Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7044/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Vəlı̇ yev Məhəbbət Yaşar oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Vəlı̇ yev Məhəbbət Yaşar oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Vəliyev Yaşar Vəkil oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 234 BFKK nömrəli “Kredit xətti üzrə kredit kartının açılması haqqında müqavilə”yə əsasən kredit alanın vərəsəsi Cavabdeh 453,92 (dörd yüz əlli üç manat doxsan qəpik) manat əsas, 35,16 (otuz beş manat on altı qəpik) manat faiz, 250,54 (iki yüz əlli manat əlli dörd qəpik) manat cərimə, 233,82 (iki yüz otuz üç manat səksən iki qəpik) manat Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 973,44 (doqquz yüz yetmiş üç manat qırx dörd qəpik) manat kredit borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Vəliyev Yaşar Vəkil oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 234 BFKK nömrəli “Kredit xətti üzrə kredit kartının açılması haqqında müqavilə”yə əsasən, Vəliyev Yaşar Vəkil oğluna 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz hesablanmaqla 500 (beş yüz) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, kredit verən kredit alana kredit xətti açmağı və kredit xətti üzrə ayrılmış pul vəsaiti ilə əməliyyatlar aparmaq üçün kredit kartı verməyi, kredit alan isə kredit xətti üzrə verilmiş krediti qəbul edib ondan müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə istifadə etməyi, krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit alan tərəfindən kredit xətti üzrə ayrılmış vəsait tam şəkildə istifadə olunsa da, kredit borcunun ödənilməsi həyata keçirilməmişdir. Nəticədə borclu barəsində məhkəmədə iddia qaldırılması üçün zəruri tədbirlər görülmüşdür. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən çıxarışdan görünür ki, Vəliyev Yaşar Vəkil oğlu xx.xx.2014-cü il tarixində vəfat etmiş və onun adına Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə sorğu verilmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-58583/2025 nömrəli cavab məktubunun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş Vəliyev Yaşar Vəkil oğlunun adına Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmış və mərhumdan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15 “V”, mənzil 32 və ünvan 1 ünvanında yerləşən 174 kv.m. torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2014-cü il tarixli 2V-78 və 2V-79 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan əsasla yuxarıda adı qeyd olunan vərəsə Cavabdeh iş üzrə Vəliyev Yaşar Vəkil oğlunun Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısındakı kredit öhdəlikləri üçün cavabdehlik daşıyır. Odur ki, iddiaçı mövcud kredit borcunu kredit alanın vərəsəsindən tələb etməkdə haqlıdır. Cavabdeh Vəlı̇ yev Məhəbbət Yaşar oğlu ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin mövqeləri: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirakı zamanı iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2014-cü ildə atası vəfat edəndən sonra banka məlumat verilmiş, həmin vaxtdan hazırkı iddia verilən vaxtadək bank tərəfindən həmin borcla bağlı onlara qarşı hər hansı tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Vəliyev Yaşar Vəkil oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 234 BFKK nömrəli “Kredit xətti üzrə kredit kartının açılması haqqında müqavilə”yə əsasən, Vəliyev Yaşar Vəkil oğluna 12 (on iki) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz hesablanmaqla 500 (beş yüz) manat məbləğində kredit xətti açılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən çıxarışdan görünür ki, Vəliyev Yaşar Vəkil oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmiş və onun adına Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx.xx.2025ci il tarixli 3-16-5/2-58583/2025 nömrəli cavab məktubunun surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş Vəliyev Yaşar Vəkil oğlunun adına Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmış, miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ev 15 “V”, mənzil 32 və ünvan 1 ünvanında yerləşən 174 kv.m. torpaq sahəsinə dair mərhumun oğlu Cavabdeh adına xx.xx.2014-cü il tarixli 2V-78 və 2V-79 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Vəliyev Yaşar Vəkil oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 234 BFKK nömrəli “Kredit xətti üzrə kredit kartının açılması haqqında müqavilə”si üzrə 453,92 (dörd yüz əlli üç manat doxsan qəpik) manat əsas, 35,16 (otuz beş manat on altı qəpik) manat faiz, 250,54 (iki yüz əlli manat əlli dörd qəpik) manat cərimə, 233,82 (iki yüz otuz üç manat səksən iki qəpik) manat Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 973,44 (doqquz yüz yetmiş üç manat qırx dörd qəpik) manat kredit borcu mövcuddur. İddiaçı tərəfindən cavabdeh Vəlı̇ yev Məhəbbət Yaşar oğluna xx.xx.2025-ci il tarixdə ünvanlanmış bildirişdə xx.xx.2013-cü il tarixli 234 BFKK nömrəli “Kredit xətti üzrə kredit kartının açılması haqqında müqavilə”yə əsasən kredit alanın vərəsəsi kimi Cavabdeh 453,92 (dörd yüz əlli üç manat doxsan qəpik) manat əsas, 35,16 (otuz beş manat on altı qəpik) manat faiz, 250,54 (iki yüz əlli manat əlli dörd qəpik) manat cərimə, 233,82 (iki yüz otuz üç manat səksən iki qəpik) manat Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 973,44 (doqquz yüz yetmiş üç manat qırx dörd qəpik) manat kredit borcun olduğu bildirilmiş, banka olan borc məbləğinin tam olaraq 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Vəliyev Yaşar Vəkil oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli 234 BFKK nömrəli “Kredit xətti üzrə kredit kartının açılması haqqında müqavilə”yə əsasən xx.xx.2014-cü il tarixiə əsas borc 453,92 (dörd yüz əlli üç manat 92 qəpik) manat əsas, faiz borcu 0 (sıfır) manat təşkil etmişdir. İşin müəyyən edilən halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Vəliyev Yaşar Vəkil oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, Vəliyev Yaşar Vəkil oğluna 12 ay müddətinə illik 28 faiz hesablanmaqla 500 manat məbləğində kredit xətti açılmışdır. Kredit xəttinin 453,92 manat hissəsi istifadə olunmuşdur. Kredit alan Vəliyev Yaşar Vəkil oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri 35 saylı notariat ofisində vərəsəlik işi açılmış, miras qalmış əmlaklar üzrə mərhumun oğlu Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Hazırda iddiaçı xx.xx.2013-cü il tarixli müqavilə üzrə yaranmış kredit borcunun kredit alananın vərəsəsi Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Vəliyev Yaşar Vəkil oğlu arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsinə əsasən kredit alanın 453,92 manat kredit borcu yaranmışdır. Kredit alan Vəliyev Yaşar Vəkil oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmiş, xx.xx.2014-cü il tarixdə onun oğlu Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə verilmiş anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir. İş materiallarında olan hesabdan çıxarışda göründüyü kimi kredit alan kredit xəttindən xx.xx.2014-cü ildə 453,92 manat həcmində istifadə etmişdir. Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit sazişinin müddəti 12 ay, yəni xx.xx.2014-cü il tarixinədək müəyyən edilmişdir. Bu halda, iddiaçı müqavilənin icra müddəti başa çatdıqdan sonra 3 il müddətinə, yəni kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixədək iddia ərizəsi ilə məhhəməyə müraciət etməli idi. Lakin iddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh xx.xx.2014-cü il tarixində Vəliyev Yaşar Vəkil oğlunun vərəsəsi müəyyən olunduğu üçün iddia müddətini axımı dayanmamış və davam etmişdir. Bu səbəbdən sözügedən kedit müqaviləsi üzrə iddia müddətinin axımı davam edərək xx.xx.2017-ci il tarixədə iddia müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərci olaraq ödənilmiş dövlət üsumu iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Vəlı̇ yev Məhəbbət Yaşar oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-7044/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7044/2025
04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver