Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7021/2025 06.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3251,23 manat əsas borc, 1278,99 manat faiz borcu, 487,68 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 70,58 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 5088,48 manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3251,23 manat əsas borc, 1278,99 manat faiz borcu, 397,68 manat cərimə borcu, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70,58 manat dövlət rüsumu olmaqla ümumilikdə 4998,48 manat məbləğində pulun tutularaq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti 5000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin 3.1.1-ci bəndinə əsasən “borcalan” müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə əsas borcu 3251.23 manat, faiz borcu 1278.99 manat, cərimə borcu 487.68 manat olmaqla, ümumi borcu 5017.90 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Tərəflərin mövqeləri: İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh xx.xx.2025-ci il tarixdə 90 manat məbləğində ödəniş etmiş, həmin borc isə cavabdehin cərimə borcuna görə silinmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən kredit borcu ilə razıdır. Lakin hal-hazırda borcu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Qısa müddət sonra borcu ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarındandan görünür ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə imzalanmış 394-ABC-0191-23 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay, faiz dərəcəsi 28% müəyyən edilmiş və 5000 manat məbləğində kredit verilmişdir. Ödəniş planına əsasən kredit razılaşması üzrə Cavabdeh tərəfindən aylıq ödənilməli məbləğ 274 (sonuncu ay üzrə 289,16 manat) manat təşkil edir. xx.xx.2023 – xx.xx.2024-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2024cü il tarixdə 90 manat, xx.xx.2024-cü il tarixdə 300 manat məbləğində ödəniş edilmişdir. BOKT "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit razılaşması üzrə əsas borcu 3251,23 manat, faiz borcu 1278,99 manat, cərimə borcu 487,68 manat olmaqla, cəmi borcu 5017,90 manat təşkil edir. xx.xx.2023 – xx.xx.2025-ci il tarix aralığını əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2025ci il tarixdə 90 manat məbləğində ödəniş edilmişdir. BOKT "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit razılaşması üzrə əsas borcu 3251,23 manat, faiz borcu 1278,99 manat, cərimə borcu 397,68 manat olmaqla, cəmi borcu 4927,90 manat təşkil edir. İddiaçı BOKT "xxxx" QSC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixinə 3251,23 manat əsas, 836,47 manat faiz, 453,39 manat cərimə borcu olmaqla, cəmi 4541,09 manat borcu yarandığı bildirilmiş, banka olan bütün borc məbləğinin xx.xx.2025-ci il tarixədək ödənilməsi təklif edilmiş, əks təqdirdə ümumi kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Sözügedən bildiriş Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İşin müəyyən edilən halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28% olmaq şərtilə, 5000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə hər ay 274 manat ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. İddiaçı cavabdehə pretenziya məktubu ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən banka kredit borcu üzrə ümumilikdə 390 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiya) Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirmklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmişdir. Lakin cavabedeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borc hissəsində əsaslı olsa da, faiz və cərimə borcunun miqdarına münasibətdə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarından da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa, müqavilənin ləğv edilməsi ilə tərəflərin yalnız həmin müqavilənin ləğv edilməsinədək yaranmış öhdəliklərin icrasını, yaxud müqavilə öhdəliyinin icrasının pozulmasından irəli gələn zərəri, o cümlədən əldən çıxmış faydanı tələb etmək hüququ tanınmalıdır. Həmin qərarla formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi üçün məhkəmədən kənar qaydada birtərəfli iradə ifadəsini göstərmişdir. Həmin bildiriş xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən qəbul edildiyindən, müqavilə xx.xx.2025-ci il tarixində birtərəfli qaydada ləğv edilmiş hesab edilməlidir. Bundan sonra iddiaçının yalnız həmin tarixədək yaranmış olan öhdəliklərin icrasını cavandehdən tələb etmək hüququ tanınmalıdır. Müqavilənin birtərəfli qaydada ləğv olunması barədə iradə ifadəsini göstərən sözügedən bildirişdə cavabdehin xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə 3251,23 manat əsas, 836,47 manat faiz borcu və 453,39 manat cərimə borcu olduğu qeyd edilmiş və həmin borcun ödənilməsi cavabdehən tələb edilmişdir. Lakin iddiaçı BOKT "xxxx" QSC dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3251,23 manat əsas borc, 1278,99 manat faiz borcu və 397,68 manat cərimə borcunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli bildirişdə məhkəməyə müraciət edilən tarixədək faizlərin hesablanacağı cavabdehə bildirilsə də, bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2025ci il tarixdə iradə ifadəsinin bildirilməsi ilə artıq müqavilə ləğv edildiyindən, həmin tarixdən sonrakı dövr üçün iddiaçının müqavilə üzrə faiz hesablamaq hüququ olmamışdır. Həmçinin iş materiallarında olan müxtəlif dövrləri əhatə edən hesabdan çıxarış məlumatları əsasında müəyyən olunur ki, xx.xx.2025-ci il tarixində müqavilə ləğv edildikdən sonra iddiaçı tərəfindən iddia ərizəsi ilə həm məhkəməyə müraciət edilənədək, həm də müraciət edildikdən sonra Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişər edilmişdir. Belə ki, hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində edilmiş 300 manat məbləğində ödənişdən 180 manat məbləği faiz borcuna, 120 manat məbləği isə cərimə borcuna çıxılmışdır. xx.xx.2025-ci il tarixində də 90 manat məbləğində ödəniş edilmiş, həmin məbləğ cərimə borcuna çıxılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilənin ləğvindən sonra edilmiş bu ödənişlər müqavilənin ləğvi tarixinə olan borcdan çıxılmalıdır. Lakin iddiaçı tərəf isə məhkəməyə müraciət edənə qədər faiz və cərimə borcu hesabladığından, həmin məbləğləri xx.xx.2025-ci il tarixinə olan borcdan yox, sonrakı hesablanan borcdan çıxmışdır. Halbuki, ödənişlər olmasa idi iddiaçı cavabdehən kedit müqaviləsi üzrə ən çoxu 836,47 manat faiz borcu tələb edə bilərdi. Ona görə də, xx.xx.2025-ci il tarixindən sonra edilmiş ödənişlərdən faiz borcuna silinmələr mövcud 836,47 manat faiz borcundan azaldılmalı idi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2025ci il tarixindən sonra edilmiş ümumilikdə 390 manat ödənişdən faiz borcuna silinmiş 180 manat məbləğində pul müqavilənin ləğvi tarixinə olan 836,47 manat faiz borcundan çıxılmalıdır. Belə olan təqdirdə cavabdehin iddiaçıya mövcud olan faiz borcunun məbləği 656,47 manat (836,47 manat (faiz borc) – 180 (faizə silinmiş ödəniş) = 656,47) təşkil edəcəkdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində də 90 manat ödəniş edilsə də, həmin ödəniş müqavilənin ləğv edilməsinədək edildiyindən, yuxarıda göstərilən qayda həmin ödənişə şamil edilməməlidir. Məhkəmə həmçinin, iddianın 487,68 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, həm əsas borc və cərimə borcunun nisbəti, həm də cavabdehin ödənişlərin cəriməyə silinmiş məbləğlər nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq xx.xx.2023-cü il tarixli 394- ABC-0191-23 nömrəli kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alındıqdan sonra, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit müqaviləsinə əsasən 3251,23 manat məbləğində əsas borc, 656,47 manat faiz borcu, 100 manat cərrimə borcu Cavabdeh tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, cavabdehdən tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 60,07 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 394-ABC-0191-23 nömrəli kredit razılaşmasına əsasən 3251,23 manat əsas borc, 656,47 manat faiz borcu, 100 manat cərimə borcu və 60,07 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4067,77 manat (dörd min altmış yeddi manat yetmiş yeddi qəpik) məbləğində pul Cavabdeh tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10,51 manat (on manat əlli bir qəpik) hissəsi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-7021/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7021/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver