Məhkəmə qərarları › İş №e-2(011)-751/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-751/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-751/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00082-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 50000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür.

2. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 43, 29 nömrəli mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindənxx.xx.2023-cü il tarixli ÇİXARİŞ Qeydiyyat № **********) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2023-cü il tariхli 2023/00082-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2023-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 122.000 AZN məbləğində müəyyən edilmişdir.

3. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır.

İddiaçının tələbi:

4. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2023/00082-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi; Cavabdeh kreditin əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 260 manat məbləğində pulun tutulması; tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 43, 29 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 122.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 260 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi; İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin iddiaya münasibəti:

5. xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 260 manat pulun onun tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

6. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən işə idiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.

7. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında qeyd etmişdir ki, razılıq əldə edilməsi üçün İddiaçı BOKT ASC-yə yaxınlaşmış, lakin heç bir razılıq əldə edilə bilməmişdir. Hazırda mübahisəli mənzilin satış qiymətinin tam dəqiqliklə nə qədər olduğunu bilmədiyini, lakin qiymətləndirmənin aparılmasına etiraz etmədiyini bildirmişdir. Tutulmalı olan borcun ödənilməsinə etiraz etmədiyini qeyd etmiş və məhkəmədən müəyyən qədər vaxt verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. 29 mart 2023-cü il tarixli №2023/00082-01İP nömrəli İpoteka müqaviləsinə əsasən ipoteka saxlayan Finoko BOKT ASC; ipoteka qoyan isə Cavabdehdir. İpoteka predmeti ünvan 1 ünvanında yerləşən 97,79 kv.m ümumi sahəsi olan 29 nömrəli mənzildir. Öhdəlik kredit müqaviləsinə əsasən yaranmışdır, əsas öhdəlik- 30 faiz dərəcəsi ilə götürülmüş 50000 (əlli min) manatlıq kreditdir. Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin “ipoteka qoyan”a faktiki təqdim edildiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı ilədək (36 ay müddətinə) öhdəlik icra edilməlidir.

9. 29 mart 2023-cü il tarixli №2023/00082-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcverən- Finoko BOKT ASC Cavabdeh illik 30 faiz dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit verir. Müqavilənin əlavə şərtlərinə əsasən öhdəliklərin təminatı olaraq mülkiyyət hüququ ilə tam Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi ev 43, 29 nömrəli mənzil ipoteka qoyulur. İpoteka predmeti müstəqil qiymətləndirici “X1” MMC tərəfindən xx.xx.2023-cü il tarixdə likvid dəyəri 122.000 (yüz iyirmi iki min) manat qiymətləndirilmişdir.

10. xx.xx.2023-cü il tarixli ödəniş cədvəlinə əsasən 36 ay müddətinə aylıq 2122,58 manat ödəniş edilməlidir.

11. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Finoko BOKT ASC tərəfindən Cavabdeh 50.000 (əlli min) manat ödənilmişdir.

12. AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Finoko BOKT ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

13. AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43 mənzil 29 ipoteka yüklülüyündədir. Xeyrinə hüquq yüklü edilən şəxs- Finoko BOKT ASC; hüququ yüklü edilən şəxs Cavabdehdir.

14. AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43 mənzil 29 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur.

15. xx.xx.2023-cü il tarixli bildirişə (xx.xx.2023-cü il tarixli poçt qəbzinə) əsasən Finoko BOKT ASC tərəfindən Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməsi üçün xəbərdarlıq edilmişdir. Əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn əsas borc, faiz borcu, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət edəcəkləri bildirilmişdir.

16. xx.xx.2023-cü il tarixli borc haqqında arayışa əsasən Cavabdeh 29 mart 2023-cü il tarixli №2023/00082-01 nömrəli istehlak krediti müqaviləsinə əsasən 18 oktyabr 2023-cü il tarixinə borcu kreditə görə 49127,52 manat, faiz borcu 6120,63 manat, dəbbə pulu 1000 manat olmaqla cəmi 56248,15 manat təşkil edir.

17. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa əsasən xx.xx.2023-cü il tarixdə 2123 manat-bundan 872,48 manat əsas borc, 1250,52 manat faiz borcu; xx.xx.2023-cü il tarixdə 800 manat- bundan 0 manat əsas borc, 800 manat faiz borcu ödənilmişdir.

18. xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 260 manat pulun onun tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir.

19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən ünvan 3 ünvanında yerləşən mənzilin bazar dəyəri 155.000 (yüz əlli beş min) manat, likvid dəyəri 140.000 (yüz qırx min) manat təşkil edir.

20. xx.xx.2023-cü il tarixli Finoko BOKT ASC tərəfindən AR ƏMDK yaında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktuba əsasən Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır;

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tambaxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.

26. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00082-01 №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 50000 manat məbləğində krеdit vеrilmişdir. (§9) Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 43, 29 nömrəli mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli ÇİXARİŞ Qeydiyyat № **********) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2023-cü il tariхli 2023/00082-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. (§8) Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2023-cü il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********). (§13)

27. İddiaçının ilkin tələbi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00082-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsidir. İş materiallarından görünür ki, iddiaçı tərəf xx.xx.2023-cü il tarixli bildirişdə (xx.xx.2023-cü il tarixli poçt qəbzi) cavabdehdən müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı xəbərdarlıq etmişdir. (§15) Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. (§23) Hazırki iş üzrə də iddiaçı tərəf xx.xx.2023-cü il tarixli bildirişlə (§15) müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini bildirdiyindən ləğvetmənin həyata keçirilməsinin ümumi formasına uyğun olaraq tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00082-01 №-li Kredit Müqaviləsi ləğv edilmişdir.

29. İddiaçının tələbinin digər hissəsi Cavabdeh kredit müqaviləsinə əsasən əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulunun iddiaçının xeyrinə tutulması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış borc – borcalan Cavabdeh tutulmalıdır. Eyni zamanda cavabdeh kredit müqaviləsi üzrə borcunu vaxtında ödəyə bilmədiyini məhkəmə iclasında etiraf edərək xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 260 manat pulun onun tərəfindən ödənilməsinə etiraz etmədiyini bildirmişdir. (§5)

30. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00082-01 №-li Krеdit Müqaviləsinə əsasən Cavabdeh əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat borc İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır.

31. İddia tələbinin digər hissəsi borcun Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, 29 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 122.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 260 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsidir. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir .

32. Məhkəmə borcun ipoteka predmetinə yönəldilməsi hissəsini əsaslı hesab edərək, iddiaçı tərəfindən müəyyən edilmiş əmlakın ilkin satış qiyməti ilə razılaşmır və hesab edir ki, xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına uyğun olaraq ünvan 3 ünvanında yerləşən mənzilin likvid dəyəri 140.000 (yüz qırx min) manat (§19) müəyyən edilməlidir. Belə ki, bu dəyər daha ağlabatan və bazar münasibətlərinə daha uyğundur.

33. Məhkəmə iddia tələbini ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsini əsaslı sayır.

34. Belə ki, İpoteka haqqında AR Qanunun 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

35. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00082-01 №-li Krеdit Müqaviləsinə əsasən Cavabdeh əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat borc İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, borcun tutulması Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, 29 saylı mənzilinə yönəldilməli, həmin əmlakın ilkin satış qiymətinin 140.000 (yüz qırx min) AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 manat manat borc İddiaçı BOKT ASC-yə ödənilməli, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalı və orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri:

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 260 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əlavə edilmiş 1242 №li hesab fakturaya əsasən qiymətləndirmənin dəyəri olan 350 manat Cavabdeh tutularaq (Benefisiarın bankı: Ziraatbank “İçərişəhər” filialı; Bank VÖEN **********; kodu 512543; SWİFT: TCZBAZ22; Müxbir hesabı: AZ42NABZ********************; Benefisiarın adı: FM Consulting MMC; VÖEN **********; Benefisiarın hesabı: AZ80TCZB********************) FM Consulting MMC-yə ödənilməlidir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00082-01 №-li Krеdit Müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 (əlli altı min iki yüz qırx səkkiz manat on beş qəpik) manat borc İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun.

3. Tələb (borc) Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, 29 saylı mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 140.000 (yüz qırx min) manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 49127,52 manat məbləğində qalıq, ona hesablanmış 6120,63 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 56248,15 (əlli altı min iki yüz qırx səkkiz manat on beş qəpik) manat manat borc İddiaçı BOKT ASC-yə ödənilsin.

4. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılsın və orada yaşayan şəxslər əşyaları ilə birlikdə çıxarılsın.

5. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 43, 29 saylı mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına dövlət rüsumu kimi ödənilmiş 260 manat məbləğində pul İddiaçı BOKT ASC-yə ödənilsin.

6. İddia qalan hissədə təmin edilməsin.

7. xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatına əlavə edilmiş 1242 №li hesab fakturaya əsasən qiymətləndirmənin dəyəri olan 350 manat Cavabdeh tutularaq (Benefisiarın bankı: Ziraatbank “İçərişəhər” filialı; Bank VÖEN **********; kodu 512543; SWİFT: TCZBAZ22; Müxbir hesabı: AZ42NABZ********************; Benefisiarın adı: FM Consulting MMC; VÖEN **********; Benefisiarın hesabı: AZ80TCZB********************) FM Consulting MMC-yə ödənilsin.

8. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar