Məhkəmə qərarları › İş №e-2(011)-7491/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7491/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7491/2024 21.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “HP Pavilion 15” markalı kompüter üçün 1.078,8 (min yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 107,2 (yüz yeddi manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1.186 manat borc və 31,86 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “HP Pavilion 15” markalı kompüter alınmışdır və nəticədə 1.186 (min yüz səksən altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur və nəticədə alqı-satqı qiyməti 1.474,8 (min dörd yüz yetmiş dörd manat səksən qəpik) manat (yəni 12 ay x 102,9 manat + 240 manat ilkin ödəniş) olan “HP Pavilion 15” markalı kompüter üçün ümumilikdə, 1.186 (min yüz səksən altı) manat olmaqla ondan 1.078,8 (min yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 107,2 (yüz yeddi manat iyirmi qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 396 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, o cavadehdən ali təhsillə bağlı “HP pavilyon 15” markalı kompüteri 1.474,8 manata satın almışdır, həmin məbləğdən 240 manat ilkin olaraq tərəfindən ödənilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə 220 manat, xx.xx.2023-cü il tarixdə 240 manat, xx.xx.2024-cü il tarixdə 96 manat və xx.xx.2024-cü il tarixdə 60 manat, cəmi 616 manat onun tərəfindən terminal vasitəsilə cavabdehin hesabına ödənilmişdir. Lakin cavabdeh 1.078,8 manat məbləği və həmin məbləğə hesabladığı 107,2 manat cəriməni tələbədən tələb edərkən, tərəfindən kompüter üçün ödənilmiş 616 manat nəzərə almaq istəməmişdir. Belə ki, kompüterin 1.474,8 manat dəyərindən ilkin olaraq 240 manat, daha sonra isə 616 manat tərəfindən ödənilmiş, hazırda iddiaçıya 618,8 manat borcu qaldığı halda ondan 1.186 manat (567,2 manat artıq) borc tələb etməsi insafsızlıqdır. Tərəfindən ödənilmiş məbləğlər cavabdeh tərəfindən nəzərə alınmayaraq borcdan çıxılmadığından həmin məbləğlər məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “ABC”) ilə Cavabdeh (müqavilə üzrə “Müştəri”) arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 19611625 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal”) Müştəriyə müqavilədə göstərilən şərtlərlə verir. Müştəri isə “Mal”ı müqavilədə göstərilən şərtlərlə qəbul edir. “HP pavilyon 15” markalı kompüter həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmetini təşkil edən mallar və onlara məxsus fərdi əlamətlər siyahısında birinci qrafada göstərilmişdir. xx.xx.2023-cü il tarixli bildirişdə əks olunmuş əşyaların təhvil-təslim aktından görünür ki, “HP pavilyon 15” markalı kompüter xx.xx.2023-cü il tarixli 19611625 saylı müqaviləyə əsasən Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli 19611625 saylı müqaviləyə xx.xx.2023-cü il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 102,9 manat olmaqla xx.xx.2023xx.xx.2024-cü il tarixlərində pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1.078,8 (min yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 107,2 (yüz yeddi manat iyirmi qəpik) manat cərimə, ümumilikdə 1.186 (min yüz səksən altı) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barədə hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimənin 107,2 manat məbləğində deyil, 54 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində etirazın dəlillərini əsaslandıran halları təsdiq edən hər hansı mötəbər sübut (ödəniş qəbzləri və s.) məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 31,86 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə “HP pavilyon 15” markalı kompüter üçün 1.078,8 (min yetmiş səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə, ümumilikdə 1.132,8 (bir min yüz otuz iki manat səksən qəpik) manat borc və 31,86 (otuz bir manat səksən altı qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar