Məhkəmə qərarları › İş №e-2(011)-7306/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7306/2023

24.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7306/2023 24.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı – alimentin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı xeyrinə tutulması qət edilmiş 175 manat sabit pul məbləğində aliment artırılması, Cavabdeh övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pulməbləğində aliment İddiaçı xeyrinə tutulması, 50 manat mediasiya xərci, 100 manat hüquqi xidmət xərci, cəmi 150 manat məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı xeyrinə tutulması qət edilmiş 175 manat sabit pul məbləğində aliment artırılması, Cavabdeh övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, 50 manat mediasiya xərci, 100 manat hüquqi xidmət xərci, cəmi 150 manat məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2019-cu ildə nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-3681/2022 saylı qətnaməsi ilə həmin nikah pozulmuş və xx.xx.2020-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-4722/2021 saylı qətnaməsi ilə isə Cavabdeh övladı X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Aylanın artıq 3 yaşı var, o, böyüdükcə hər keçən gün xərcləri də artır. Bundan başqa bütün dünyada olduğu kimi ölkədə də baş verən bahalaşma, inflyasiya səbəbi ilə əsas qida məhsulları və geyim əşyalarının qiyməti də getdikcə artır. Məhz bu bahalaşma səbəbi ilə Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında xx.xx.2022-ci il tarixli AR Qanunun 1-ci maddəsinə görə,2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Bu səbəblə iddiaçı Qanunvericiliyin tələblərinə əməl edərək əvvəlcə cavabdehə alimentin artırılması tələbli mediasiya təklifini göndərmiş, tərəflər arasında razılıq əldə edilməmişdir, iddiaçı tərəfə məhkəməyə müraciət etməsi üçün xx.xx.2023-cü il tarixli Mediasiya Arayışı verilmişdir. Bu səbəblə iddiaçı“Mediasiya haqqında” qanunun 29.6 və 29.7 maddələrini də nəzərə alaraq məhkəməyə müraciət edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə ilə müraciət edərək, iclasın iştiraklar olmadan keçirilməsini və iddia tələbinin dəqiqləşdirilməsi haqqında verilən ərizənin qəbul edilərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında onun hazırda işsiz olduğunu nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan, AA5150471 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasının davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsində fortepiano müəlliməsi vəzifəsində işləyir, aylıq əmək haqqı 358.67 manatdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay 175 manat məbləğində aliment tutulması müəyyənləşdirərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqların tələbatları artmışdır. Qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pelunumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il № 8- 2/2016 saylı Qərarının 8.13-cü bəmdində də qeyd olunur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 200 manat məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. Məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin artırılan hissəsi 300 (25x12=300) manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya prosesində iştirak üçün ödənilmiş 50 manatın yarısı 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin “hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilmiş 100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması” ilə bağlı hissəsini araşdıraraq hesab edir ki iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən ödənişlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay üçün 200 (iki yüz) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 25 (iyirmi beş) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar