Məhkəmə qərarları › İş №e-2(011)-721/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-721/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-721/2023 12.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə kredit kartına dair müqaviləyə əsasən 196.70 manat əsas, 71.57 manat faiz, 01 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2950,51 manat əsas, 637.50 manat faiz borcunun və 58.56 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2018-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 300 manat kredit xətti ayrılmış, 01 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3600 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2018-ci il tarixli kredit kartına dair müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 300 manat kredit xətti ayrılmış, 01 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 3600 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehə borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC ilə arasında bağlanmış kredit kartı və kredit müqavilələri əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı kredit kartına dair və kredit müqavilələri əsasında cavabdehdən öhdəliyin icrasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 20 sentyabr 2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 196.70 manat əsas, 71.57 manat faiz borcu olmaqla, cəmi 268.27 manat, 01 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2.950,51 manat əsas, 637.50 manat faiz borcu olmaqla, cəmi 3.588,01 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 58.56 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi təmin olunduğundan cavabdehdən 58.56 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 20 sentyabr 2018-ci il tarixli kredit kartı müqaviləsinə əsasən 196.70 (bir yüz doxsan altı manat yetmiş qəpik) manat əsas, 71.57 (yetmiş bir manat əlli yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 268.27 (iki yüz altmış səkkiz manat iyirmi yeddi qəpik) manat, 01 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən isə 2.950,51 (iki min doqquz yüz əlli manat əlli bir qəpik) manat əsas, 637.50 (altı yüz otuz yeddi manat əlli qəpik) manat faiz borcu olmaqla, cəmi 3.588,01 (üç min beş yüz səksən səkkiz manat bir qəpik) manat pul vəsaiti və ödənilmiş 58.56 (əlli səkkiz manat əlli altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar