Məhkəmə qərarları › İş №e-2(011)-7137/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7137/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7137/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 yanvar 2021-ci il tarixli, HAK5917434 saylı borc müqaviləsinə əsasən 1.044 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1.277 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 18 yanvar 2021-ci il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1.044 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1.044 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 9.709 manat cərimə borcu yaranmışdır (1.044 manat x 930 gün x 1%=9.709 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 18 yanvar 2021-ci il tarixli, HAK5917434 saylı borc müqaviləsinə əsasən 1.044 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1.277 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: Tərəflər arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli, HAK5917434 saylı müqaviləyə əsasən cavabdeh ümumi dəyəri 1.044 manat olan məişət avadanlığını əldə etmiş, ilkin olaraq 129 manat ödəniş etmiş, qalan 1.044 manatı 12 ay müddətinə hər ay 87 manat olmaqla, hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, tam və vaxtında ödəniş etməmişdir. Onun iddiaçıya borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 18 yanvar 2021-ci il tarixli, HAK5917434 saylı müqavilə üzrə 01 iyul 2023-cü il tarixə 1.044 borcu vardır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr borc müqaviləsi kimi tərtib edilsə də, iş materialları ilə müəyyən edilir ki, hazırkı müqavilə nisyə alğı-satqı müqaviləsidir. Odur ki, məhkəmə hazırkı mübahisəyə Mülki Məcəllənin alğı-satqı müqaviləsini tənzimləyən normalar çərçivəsində qiymət verilməsini zəruri hesab edir. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyanın dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə iddia ərizəsinin müqavilələr üzrə faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrdə borclunun öz öhdəliklərini vaxtında icra etməməsinə görə qaytarılmayan məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə cərimə faizlərinin hesablanması qeyd edilmişdir. Lakin iddiaçı hazırda iddia ərizəsində 18 yanvar 2021-ci il tarixli, HAK5917434 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 200 manat cərimə borcu tələb etmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş maliyyə arayışı 01 iyul 2023-cü il tarixinə hesablanmış borcu nəzərdə tutmuşdur. Odur ki, həmin vaxtdan sonra müqavilə üzrə cərimənin hesablanması ağlabatandır. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 200 manat cərimənin 100 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 33 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 18 yanvar 2021-ci il tarixli, HAK5917434 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1.044 (bir min qırx dörd) manat əsas, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 1.144 (bir min yüz qırx dörd) manat pul vəsaiti və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar