Məhkəmə qərarları › İş №e-2(011)-701/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-701/2023

24.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-701/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat məbləğində verilmiş sığorta ödənişinin və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 06 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz S350” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 yanvar 2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan “BMW 330İX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerindən qaçmışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 200 manat məbləğində sığorta ödənişi verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: "xxxx" ASC-də 06 mart 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz S350” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 yanvar 2022-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan “BMW 330İX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerindən qaçmışdır. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 200 manat məbləğində sığorta ödənişi verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşə baxan məhkəmənin mövqeyi: "xxxx" ASC iddianın hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə, faktiki əsası kimi Cavabdeh sığorta hadisəsi zamanı hadisə yerindən yayınmasına istinad etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 22 yanvar 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati xəta törətmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirli bilinmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh sığorta hadisəsi zamanı hadisə yerindən yayındığına görə iddiaçının sonuncuya qarşı suboqrasiya hüququ yaranmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, 22 yanvar 2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “BMW 330İX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 200 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh törətdiyi nəqliyyat hadisəsindən sonra toqquşma yerindən yayındığından, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 200 manat məbləğində sığorta ödənişi tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30.40 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 200 (iki yüz) manat məbləğində sığorta ödənişi və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar