Məhkəmə qərarları › İş №e-2(011)-7103/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7103/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7103/2023 05.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı ASC ilə bağlanmış 012CASA200410001 saylı, 10 fevral 2020-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 20 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 25.000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir.

2. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 012FİZAM80209201 saylı 10 fevral 2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən, o kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir.

3. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2023-ci il tarixə İddiaçı ASC-yə 9212.32 manat əsas kredit borcu, 807.31 manat kreditdən istifadəyə görə faiz borcu, 0.00 manat penya, cəmi 10019 .63 manat borcu qalmaqdadır.

İddiaçının tələbi:

4. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-yə 9212.32 manat əsas kredit borcu, 807.31 manat kreditdən istifadəyə görə faiz borcu, 0.00 manat penya, cəmi 10019.63 manatın, həmçinin 120.06 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, İddiaçı ASC tərəfindən cavabdelər Cavabdeh2 və Cavabdeh1 qarşı “Kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət olunmuşdur. Hal-hazırda iddia tələbi azaldılaraq, cavabdelər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçıSCnin xeyrinə 2636.37 manat əsas kredit borcu, 51.07 manat faiz borcu, 8.92 manat penya, cəmi 2696.36 manat, həmçinin 120.06 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxararılması xahiş olunmuşdur. İddia tələbinin qalan hissələrində dəyişiklik olmamışdır.

Cavabdehin şəxsin etirazı:

6. Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, cavabdelər Cavabdeh2 və Cavabdeh1dan İddiaçı ASC-nin xeyrinə 10019.63 manat borcun və 120.06 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Sonrakı dövrdə cavadeh borc məbləğinin bir qismini ödənilmiş və onlar tərəfindən məhkəməyə iddia tələbinin azaldılması ilə bağlı ərizə verilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir.

8. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. xx.xx.2020-ci il tarixli, 012CASA200410001 saylı güzəştli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə illik 20% dərəcəsi ödəmək şərti ilə 25000 manat məbləğində kredit verilmiş, borcalan isə müqaviləyə əsasən krediti qəbul edib, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür;

10. xx.xx.2020-ci il tarixli, 012FİZAM80209201 saylı Zaminlik müqaviləsinə əsasən, icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu Kreditor və Borclu Cavabdeh2 arasında bağlanmış məbləği 25000 manat, illik faiz dərəcəsi 20, müddəti xx.xx.2024-cü il tarixinədək olan 012CASA200410001 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ilə müəyyən olunur. Bu müqavilə zaminin kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir;

11. Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 012FİZAM80209201 saylı kredit müqaviləsinə əlavə olan, Ödəniş cədvəlinə əsasən kreditin aylıq ödənişi 762.99 manatdır;

12. xx.xx.2023-cü il tarixli İddiaçıSC tərəfindən verilmiş, hesab üzrə çıxarışa əsasən, kredit üzrə son əməliyyat xx.xx.2023-cü il tarixində olmuşdur;

13. xx.xx.2023-cü il tarixli kredit borcunun faizlərini və peniyanın hesablanması haqqında arayışına əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9212.32 manat əsas borcu, 807.31 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumi borcu 10019.63 manat məbləğindədir;

14. xx.xx.2023-cü il tarixli, 573 saylı pretenziya məktubuna əsasən, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Banka olan borcun məbləği, əsas borc üzrə 9212.32 manat, faizlər üzrə 720.93 manat, cərimə üzrə 0 manat olmaqla, cəmi 9933.25 manat təşkil edir. 3 gün müddətində göstərilən məbləğdə borcun Banka ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir;

15. xx.xx.2023-cü il tarixli kredit borcunun faizlərini və peniyanın hesablanması haqqında arayışına əsasən, Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2636.37 manat əsas borcu, 51.07 manat faiz borcu, əsas borc üzrə 7.11 manat cərimə borcu, faiz borcu üzrə 1.81 manat cərimə borcu olmaqla, ümumi borcu 2696.36 manat məbləğindədir;

16. xx.xx.2023-cü il tarixli İddiaçı ASC tərəfindən verilmiş, hesab üzrə çıxarışa əsasən, kredit üzrə son əməliyyat xx.xx.2023-cü il tarixində olmuşdur.

17. İş materiallarına əlavə edilmiş digər sənədlər;

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

21. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc, yəni kredit müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2).

22. Həmçinin digər Cavabdeh1 zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürməsi müəyyən olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Eyni zamanda əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2). İş materiallarında olan xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən zamin həm borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, həm də faizlərə və digər xərclərə görə borc olanla birgə tam məsuliyyət daşıyır.

23. Məhkəmə qeyd edir ki, təqdim edilən sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

24. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 2636.37 manat əsas kredit borcu, 51.07 manat faiz borcu, 8.92 manat cərimə, cəmi 2696.36 manat pul məbləği İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120.06 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2636.37 manat əsas kredit borcu, 51.07 manat faiz borcu, 8.92 manat cərimə borcu olmaqla, cəmi 2696.36 (iki min altı yüz doxsan altı manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş 120.06 (yüz iyirmi manat altı qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin.

4. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar