Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7317/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2.848,60 (iki min səkkiz yüz qırx səkkiz dollar, 60 sent) ABŞ dolları - bundan 267,74 (iki yüz altmış yeddi dollar, 74 sent) ABŞ dolları əsas, 121,59 (yüz iyirmi bir dollar, 59 sent ) ABŞ dolları faiz, 2.418,31 (iki min dörd yüz on səkkiz dollar, 31 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 40,96 (qırx dollar, 96 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 68,43 (altmış səkkiz manat, 43 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Şəxsi istehlak məqsədi” ilə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 6.374 (altı min üç yüz yetmiş dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-440004701 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6.203,49 (altı min iki yüz üç dollar, 49 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1kredit üzrə cəmi borcu 2.848,60 (iki min səkkiz yüz qırx səkkiz dollar, 60 sent) ABŞ dolları təşkil edir. Bundan 267,74 (iki yüz altmış yeddi dollar, 74 sent) ABŞ dolları əsas, 121,59 (yüz iyirmi bir dollar, 59 sent ) ABŞ dolları faiz, 2.418,31 (iki min dörd yüz on səkkiz dollar, 31 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 40,96 (qırx dollar, 96 sent) ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mənə və zaminim olan Cavabdeh2 qarşı iddia ərizəsini qismən qəbul edirəm. Belə ki, iddia tələbindən də göründüyü kimi iddia tələbinin əsas borc hissəsi 267,74 ABŞ dolları faiz borcu hissəsi 121,59 ABŞ dollarıdır. İddia tələbinin cərimə borcu hissəsi isə 2.418,31 ABŞ dolları göstərilmişdir. Cavabdeh olaraq iddia tələbinini əsas və faiz borcu hissəsini tam qəbul edirəm və ödənilməsinə etiraz etmirəm. Lakin, iddia tələbinin cərimə borcu hissəsini tamamilə əsassız və qanunsuz hesab edirəm. Belə ki, iddiaçı cərimə məbləğini hansı qayda ilə və düsdürla hesabladığı mənə aydın deyil və iddiaçı öz iddia ərizəsində bu cərimə məbləğinin nədən formalaşdığını və nəyə əsasən hesablandığını açıqlamamışdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2015-ci il tarixindən sonra ABŞ dollarının manata qarşı məzənnəsi artıqdan sonra Fərmana əsasən bütün banklar dollar kreditlərini restrukturizasiya etmiş və kredit götürənlərlə yeni müqavilələr imzalamışdır. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə mənimlə elə bir müqavilə imzalmamış yalnız müqavilə müddətini 2022-ci il tarixədək 1 ABŞ dollarını 1.40 manat hesablanmaqla ödənilməsini tələb etmişdir. Eyni zamanda bildirmək istərdim ki, bildiyiniz kimi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırda ləğvetmə prosesindədir və buna baxmayaraq nədənsə bank mənə və zaminə qarşı iddia ərizəsini vaxtında verməmiş və bununla da əsassız olaraq iddia tələbinin cərimə məbləği hissəsində əsassız olaraq şişirdmişdir. Hesab edirəm ki, buir halda ki, mən kredit götürdüyüm vəsaiti vaxtında ödəməmişdirsə hansı səbəbdən bank mənə qarşı iddia tələbini vaxtında irəli sürməmiş və aramızda imzalanmış müqavilənin vaxtındam tam 3 il müddət keçməmiş məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Görünür ki, iddiaçı Mülki Məcəlləsinin 3 illik iddia müddəti tələbini pozmamaq üçün illərlə gözləmiş və bununla da iddia ərizəsinin cərimə məbləğini əsassız olaraq şişirdmişdir. Bu azmış kimi iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsaslanaraq əlavə olaraq 40,96 ABŞ dolları faiz borcu hesablamışdır ki, bunu da tamamilə əsassız hesab edirəm. Belə ki, iddiaçı özünün iddia ərizəsində etiraf edir ki, xx.xx.2017-ci il tarixində mənimlə və zamunlə bank arasında imzalanmış ilkin kredit müqaviləsi restrukturizasiya edilərək müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır və yeni müqaviləyə əsasən 1 ABŞ dolları 1.40 manat məzənnəsi ilə hesablanmaqla ödənilməli idi. Amma iddiaçı iddia ərizəsində hesabladığı cərimə məbləğini necə və hansı hesablamalara əsasən hesabladığını açıqlamamışdır. Nəzərinizə çatdırmaq istərdim ki, iddiaçının bu kimi, tələbi mənim onsuzda acınacaqlı olan maddi durumumu daha da pisləşdirəcəkdir. Belə ki, hesab edirəm ki, iddiçı tərəf cərimə məbləğini tənasübsüz surətdə yüksək hesablamışdır. Bundan də əlavə bildiyiniz kimi iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti artıq ləğvetmə prosesində olduğuna görə və faktiki olaraq bank kimi fəaliyyət göstərmədiyinə görə onun tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğini əldən çıxmış fayda kimi də qiymətləndirilməsi düzgün deyildir. Sonda Cavabdeh1 iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi 2.848,60 ABŞ dolları, bundan 267,74 ABŞ dolları əsas, 121,69 ABŞ dolları faiz, 2.418,31 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 40,96 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 68,43 manat dövlət rüsumunun tutlması barədə iddia tələbinin qismən təmin edilməsi, yəni 267,74 ABŞ dolları əsas, 121,69 ABŞ dolları faiz və ödənilmiş 68,43 manat dövlət rüsumunun iddia tələbinin təmin olunacaq hissəsinə uyğun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC–nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqaviləyə əsasən, kreditor borcalana Şəxsi istehlak məqsədi ilə illik 24% olmaqla, gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 faiz, aylıq 4 faiz dərəcəsi ilə, 36 ay müddətinə 6.374 ABŞ dolları kredit verməyi, borc alan isə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən görünür ki, kreditin məbləği 6.374 ABŞ dolları, illik faiz 24%, müddət 36 aydır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 (Zamin) və Cavabdeh1 (borcalan) arasında ZM-440004701 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, həmin müqavilənin predmeti ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Zaminlik müqaviləsinə əsasən, 6.374 ABŞ dolları təşkil edən kredit məbləği, 36 ay təşkil edən kreditin qaytarılma müddəti, 24% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 48 faiz təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik faiz, 4 % isə aylıq cərimə faiz dərəcəsi Zaminliklə təmin edilmiş öhdəlikləri təşkil edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 saylı Əlavə Sazişdən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit restruktizasiya edilmiş, kredit öhdəliyinin qalığı 6.203,49 ABŞ dolları təşkil etmiş, restruktizasiya edilmiş kredit üzrə illik faiz 8%, gecikdirilən kredit ödənişləri üçün illik 16% dəbbə pulu müəyyən edilmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD=1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 (Zamin) və Cavabdeh1 (borcalan) arasında bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 01 saylı Əlavə Sazişdən görünür ki, borcalanın restruktizasiya edilmiş kredit öhdəliyinin qalığı 6.203,49 ABŞ dolları təşkil etmiş, restruktizasiya edilmiş kredit üzrə illik faiz 8%, gecikdirilən kredit ödənişləri üçün illik 16% dəbbə pulu müəyyən edilmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Zamin Cavabdeh2 ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 02 saylı Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan İddiaçı LPO tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12-5/2- A-23-12084/2025 saylı Maliyyə arayışından görünür ki, Cavabdeh1 ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə yaranmış borcu əsas borc 267.74 ABŞ dolları olmaqla, müqavilə müddəti üçün tələb olunan faiz 121.59 ABŞ dolları, cərimə borcu 2418.31 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesalanmış faiz məbləği 40.96 ABŞ dolları, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 2848.60 ABŞ dollarıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixində 3 gün müddətində 2848.60 ABŞ dolları borcu ödəmədiyi təqdirdə bank tərəfindən məhkəməyə müraciət olunacağı barədə Xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********16 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 68.43 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə kredit istifadəsinə görə illik 24%, gecikdirilən borc məbləğinə cərimə kimi 48% dərəcəsi ilə 6.374 ABŞ dolları kredit verilmişdir, həmçinin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə ZM-440004701 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, kreditin müddəti 36 aydır, xx.xx.2017-ci il tarixdə kredit restruktizasiya edilmiş, kredit öhdəliyinin qalığı 6.203,49 ABŞ dolları təşkil etmiş, restruktizasiya edilmiş kredit üzrə illik faiz 8%, gecikdirilən kredit ödənişləri üçün illik 16% dəbbə pulu, restruktizasiya edilmiş kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməməklə iddiaçıya kredit borcu qalmışdır, Cavabdeh1 iddia tələbini qismən - əsas borc (267.74 ABŞ dolları) və faiz borcu (121.59 ABŞ dolları) hissədə qəbul edir. Bununla belə, Cavabdeh1 müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit müqaviləsi üzrə əsas borc məbləğini və faiz borc məbləğini cavabdehin etirafını da nəzərə alaraq, iddia tələbində göstərilən məbləğə uyğun olaraq - 267.74 ABŞ dolları əsas borc, 121.59 ABŞ dolları faiz borcu müəyyən edir. Məhkəmə xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit müqaviləsi üzrə kredit müqaviləsi bitəndən sonra 5%-lə hesablanmış faiz borc məbləğininin 40.96 ABŞ dolları müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla 10 ABŞ dolları həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, digər cavabdeh olan zamin – Cavabdeh2 ZM-440004701 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixinədək olduğundan və həmin öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, Cavabdeh2 ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə, 267.74 ABŞ dolları əsas borc, 121.59 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 40.96 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 440.29 ABŞ dolları alınaraq Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Cavabdeh2 ZM- 440004701 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, Cavabdeh1 məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə, ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 267.74 ABŞ dolları əsas borc, 121.59 ABŞ dolları faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış (illik 5%) 40.96 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) ABŞ dolları 29 (iyirmi doqquz) sent və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 ZM-440004701 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7317/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7317/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver