Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-724/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-3739/2020 saylı 13 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 15 sentyabr 2008-ci il təvəllüdlü X5 və 13 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 3739/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan anadan olmuş 15 sentyabr 2008-ci il təvəllüdlü X5 və 13 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Uşaqlar artıq elə bir yaş dövrünə çatmışlar ki, onlara adi məişət ehtiyaclarının ödənilməsi üçün ayda ən azı 250-300 manat pul lazımdır. Məhkəmə tərəfindən təyin edilmiş aliment uşaqların ehtiyaclarını ödəmir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-3739/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh 15 sentyabr 2008-ci il təvəllüdlü X2 və 13 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən 15 sentyabr 2008-ci il təvəllüdlü X5 və 13 dekabr 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3739/2020 saylı 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan anadan olmuş 15 sentyabr 2008-ci il təvəllüdlü X5 və 13 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə cavabdehdən məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilməsini və cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)-3739/2020 saylı qətnaməsi əsasında 15 sentyabr 2008-ci il təvəllüdlü X2 və 13 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 32 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(011)-3739/2020 saylı qətnaməsi əsasında 15 sentyabr 2008-ci il təvəllüdlü X2 və 13 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 15 sentyabr 2008-ci il təvəllüdlü X2 və 13 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-724/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-724/2023
13.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver