Məhkəmə qərarları › İş №e-2(011)-7289/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7289/2025

25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7289/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 3852 manat, faiz borcuna görə 1003,57 manat, cərimə borcuna görə 226,46 manat, cəmi 5082,03 (beş min səksən iki manat, üç qəpik) manat məbləğində borcun və 70,83 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0156 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədilə illik 27% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 234 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 3852 manat, faiz borcuna görə 1003.57 manat, cərimə borcuna görə 226.46 manat, cəmi 5082.03 (beş min səksən iki manat, üç qəpik) manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmişdir. Tərəflərin mövqeləri: İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirakı zamanı izahatında bildirmişdir ki, o, iddia tələbini tam qəbul edir, borcu ödəməkdən yayınmır, sadəcə səhhətində olan problemlərlə əlaqədar ödənişləri vaxtında edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********0156 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə, illik faiz dərəcəsi 27% ilə 5000 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən aylıq ödənilməli məbləğ 234 (sonuncu ay üzrə 202 manat) manat təşkil edir. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixdə ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubunda cavabdehin xx.xx.2024-cü il tarixli **********0156 saylı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixinə 3852 manat əsas, 1003,57 manat faiz, 226,46 manat cərimə borcu olmaqla, cəmi 5082,03 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən, banka olan bütün borc məbləğinin ən qısa müddət ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə ümumi kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixli **********0156 saylı kredit razılaşması üzrə əsas borc 3852 manat, faiz borcu 1003,57 manat, cərimə borcu 226,46 manat olmaqla, cəmi borc 5082,03 manat təşkil edir. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixli **********0156 saylı kredit razılaşması üzrə əsas borc 3852 manat, faiz borcu 1003,57 manat, cərimə borcu 176,46 manat olmaqla, cəmi borc 5032,03 manat təşkil edir. İşin müəyyən edilən halları: İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli **********0156 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə, illik 27% olmaq şərtilə, 5000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə hər ay 234 manat ödəniş edilməli idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, müqaviləyə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir. Maddə 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin şərtlərinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirmklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəliyini icra etmişdir. Lakin cavabedeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəliyini pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, 3852 manat məbləğində əsas borcun və əsas borca hesablanmış 1003,57 manat faiz borcunun Cavabdeh tutulması əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın 226,46 manat dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq xx.xx.2024cü il tarixli **********0156 saylı kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, cavabdehdən tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 69,55 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli **********0156 saylı kredit razılaşmasına əsasən 3852 manat əsas borc, 1003,57 manat faiz borcu, 100 manat cərimə borcu, 69,55 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5025,12 (beş min iyirmi beş manat on iki qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 1,28 manat hissəsi İddiaçı X1-Bank Kredit Təşkilatına aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar