Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7406/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənini etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli, 4022 saylı “əşyanın nisyə alğı-satqısı haqqında” müqavilənin etibarsız hesab edilməsi, iddiaçıdan ilkin ödəniş qismində alınmış 11.000 manat pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 123 manat olmaqla, cəmi 11.123 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli, 4022 saylı “əşyanın nisyə alğı-satqısı haqqında” müqaviləyə əsasən Cavabdeh MMC-nin mülkiyyətində olan “Mercedes E240” minik markalı, 2014-cü il buraxılışlı, sedan tipli, WDDHF8CB2EA955368 şassi (ban) nömrəli, ağ rəngli, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin ödəniş 11.000 manat, 36 ay müddətində hər ay üzrə 1.415 manat olmaqla cəmi 61.926,8 manata iddiaçıya satılmışdır. Müqaviləyə əsasən yuxarıda qeyd edilən avtomobil üçün iddiaçı tərəfindən 11.000 manat ilkin ödəniş edilmiş, lakin daha sonra iddiaçının səhhətində yaranmış problemlərlə əlaqədar yaşadığı maddi çətinliklər ucbatından ödəniş edə bilməmiş və bu səbəbdən də avtomobil MMC tərəfindən duracağa yerləşdirilərək iddiaçıdan alınmışdır. Bundan sonra dəfələrlə avtosalona gələrək məsələnin həlli istiqamətində təkliflər etsə də, bu istiqamətdə heç bir əməli addım atılmamış, bununla da MMC-nin əsas məqsədinin avtomobili iddiaçıdan geri alaraq başqa şəxslərə satmaq istəməsi (ödədiyi məbləğ iddiaçıya geri qaytarılmayaraq) iddiaçıya məlum olmuşdur. Bu səbəbdən tərəfindən müqavilədə də deyildiyi kimi pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək məsələnin qarşılıqlı razılıq əsasında həll edilməsi təklif edilmiş, lakin bu təklif də cavabsız qalmışdır. Məhkəməyə müraciət edilməzdən öncə MMC ilə iddiaçı arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli, 4022 saylı “əşyanın nisyə alğı-satqısı haqqında” müqavilənin hüquqiliyinin yoxlanılması məqsədi ilə hüquqi yardım almaq qərarına gəlinmiş, bu zaman sözü gedən müqavilənin tamamilə əsassız və etibarsız olması iddiaçıya məlum olmuşdur. Eyni zamanda sonradan əldə etdiyi məlumata əsasən iddiaçı ilə bağlanılmış müqaviləyə xitam verilmədən, iddiaçı ilə MMC arasında yaşanan mübahisə həll edilmədən qeyd edilən nəqliyyat vasitəsi digər şəxsə, lakin bu səfər daha ucuz qiymətə satılmışdır. Bununla da şirkətin bu yolla vətəndaşları aldatması və bir avtomobili bir neçə şəxsə satması halları ortaya çıxmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, o, avtomobili 1 ay sürmüş, həmin müddət üçün ödənişi ödəmişdir. Bundan sonra avtomobil yol polisi tərəfindən duracağa yerləşdirilmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı avtomobili 4 ay sürmüş, heç bir ödəniş etməmişdir. Bundan sonra ödənişləri etmədiyi üçün avtomobil yol polisi tərəfindən duracağa yerləşdirilmişdir. Bundan sonra təmsil etdiyi şirkət tərəfindən iddiaçı ilə bağlanmış müqaviləyə birtərəfli qaydada xitam verilmiş, avtomobil də başqa şəxsə satılmışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 06 sentyabr 2022-ci il tarixdə 4022 nömrəli əşyanın nisyə alğı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC iddiaçıya “Mercedes E240” minik markalı, 2014-cü il buraxılışlı, sedan tipli, WDDHF8CB2EA955368 şassi (ban) nömrəli, ağ rəngli, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Müqavilə müddəti 06 sentyabr 2022-ci ildən 06 sentyabr 2025-ci ilədək müəyyən edilmişdir. Tərəflərin razılaşmasına əsasən müqavilə predmeti olan avtomobilin dəyəri 61.926,80 manat dəyərində müəyyən edilmişdir. Razılaşmaya əsasən iddiaçı (alıcı) ilkin ödəniş olaraq 11.000 manat, 36 ay ərzində hər ay 1.415 manat (36-cı ay 1.401,80 manat) ödəməyi öhdəsinə götürmüşdür. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, avtomobil hazırda iddiaçının sahibliyində və istifadəsində deyil. Həmin avtomobilə dair iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və avtomobil başqa şəxsə satılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 337.1 və 337.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin əsasını tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinin müddəalarının təşkil etdiyini qeyd edir. İş materiallarında mövcud olan 06 sentyabr 2022-ci il tarixli müqavilənin nisyə alğı-satqı müqaviləsi kimi adlandırılmasına münasibətdə qeyd edir ki, əslində müqavilə özündə qarışıq müqavilənin ünsürlərini ehtiva edir. Belə ki, müqavilənin mətnindən həm alğı-satqı müqaviləsinin, həm əmlak icarəsi müqaviləsinin elementlərini görmək mümkündür. Qanunvericilikdə alğı-satqı müqaviləsinə verilmiş anlayışa əsasən, alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Qanunvericilikdə alğı-satqı müqaviləsi bağlandıqdan sonra satıcının əmlak üzərində mülkiyyət hüququnun özündə saxlanması halları da nəzərdə tutulmuşdur. Razılaşma əsasında alıcı aldığı əşyanın dəyərini tam şəkildə ödədikdən sonra əşyanın onun mülkiyyətinə keçməsi qanunda müəyyən edilmişdir. Hazırkı iş materiallarından göründüyü kimi tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış və satıcı əmlak üzərində mülkiyyət hüquqlarını özündə saxlamışdır. Alıcı öhdəliklərini tam şəkildə icra etdikdən sonra avtomobilin onun mülkiyyətinə keçməsi müqavilə ilə şərtləndirilmişdir. İddiaçı iddia ərizəsində müqavilənin ümumilikdə etibarsız olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilənin 6.2.3-cü bəndinin Mülki Məcəllənin şərtlərinə zidd olması səbəbindən etibarsız olduğu müəyyən edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2.3-cü bəndinə əsasən - “Alğı-satqı” müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşın aylıq ödəniş pulunu 15 gün müddətə gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz Satıcıya təhvil vermək, avtomaşın yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri Alıcıdan tələb etmək və avtomaşına görə ödənilmiş pulun Satıcı tərəfindən geri qaytarılmayacağı şərtini qəbul edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Buna görə də cavabdehin həm avtomobili iddiaçıdan alması, həm də iddiaçının ilkin ödəniş olaraq ödədiyi 11.000 manat məbləği qaytarmaqdan imtina etməsi qanunsuzdur. Cavabdeh avtomobili geri aldıqdan sonra müqavilə şərtlərində nəzərdə tutulan qaydada avtomobildən istifadə üçün nəzərdə tutulan məbləğləri tələb etmək əvəzinə (Müqavilənin 4.5-ci maddəsinə əsasən alıcı avtomobilə görə aylıq ödənişləri gecikdirdiyi halda, avtomobili götürdüyü və ya təhvil aldığı gündən, təhvil verdiyi günə qədər satıcıya Bakı şəhəri rent a car şirkətlərinin qiymətinə uyğun olaraq avtomobilin marka və modelinə aid hər gün üçün 50-100 manat civarında istifadə haqqı ödəməlidir) iddiaçının ödədiyi 11.000 manatı geri qaytarmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 11.000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 123 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 11.000 (on bir min) manat məbləğində pul vəsaiti və 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-7406/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7406/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver