Məhkəmə qərarları › İş №e-2(011)-7468/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7468/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7468/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sofiyev Fərid Elmar oğlundan kredit borcu üzrə 3.934,47 manat əsas, 351.15 manat faiz və 107.38 manat cərimə olmaqla, cəmi 4.393 manat və ödənilmiş 64 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh İsrafil oğlu arasında bağlanmış 27 mart 2023-cü il tarixli, HO0010293-2023 saylı kredit müqaviləsinə əsasən, cavabdeh Sofiyev Fərid Elmar oğluna istehlak təyinatlı məhsul və xidmətlərin alışı üçün 24 ay müddətinə, illik 27% ödəmək şərti ilə 4.200 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmiş olsa da, cavabdeh Sofiyev Fərid Elmar oğlu 27 mart 2023-cü il tarixli, HO0010293-2023 saylı kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir. Dəfələrlə, cavabdehə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməsi barədə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, bunun bir müsbət nəticəsi olmamışdır. Hazırda, 26 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh Sofiyev Fərid Elmar oğlunun iddiaçı "xxxx" ASC-yə 3.934,47 manat əsas, 351.15 manat faiz və 107.38 manat cərimə olmaqla, cəmi 4.393 manat kredit borcu qalmaqdadır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh İsrafil oğluna qarşı kredit borc tələbinə dair iddiası vardır. İddia ərizəsinin mətnində Cavabdeh İsrafil oğlunun adı texniki səhv olaraq "Sofiyev Fərid Elmar oğlu" kimi göstərilmişdir. Əslində isə həmin iş üzrə cavabdeh "Cavabdeh İsrafil" oğludur. Odur ki, həmin səhvi üzrlü hesab edərək iddia üzrə borcun əsl Cavabdeh İsrafil oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İş materialları ilə müəyyən edilir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh arasında 30 iyun 2022-ci il tarixində bağlanmış kredit müqaviləsi əsasında bankdan cavabdeh 60 ay müddətinə 3.000 manat məbləğində kredit götürərək üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit borcunu qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə borc barədə xəbərdarlıq edilmişdir. İddiaçı hazırda cavabdehə qarşı 3.934,47 manat əsas, 351.15 manat faiz və 107.38 manat cərimə olmaqla, cəmi 4.393 manat kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 30 iyun 2022-ci il tarixli HO0004574-202 saylı kredit müqaviləsi üzrə 26 sentyabr 2023-cü il tarixə iddiaçıya olan borcu 2.307,74 manat əsas, 177.84 manat faiz, 55.12 manat cərimə borcu olmaqla, ümumilikdə 2.540,70 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etsə belə ki, cavabdehin iddiaçıya 3.934,47 manat əsas, 351.15 manat faiz və 107.38 manat cərimə olmaqla, cəmi 4.393 manat kredit borcu var, lakin iş materiallarına əlavə edilmiş maliyyə arayışı əsasında müəyyən edilir ki, Cavabdeh 30 iyun 2022-ci il tarixli HO0004574-202 saylı kredit müqaviləsi üzrə 26 sentyabr 2023-cü il tarixə iddiaçıya olan borcu 2.307,74 manat əsas, 177.84 manat faiz, 55.12 manat cərimə borcu olmaqla, ümumilikdə 2.540,70 manat təşkil edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən əsas borcunu tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2.307,74 manat əsas, 177.84 manat faiz, 55.12 manat cərimə borcu olmaqla, ümumilikdə 2.540,70 manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddianın 64 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən 46 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq Cavabdeh 26.22 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 19.78 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2.307,74 (iki min üç yüz yeddi manat yetmiş dörd qəpik) manat əsas, 177.84 (bir yüz yetmiş yeddi manat səksən dörd qəpik) manat faiz, 55.12 (əlli beş manat on iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 2.540,70 (iki min beş yüz qırx manat yetmiş qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 26.22 (iyirmi altı manat iyirmi iki qəpik) manat alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASCyə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 19.78 (on doqquz manat yetmiş səkkiz qəpik) manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar