Məhkəmə qərarları › İş №e-2(011)-7175/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7175/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7175/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı Ləğv prosessində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. "xxxx" KB QSC ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 1xx/xx/25734/12 kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 25% olmaqla, 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

2. İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110278/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 891.55 manat əsas borc, 893.37 manat cərimə, 355.80 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 2140.72 manat məbləğində pulun, 41.41 manat dövlət rüsumunun ləğv prosesində olan "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bank ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli 1xx/xx/25734/12 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 891.55 manat məbləğində əsas borc, 893.37 manat məbləğində cərimə borcu, 355.80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2140.72 manat məbləğində borcu qalmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

4. Cavabdeh iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddiaçının ona qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

5. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

6. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

7. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

8. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

9. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

10. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

11. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

15. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

16. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

17. İddiaçı hazırda Bankla cavabdeh arasında bağlanılmış kredit müqaviləsi əsasında cavabdehdən kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edir.

18. İşin mübahisəsiz halıdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 1xx/xx/25734/12 kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 25% olmaqla, 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək öhdəliyini icra etməmişdir.

19. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Qanunvericilikdə verilmiş anlayışa əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyən edilən müddətdir. Hüququ pozulmuş tərəf həmin müddət çərçivəsində hüququnu müdafiə etmək üçün iddia qaldırmırsa, iddia tələbi əsaslı olsa da belə, qarşı tərəfin bu barədə verdiyi ərizə əsasında, onun iddiasının təmin edilmə imkanı aradan qalxmış olur və bu hal məhkəmə tərəfindən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə nəticələncəkdir.

20. İş materiallarında olan hesabdan çıxarışa əsasən cavabdeh kredit müqaviləsi üzrə ödənişi sonuncu dəfə xx.xx.2013-cü il tarixdə etmişdir. Bank ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış kredit sazişinin müddəti 24 ay, yəni xx.xx.2014-cü il tarixdək müəyyən edilmişdir. Bu halda, iddiaçı müqavilənin icra müddəti başa çatdıqdan sonra 3 il müddətinə, yəni kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixədək iddia ərizəsi ilə məhhəməyə müraciət etməli olduğu halda, xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

22. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia müddətini ötürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilə bilməz.

23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar