Məhkəmə qərarları › İş №e-2(011)-7077/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7077/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7077/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 28 yanvar 2022-ci il tarixli MBA-114-0046-22 saylı Kredit müqaviləsinin ləğv edilməsi, 515,23 (beş yüz on beş manat iyirmi üç qəpik) AZN əsas kredit borcu, 31,30 (otuz bir manat otuz qəpik) AZN cərimə borcu olmaqla, cəmi 546,23 (beş yüz qırx altı manat iyirmi üç qəpik) AZN, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 28 yanvar 2022-ci il tarixli MBA-114-0046-22 saylı Kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, 630 (altı yüz otuz) AZN məbləğində kredit verilmişdir, kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 05 oktyabr 2022-ci il tarixinə 515,23 AZN əsas kredit borcu, 31,30 AZN cərimə borcu olmaqla, cəmi 546,23 AZN borcu qalmaqdadır, cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq,cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh ilə BOKT "xxxx" QSC Babək filialı arasında bağlanmış 28 yanvar 2022-ci il tarixli MBA-114-0046-22 saylı kredit müqaviləsinə əsasən, kreditverən borcalanın istifadəsinə 630 azn məbləğində krediti təqdim etməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və onu müəyyən edilmiş müddətdə və qaydada bu müqavilənin ayrılmaz tərtkib hissəsi elan edilən Ödəniş cədvəlinə əsasən kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü maddəsinə əsasən, borcalan gecikdirilmiş borc məbləğinə görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə BOKT "xxxx" QSC nümayəndəsi tərəfindən imzalanmış MBA-114-0046-22 saylı kredit müqaviləsi üzrə Cədvəldən görünür ki, kreditin tarixi xx.xx.2022-ci il, məbləğ 630 manat, faiz dərəcəsi 0%, ödəmə müddəti 18 aydır, gecikdirilən ödəniş məbləğinə hər gün 1% cərimə hesablanacağı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh BOKT "xxxx" QSC-yə olan kredit borcunun, faizlərin və penyanın xx.xx.2022-ci il tarixə hesablanması haqqında 02-10 №-li arayışın surətindən görünür ki, kreditin məbləği 630 manat, kreditin verilmə tarixi xx.xx.2022, faiz dərəcəsi 0%, cərimə faizi 1%, əsas kredit borcu 515,23 manat, faiz borcu 0, cərimə məbləği 31,30 manat, borc üzrə cəmi məbləğ 546,53 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan gecikdirilmiş borcunu 3 iş günü ərzində ödəməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir, bank xidmət haqqı 0,40 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 18 ay müddətinə - xx.xx.2023-cü il tarixinədək, 630 manat məbləğində kredit verilməsi, kreditin ödənilməsi gecikdirildiyi təqdirdə 1% cərimə ödənilməsi barədə tərəflər arasında 28 yanvar 2022-ci il tarixli MBA-114-0046-22 saylı kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, bank müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda onun iddiaçıya 515,23 manat əsas kredit borcu, 31,30 manat cərimə borcu olmaqla, cəmi 546,23 manat borcu qalmışdır, cavabdeh iddiaçı tərəfindən borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdar olunmuşdur. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehdən 515,23 manat əsas kredit borcu, 31,30 manat cərimə borcu olmaqla, cəmi 546,23 manat alınaraq BOKT "xxxx" QSC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Babək filialı və Cavabdeh arasında bağlanmış 28 yanvar 2022-ci il tarixli MBA-114-0046-22 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 28 yanvar 2022-ci il tarixli MBA-114-0046-22 saylı kredit müqaviləsinə əsasən 515,23 manat əsas kredit borcu, 31,30 manat cərimə borcu olmaqla, cəmi 546 (beş yüz qırx altı) manat 23 (iyirmi üç) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar