Məhkəmə qərarları › İş №e-2(011)-72/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-72/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-72/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının nümyəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Mülkiyyətində olan “CHEVROLET NEXİA MT MİNİK” markalı, 77-DT-65 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB188154 seriyalı, 2021-ci il buraxılışlı, Ban: №XWBTF69V9MA263052, ağ rəngli avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, Cavabdeh 25 dekabr 2022-ci ildə avtomobili nasaz halda ona geri qaytarmışdır. O həmin vaxt avtomobilin təmir olunması üçün “RS Avtoservis”-ə müraciət etmiş. Orada avtomobilə baxış keçirilərkən avtomobilin sağ və sol ön amortizatorları, sağ və sol arxa amortizatorları, sağ və sol saffaları, sağ alt çaşkası, sağ və sol ön stupitça poçemnikləri, supportun palesi, sağ və sol flyansları, ön əyləc diskləri, ön əyləclər, sağ və sol nakaneçlik, şamlar, babinlər, arxa sol stop, arxa oturacaq, alt setka və digər bir neçə detallarının yararsız vəziyyətdə olduğu, həmçinin avtomobildə plasmasçı və çilingər işinin görülməli olduğu müəyyən edilmişdir. “RS Avtoservis” tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 2010 (iki min on) manat tələb olunmuşdur. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də o həmin vaxt avtomobili “RS Avtoservis”-də 2010 (iki min on) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına 2010 (iki min on) manat zərər dəymişdir. Lakin Cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh 2010 (iki min on) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində xidmət haqqı, 42 (qırx iki) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2152 (ikimin yüzəlli iki) manat pul vəsaitinin tutulmasını xahiş etmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

6. xx.xx.2022-ci il tarixli akta əsasən xx.xx.2022 tarixdə saat 14:25 radələrində 77DT653 D.Q.N Ravon Nexia R3 markalı avtomaşını müqavilə əsasında idarə edən Cavabdeh avtomobili "RS" servisin həyətinə gətirib, həmin avtomaşına baxış zamanı aşağıdakı detalların dəyişdirdiyi və maddi ziyan dəydiyini aşkar etmişlər.

7. “RS Avtoservis” tərəfindən xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “CHEVROLET NEXİA R3” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2010 manat zərər dəymişdir.

8. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı “CHEVROLET NEXİA” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı Cavabdeh təhvil-təslim aktı əsasında icarəyə vermişdir.

9. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı 14 Saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində pul vəsaiti köçürmüşdür.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli 9/1814-8/705 №-li ekspert rəyinə əsasən, mülki iş materiallarına əlavə edilmiş sənədlərə və fotoşəkillərə əsasən yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitəsinin zədələnmiş hissələrini tam həcimdə müəyyən etmək mümkün deyildir. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan (cild i.v.12) olan "RS Avtoservis" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara və yerli internet məlumatlarından və Bakı şəhəri, Babək pr. yerləşən avtomobil hissələrinin satışı mağazalarından (xarici avtomobil hissələrinin satışı mağazaları, sıra 6-8) əldə edilmiş məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı, "Chevrolet Nexia MT Minik" markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1552,00 manat müəyyən edilir.

11. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali MəhkəməsininPlenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

18. Belə ki, iddiaçının tələbi xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə cavabdehdən dəymiş zərərə görə yaranmış borcun, yəni 2010 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi ilə bağlıdır və məhəkəmə iddia tələbini qismən əsaslı hesab edir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli icarə müqaviləsi bağlanılmış (MM m.700.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. (MM 442) İddiaçı mülkiyyətində olan “CHEVROLET NEXİA MT MİNİK” markalı, 77-DT-65 dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB188154 seriyalı, 2021-ci il buraxılışlı, Ban: №XWBTF69V9MA263052, ağ rəngli avtomobil aralarında bağlanmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmiş, daha sonra Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Cavabdeh 25 dekabr 2022ci ildə avtomobili nasaz halda iddiaçıya geri qaytarmışdır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində avtomaşına 2010 (iki min on) manat zərər dəydiyini iddia etmişdir.

20. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, "RS Avtoservis" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara və yerli internet məlumatlarından və Bakı şəhəri, Babək pr. yerləşən avtomobil hissələrinin satışı mağazalarından (xarici avtomobil hissələrinin satışı mağazaları, sıra 6-8) əldə edilmiş məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı, "Chevrolet Nexia MT Minik" markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1552 manat müəyyən edilir. (§9) Buna görə də məhkəmə tələb olunan maddi ziyanın məbləğinin azaldılaraq 1552 manat olmasını məqsədəmüvafiq hesab etmişdir.

21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 1552 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,52 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən məhkəmə xərclərinə və ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 100 manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

24. Hüquqi yardım göstərilməsi üçün İddiaçı tərəfindən 14 Saylı Vəkil Bürosuna 100 manat məbləğində pul vəsaiti ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən İddiaçı tərəfindən 14 Saylı Vəkil Bürosuna ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh 1552 (min beş yüz əlli iki manat) manat pul tutularaq İddiaçı ödənilsin.

3. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35,52 (otuz beş manat əlli iki qəpik) manat pul tutularaq İddiaçı ödənilsin.

4. Cavabdeh 14 Saylı Vəkil Bürosuna ödənilmiş hüquqi yardımın əvəzi olaraq 100 (yüz) manat pul tutularaq İddiaçı ödənilsin.

5. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat Cavabdeh tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.

6. İddia qalan hissədə təmin edilməsin.

7. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar