Məhkəmə qərarları › İş №e-2(011)-7454/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7454/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7454/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə GARA-20851-3831 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Borcalana iddiaçıdan 24 ay müddətinə, illik 39% dərəcəsi ilə 2000 manat məbləğində kredit almışdır.

2. Eyni zamanda, iddiaçı ilə digər cavabdehlər arasında xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə görə onlar iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncunun öhdəliyinin tam yerinə yetirməsinə görə iddiaçı (Bank) qarşısında öhdəlik götürmüşdür.

3. Cavabdeh2 tərəfindən kredit tam ödənilməmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 1568.50 manat əsas borc, 187,18 manat faiz borcu və 30 manat dəbbə borcu olmaqla, cəmi 1785.68 manat məbləğində borcun və 38.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh2la aralarında xx.xx.2023cüil tarixli GARA-20851-3831 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 39% faiz olmaqla 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı və digər cavabdehlər arasında xx.xx.2023-cü il tarixdə GARA-20851- 3831+GARA-33068 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 121 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. xx.xx.2024-cü il tarixi üçün Cavabdeh2 verilmiş kredit üzrə 1568.50 manat əsas borc, 187.18 manat faiz borcu və 30 manat dəbbə borcu olmaqla, cəmi 1785.68 manat borcu mövcuddur

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazlarını və ona əlavə edilmiş sənədlərini göndərməsi barədə bildiriş göndərilsə də, onlar etirazını məhkəməyə təqdim etməmişdir. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

7. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

11. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

12. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

13. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.

19. İşin mübahisəsiz halları ilə də müəyyən edilir ki, iddiaçı ilə Borcalan arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, Bank müqavilə ilə razılaşdırılmış pulu cavabdehə müqavilədə qeyd edilən şərtlərlə kreditə vermişdir. Bank ilə cavabdeh arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil.

20. Lakin Borcalan kredit müqaviləsi üzrə öhdəliyini pozaraq müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun ödəniş etməməklə öhdəliyini pozmuşdur.

21. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış pul məbləğini Borcalana vermiş, lakin cavabdeh aldığı pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya qaytarmamaqla öhdəliyini pozmuşdur.

22. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Borcalan müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, həmin cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, mövcud iddia əsaslıdır.

23. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlərə aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Borcalanın aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır.

24. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Borcalan kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, Borcalanla bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

25. Məhkəmə həmçinin, iddianın 38,40 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlər müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış və bununla da dövlət rüsumu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

26. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 1568,50 manat əsas borc, 187,18 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 1785,68 manat pul və 38,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" BOKT MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar