Məhkəmə qərarları › İş №e-2(011)-7434/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7434/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7434/2024 22.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.890 manat məbləğində pulun və 79.80 manat məbləğində pulun alınıb iş üzrə İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh bir müddətdir ki, dost münasibətində olmuşdurlar. İddiaçı 2024-cü ilin iyun ayında Cavabdeh hissə-hissə olmaqla 2.700 manat məbləğində borc pul vermişdir. Onlar borcun geri qaytarılma müddətini isə 2 ay olaraq razılaşdırmışdırlar. Bundan başqa iddiaçı 28 iyun 2024-cü il tarixində də “M electronics” mağazasında öz adına kreditə 2.990 manat qiymətinə iPhone 15 Pro Max 256 GB Natural Titanium markalı mobil telefon alıb cavabdehə vermiş, sonuncu isə telefonun pulunu qısa müddət ərzində iddiaçıya qaytamağı öhdəsinə götürmüşdür. Təqdim edilən vatsap yazışmalarından görünür ki, cavabdeh iddiaçının adına kreditlə mobil telefon götürməyi ondan xahiş edir. 18 iyul 2024-cü il tarixdə yazışmalarda cavabdeh borcunu iddiaçıya qaytaracağını bildirir. Digər yazışmalarda 2024cü ilin 19 iyulunda cavabdeh ayın axırına qədər 10 gün ərzində 1.000 ABŞ dollarını hər gün 170 manat olmaqla ödəyəcəyinə söz verir. Sonrakı yazışmalarda isə ancaq telefonun pulunu və ev verəcəyini deyən cavabdeh qalan borcunu ödəməyəciyini, ona heç nə edə bilməyəcəyini iddiaçıya yazır. Cavabdeh bu yazışmada evin pulu deyərkən kirayənin pulunu ödəmək üçün iddiaçıdan aldığı 200 manatı nəzərdə tutur. Tərəflər bundan sonra cavabdehin ayda 265 manat ödəməli olduğunu razılaşdırmışdırlar. Buna baxmayaraq Cavabdeh borcunu hələ də geri ödəməmişdir. Beləliklə cavabdeh hissə-hissə aldığı 2.900 manat məbləğində borcu, qeyd olunan telefona verilmiş 2.990 manat pulu iddiaçıya ödəməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdehə pul vermişdir. Həmçinin iddiaçı 28 iyun 2024-cü il tarixdə “M Electronics”dən dəyəri 2.990 manat olan iPhone 15 Pro Max 256 GB Natural Titanium olan mobil telefonu alaraq cavabdehə vermişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin təqdim etdiyi flaş kartdakı səs yazısından görünür ki, cavabdeh iddiaçının ona dəyəri 2.990 manat olan iPhone 15 Pro Max 256 GB Natural Titanium olan mobil telefon aldığını, həmçinin özünün də iddiaçıdan hissə-hissə pul aldığını etiraf etmişdir. Cavabdeh səs yazısında iddiaçının onun evindən oğurluq etdiyini, bu səbəbdən aldığı pulu qaytarmayacağını, telefonun pulunu isə ödəyəcəyini bildirmişdir. İddiaçı onun evindən oğurluq etməsəydi, həmin pulu iddiaçıya qaytaracaqdı. Təqdim edilmiş “whatsApp” yazışmalarından görünür ki, Cavabdeh “gəl gedək mənə telefon götürək kreditə ilkin ödənişi nədisə verim aylıq 200-300 max gündəlik sənə pulu atım sən də ayın çıxart o 2.000 də sənə verəcəm bu msjlarımı saxla”, “borcumu qaytaracam and içdim”, “telefonun pulunu və ev verəcəm, qalanı yox”, “170 atacam gündə” mesajları yazmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 2.900 manat pul almışdır. Həmçinin iddiaçı cavabdeh üçün dəyəri 2.990 manat olan iPhone 15 Pro Max 256 GB Natural Titanium olan mobil telefon almışdır. Təqdim edilmiş səs yazısından müəyyən edilir ki, cavabdeh iddiaçıdan həmin məbləği hissə-hissə almışdır. Həmin səs yazısında cavabdeh iddiaçının onun evindən oğurluq etdiyini, bu səbbədən pul məbləğini qaytarmayacağını bildirsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və istinad etdiyi halları sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Beləliklə, istinad olunanlara əsasən, cavabdehin pulu alması işin mübahisəsiz halıdır. Bundan əlavə həmin səs yazısında cavabdeh iddiaçının ona telefon aldığını və həmin telefonun dəyərini ödəyəcəyini də bildirmişdir. İstinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və ümumilikdə 5.890 (2.900+2.990) manat borcu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Beləliklə, istinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5.890 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünsə belə ki, cavabdeh tərəfindən 79 manat dövlət rüsumu ödənilib, məhkəmə hesab edir ki, iddia iddiaçının vəkilinin elektron imzası ilə imzalanmaqla verildiyindən, dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi ağlabatan deyil. Odur ki, iddia tələbi təmin edildiyindən, Cavabdeh 79 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 5.890 (beş min səkkiz yüz doxsan) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 (yetmiş doqquz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar