Məhkəmə qərarları › İş №e-2(011)-7043/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7043/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7043/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2015-ci il tarixli, 1xx/xx/136329/15/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1.627,81 ABŞ dolları əsas borcun, 1.175,45 ABŞ dolları məbləğində faiz borcunun, 1.161,04 ABŞ dolları məbləğində cərimə borcunun, 485.76 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun, ümumilikdə isə 4.450,06 ABŞ dolları pulun və ödənilmiş 95.67 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan QSC "xxxx" KB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 09 dekabr 2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/136329/15/1 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərtilə 12 ay müddətinə 1.627,81 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka borcu qalmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və yazılı bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. O, izahatında iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Cavabdeh 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən 12 ay müddətinə illik 26% ödəmək şərti ilə 1.627,81 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin dəlilinə qiymət verərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi bildirmişdir ki, onlar məhkəməyə ilk dəfə 09 dekabr 2019-cu il tarixdə müraciət etmişlər. Kredit müqaviləsi üzrə borc məbləği Fərmanın təsiri altına düşdüyündən iddia ərizəsi geri qaytarılmışdır. Daha sonra onlar yenidən eyni tələblə məhkəməyə müraciət etmişlər. İddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də cavabdehin ərizəsi əsassızdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh arasında 09 dekabr 2015-ci il tarixində bağlanmış müqavilə 12 ay müddətinə bağlanmış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti 09 dekabr 2016-cı il il tarixdə bitmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı ilk dəfə məhkəməyə 2019-cu il tarixdə müraciət etmişdir, ona görə də məhkəmə 2(011)-9667/2019 saylı mülki işin materiallarına istinad etməyi zəruri hesab edir. İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini məhkəməyə 09 dekabr 2019-cu il tarixdə verdiklərini bildirsə də, məhkəmə 2(011)-9667/2019 saylı mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia ərizəsi ilk dəfə elektron məhkəmə informasiya sistemində yerləşən elektron kabinetə 13 dekabr 2019-cu il tarixdə daxil edilmişdir. Həmin kredit müqaviləsi üzrə borc məbləği Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşdüyündən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(011)-9667/2019 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsinə dair iddia ərizəsi geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.(373.2-ci, 377.2-ci maddələr) Həmin Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ləğv prosesində olan QSC "xxxx" KB ilə Cavabdeh arasında olan 09 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə icra müddəti 09 dekabr 2016-cı il tarixdə bitərək iddia müddətinin axımı başladığından, iddia müddəti 09 dekabr 2019-cu il tarixdə bitmişdir. Hazırkı iddia tələbi ilə bağlı ilk dəfə iddia ərizəsi isə məhkəməyə 13 dekabr 2019-cu il tarixdə daxil olmuş, bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Odur ki, iddia ərizəsi ilk dəfə məhkəməyə iddia müddəti ötürülməklə verildiyindən hazırkı iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsinə baxmayaraq iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş müqavilə tələbləri üzrə iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsinə görə iddia rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsi üçün ödənilmiş 95.67 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 95.67 (doxsan beş manat altmış yeddi qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar