabı açılmışdır.
2. Həmin müqavilə çərçivəsində İddiaçı ilə X4 arasında xx.xx.2019-cu il tarixdə 261micNAR/19 nömrəli əlavə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən Oqtay Qasımova 48 ay müddətinə, illik 20% olmaq şərtilə 30 000 manat məbləğində kredit verilmişir. Ödəniş cədvəlinə əsasən aylıq ödəniş 913 manat müəyyən edilmişdir.
3. Həmçinin, iddiaçı ilə X4 arasında xx.xx.2019-cu il tarixli, 261micİNAR/19 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X3 məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,095 ha torpaq sahəsi (Bundan sonra – Torpaq sahəsi) müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq, qiyməti 54 000 manat olmaqla, ipoteka ilə yüklü edilmişdir. Torpaq sahəsi iddiaçının adına ipoteka ilə yüklü edilmiş və bu barədə xx.xx.2019-cü il tarixdə çıxarış verilmişdir.
4. İddiaçı ilə X4 arasında imzlanmış xx.xx.2019-cu il tarixli 264micNAR/19 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 29,04.2020-ci il tarixli sazişə əsasən, kreditdən istifadəyə görə faiz dərəcəsi saziş imzalandığı tarixdən 2 % azaldılaraq 18% müəyyən edilmişdir.
5. X4 xx.xx.2020-ci il tarixə ölmüşdür. Oqtay Qasımov öldükdən sonra Torpaq sahəsini onun vərəsəsi olan cavabdeh faktiki olaraq qəbul etmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
6. İddiaçı cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli 261micNAR/19- EM saylı əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 264micNAR/19 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 21.142,89 manat, faiz üzrə 1.285,68 manat, cəmi 22.428,57 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 157.29 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2019- cu il tarixli 261micNAR/19-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 264micNAR/19 saylı əlavə kredit müqaviləsi üzrə 22.428,57 manat borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 157.29 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Torpaq sahəsinin ilkin satış qiymətinin 54.000 manat məbləğində müəyyən edilməsi, Torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı sonradan iddia tələbinn həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, 261micNAR/19-EM saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 264micNAR/19 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 16 985,86 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 157.29 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən əlavə kredit müqaviləsi üzrə 16 985,86 manat borcunun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 157.29 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, Torpaq sahəsinin ilkin satış qiymətinin 54.000 manat məbləğində müəyyən edilməsi, Torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə borclu Qasımov Oqtay Вəndiş oğlu arasında 27,05,2019-cu il tarixli 261micNAR/19-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 264micNAR/19 saylı əlavə kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə, xx.xx.2023-cü il tarixədək, illik 20% ödəmək şərtilə, 30.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 261micİNAR/19 saylı ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan Torpaq sahəsi iddiaçıya ipotekaya qoyulmuşdur. xx.xx.2019-cu il tarixli 261micİNAR/19 nömrəli ipoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində xx.xx.2019-cu il tarixində, **********62 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daha sonra isə iddiaçı ilə borclu X4 arasında imzlanmış xx.xx.2019-cu il tarixli 264micNAR/19 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 29,04.2020-ci il tarixli sazişə əsasən, kreditdən istifadəyə görə faiz dərəcəsi saziş imzalandığı tarixdən 2% azaldılaraq 18% müəyyən edilmişdir. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq iddiaçıya ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclunun 264mic/NAR/19 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 16 985,86 manat təşkil edir. X4 xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ri il tarixdə vəfat etmişdir. Lakin vərəsəlik işi açılmadığından əmlaka faktiki sahiblik edən şəxs cavabdeh vəfat edən şəxsin 1-ci növbəli vərəsəsidir.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə və iddia tələbinin həcminin azaldılması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, tələb edilən borcun məbləğini ödəməyə maddi imkanı yoxdur.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
10. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
15. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
16. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
17. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
18. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.
19. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
21. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
22. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
27. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlaraını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
28. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Qasımov Oqtay arasında kredit müqaviləsi bağlanmış, borcluya 48 ay müddətinə illik 20% dərəcəsi ilə 30 000 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan Qasımov Oqtay xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh isə borc alanın arvadıdır, həmçinin ondan miras qalmış əmlakı faktiki qəbul etmiş, Torpaq sahəsinin ərazisində tikilən fərdi yaşayış evində yaşayır.
29. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarından da göründüyü kimi, mirasın qəbulunun 2 qaydası nəzərdə tutulmuşdur: birincisi qaydaya görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə iradəsini bildirməklə; ikinci qaydaya görə, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hər iki halda, həmçinin də vəsiyyət üzrə mirasın qəbulu o zaman baş vermiş sayılır ki, bu hərəkətlər vərəsələr tərəfindən həyata keçirilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda da hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
30. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pıenumunun 16 oktyabr 2020-ci il tarixli Plenum Qərarındalı hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mərhum əri Oqtay Qasımova məxsus olan torpaq sahəsini faktiki olaraq qərul etmiş, həmin torpaq sahəsinin üzrəində inşa edilmiş fərdi yaşayış evində hazırda da yaşamaqla, miras əmlakı həm faktiki qəbul etmiş, həm də faktiki olaraq idarə edir. Eyni zamanda, o da xüsusilə qeyd edilməlidir ki, Oqtay Qasımov öldükdən sonra cavabdeh kredit üzrə ödənişlər etmişdir.
32. Beləliklə, məhkəmə hesab edir ki, Oqtay Qasımov kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində arvadı olan cavabdeh Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, ölmüş ərinin vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
33. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
34. Məhkəmə, tələbin ipoteka qoyulmuş Torpaq sahəsinə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə əsaslıdır. Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən Mənzilə yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.
35. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan Torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində Torpaq sahəsinin boşaldılması hissəsində iddia təmin edilməlidir. Belə ki, Oqtay Qasımovun iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Torpaq sahəsinin boşaldılmasını tələb etməkdə də haqlıdır.
36. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Mənzilin likvid dəyərinin 54 000 manat məbləğində müəyyən olunmasına dair iddia tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Torpaq sahəsinin likvid dəyəri 65 500 manat, bazar qiyməti isə 62 000 manat təşkil edir.
37. Məhkəmə qeyd edilən sübutlara müqayisəli şəkildə qiymət verərkən ipoteka predmetinin likvid dəyərinin məhkəmə ekspertizasının rəyində göstərilən 62 000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi bağlanan zaman müəyyən edilən qiyməti ilə müqayisədə ötən zaman ərzində qiymət artımı nəzərə alınmaqla ağlabatandır.
38. Məhkəmə hesab edir ki, 157,29 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat iddiaçıya qaytarılmalı, 250 manat ekspertiza xərci iddianın təmin edilməsi nisbətində tərəflərə aid edilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 16 985,86 manat məbləğində əsas borc, həmçinin ödənilmiş 157,29 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pul Cavabdeh tutularaq “X6” ASCyə ödənilsin. Tələb Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,095 ha torpaq sahəsinə yönəldilsin. Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,095 ha torpaq sahəsinin likvid dəyəri 62 000 manat olmaqla açıq hərracdan satılsın və həmin torpaq sahəsinin satılmasından əldə edilən vəsaitdən, 16 985,86 manat pul, 157,29 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 manat məbləğində pul “X6” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatına görə hesablanmış 250 manat məbləğində pul vəsaitinin 60 manat hissəsi “X6” ASC-dən, 190 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı