Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7080/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra – iddiaçı) nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra – cavabeh), onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçının cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və ipoteka predmetinə yönəldilməsi” barədə ilkin, cavabdehin iddiaçıya qarşı “kredit borcuun silinməsi barədə” qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ASC (bundan sonra - Bank) ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixli 032 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Bank tərəfindən cavabdehə 180 ay müddəniə, illik 15% ödənilmək şərtilə və Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhələ, 2-ci yaşayış binasının B blokunda 58 nömrəli mənzilin (bundan sonra – Mənzil) alınması məqsədi ilə, habelə təminatlılıq əsasında 141550 manat məbləğində kredit vermişdir. Kreditin aylıq ödənişi 1981,12 manat müəyyən edilmişdir.
2. Eyni zamanda, Bankla cavabdeh arasında arasında xx.xx.2008-ci il tarixıi, 032/1 saylı ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehin Bankdan aldığı 141550 manat məbləğində kreditin təminatı olaraq Mənzili ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində Mənzilin ümumi dəyəri tərəflər arasındakı razılaşmaya əsasən 141550 manat müəyyən edilmişdir.
3. Bundan başqa, Bank cavabdeh tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə 141550 manat kredit öhdəliklərinin tam yerinə yetirilməsi və həmin müqavilə üzrə onun Banka borcunun olmaması barədə xx.xx.2014-cü il tarixli, "xxxx" MTK tərəfindən isə xx.xx.2008-ci il tarixli müqavilə üzrə Mənzilin dəyərinin cavabdeh tərəfindən tam ödənilməsi barədə xx.xx.2014-cü il tarixli, 06/76 saylı Arayışlar verilmişdir.
4. Cavabdehin Mənzilə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmaqla, bu barədə ona ******* nömrəli Çıxarış verilmişdir.
İlkin və qarşılıqlı iddia ərizələrinin və ona etirazlrın dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri
5. İddiaçı kredit müqaviləsi üzrə 39064,28 manat əsas, 97706,74 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 635,31 manat olmaqla, cəmi 137406,33 manat kredit borcunun, ödənilmiş 428 manat dövlət rüsumunun cavabdehdən Bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Mənzilə yönəldilməsi, Mənziləin ilkin satış qiymətinin müəyyən olunmaqla, hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun tam bağlanması üçün kifayət etmədikdə, qalan borcun cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 141550 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış 108/R saylı müqavilə əsasında cavabdeh məxsus olan Mənzili Bankda ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və cavabdeh arasında xx.xx.2008-ci il tarixli, 032/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş, cəmi 137406.33 manat məbləğində borcu mövcuddur.
b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri
7. Cavabdeh xx.xx.2008-ci il tarixli, 032 saylı kredit müqaviləsi üzrə 39064,28 manat əsas, 97706,74 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 635,31 manat olmaqla, cəmi 137406,33 manat kredit borcunun silinməsi, 428 manat dövlət rüsumunun Bankdan tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, ilkin iddia tələbinin predmeti olan kredit müqaviləsi üzrə onun tərəfindən götürdüyü kredit öhdəliklərini tam yerinə yetirmiş və həmin müqavilə üzrə artıq xx.xx.2014-cü il tarixə onun banka heç bir borcu olmamış, həmin müqavilənin predmeti olan Mənzilin dəyəri xx.xx.2014-cü il tarixə tam ödənilmiş və bunların əsasında ipatekaya qoyulmuş mənzil girovdan çıxarılmış, adına Dövlət qeydiyyatına alınmaqla, onun mülkiyyətinə verilmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin Banka borcunun olmaması barədə verilmiş arayışdan məlumatları yoxdur.
10. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini xahiş etdi.
11. Cavabdeh məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
15. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
16. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
18. Maddə 48.1.2. əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir.
26. Məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia tələbi bir-biri ilə əlaqəli olduğundan iddia tələblərinə ayrı-ayrılıqda deyil, birlikdə hüquqi qiymət verilməsi məqsədə uyğundur.
27. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla cavabdeh arasında xx.xx.2008-ci il tarixdə təminatlı Kredit müqaviləsi bağlanmış, kredit müqaviləsində göstərilən şərtlərlə pul vəsaiti cavabdehə verilmişdir.
28. İddiaçı cavbdehin kredit müqaviləsi üzrə borcunu ödəməməsini iddia edir və bu dəlilini təsdiq edən sübut kimi xx.xx.2023-cü il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Sözügedən arayışda cavabdehin xx.xx.2023-cü il tarixə 39064,28 manat əsas, 97706,74 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 635,31 manat olmaqla, cəmi 137406,33 manat məbləğində borcunun olması qeyd edilmişdir.
29. Cavabdeh isə kredit müqaviləsi üzrə borcunun olmamasını, onu tam ödədiyini iddia edir və bu dəlilini təsdiq edəcək Bank tərəfindən xx.xx.2014-cü il tarixdə ona verilmiş 11/h612 nömrəli arayışı məhkəməyə təqdim etmişdir. Həmin arayışda xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin Bankdan götürdüyü 141 550 manat məbləğində kredit öhdəliklərini tam yerinə yetirdiyi və həmin müqavilə üzrə Banka heç bir borcunun olmaması qeyd edilmişdir. Eyni zamanda, "xxxx" MTK da Cavabdehin Mənzilə olan borcunun tam ödənilməsi barədə xx.xx.2008-ci il tarixli Arayış verilmişdir.
30. Digər bir tərəfdən, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumtatlarına əsasən müəyyən olunur ki, cavabdehin son qalıq borcu kimi 0,58 manat qalması qeyd olunmuşdur. Həmçinin, hesabdan çıxarış məlumatlarından görünür ki, ki, iddiaçı sonuncu dəfə xx.xx.2015-ci il tarixdə ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, sonuncu ödəniş tarixindən sonra keçən uzun müddət ərzində nə Bank, nə də iddiaçı cavabdehə qarşı borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər.
31. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsində öhdəliyin icra edilməməsi dedikdə o başa düşülür ki, öhdəlik pozulmuş olsun, yəni öhdəlik ümumiyyətlə icra edilməmiş olsun və ya lazımınca icra edilməsin, yəni vaxtında icra edilməsin, qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmiş olsun. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən öhdəliynin tam icra olunaraq başa çatması müəyyən edildi. Öhdəliyin lazımınca icra edilməsi isə öhdəliyə xitamına səbəb olan hüquqi nəticədir.
32. Cavabdeh öhdəliyini tam icra etməsini bu barədə xx.xx.2014-cü tarixdə Bankın ona verdiyi arayışla sübuta yetirir. Mülki Məcəllənin 529.1-ci maddəsi də borclunun öz öhdəliyini tam, yaxud hissə-hissə icra etməsinin təsdiqi kimi kreditordan bu barədə sənəd alması qaydasında müəyyən etmişdir. Öhdəliyin icrasını qəbul etməyən kreditor isə öhdəliyi hansı səbəbdən qəbul etmədiyini öz sübuta yetirməlidir (MM-nin 529.2-ci maddəsi).
33. Məhkəmə qeyd edir ki, bu halda, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun ödənilməməsi faktı ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşmüş olur, lakin iddiaçı qeyd edilən halı təsdiq edəcək heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, arayışın cavabdehə kimin tərəfindən verilməsi barədə məlumatı olmadığını bildirmişdir.
34. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin Bank, eləcə də iddiaçı qarşısında heç bir öhdəliyi mövcud olmadığından, qalıq borcun ödənilməsi barədə ilkin iddia ərizəsi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə borcun silinməsi hissəsində təmin edilməlidir.
35. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də təmin edilməməlidir. Belə ki, Mənzil üzərində ipoteka yüklülüyünə əsas olmuş öhdəlik mövcud olmadığı üçün və kredit müqaviləsi üzrə borcun ödənilməsi cavabdeh tərəfindən tam təmin olunduğundan qeyd edilən hissədə iddia tələbi təmin edilə bilməz. Qanunvercilikdə də ipotekaya xitam vermənin əsaslarından biri kimi, öhdəliyin tam icra olunması göstərilmişdir. Həmçinin də, Mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla cavabdehə bu barədə Dövlət reyestrindən Çıxarış da verilmişdir.
36. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən ona görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödnilmiş dövlət rüsumu isə iddiaçıdan alınıb cavabdehə verilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il tarixli, 032 saylı kredit müqaviləsi üzrə 39064,28 manat əsas, 97706,74 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 635,31 manat olmaqla, cəmi 137406,33 manat kredit borcu silinsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 428 manat dövlət rüsumu Ləğv prossesində olan İddiaçı ASC-dən tutularaq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı