Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7511/2024 26.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyun 2022-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********38580 olan Samsung Galaxy A13 markalı telefon, X4, Vinil şəffaf, Huawei qulaqlıq üçün 71.72 manat ödənilməmiş hissə, 19.28 manat dəbbə; 10 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən, Hoffmann party box musiqi mərkəzi üçün 118.14 manat ödənilməmiş hissə, 33.86 manat dəbbə; 28 mart 2023-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********81402 olan Blackview A95 markalı telefon üçün 646.20 manat ödənilməmiş hissə, 147.08 manat dəbbə; 17 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, Apple Watch ultra qol saatı, İmei kodu **********17271 olan iPhone 14 Pro Max markalı telefon, Apple adapter üçün 4.177,28 manat ödənilməmiş hissə, 1.092,72 manat dəbbə, ümumilikdə 6.307 manat borc, 83.07 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 23 iyun 2022-ci il, 10 yanvar 2023-cü il, 28 mart 2023-cü il və 17 aprel 2023-cü il tarixli müqavilələrə əsasən, İmei kodu **********38580 olan Samsung Galaxy A13 markalı telefon, X4, Vinil şəffaf, Huawei qulaqlıq, Hoffmann party box musiqi mərkəzi, İmei kodu **********81402 olan Blackview A95 markalı telefon, Apple Watch ultra qol saatı, İmei kodu **********17271 olan iPhone 14 Pro Max markalı telefon, Apple adapter almış və nəticədə 6.307 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 23 iyun 2022-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 683.38 manat olan İmei kodu **********38580 olan Samsung Galaxy A13 markalı telefon, X4, Vinil şəffaf, Huawei qulaqlıq üçün ümumilikdə, 91 manat olmaqla ondan 71.72 manat ödənilməmiş hissə, 19.28 manat dəbbə, 10 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 399.96 manat olan Hoffmann party box musiqi mərkəzi üçün ümumilikdə, 152 manat olmaqla ondan, 118.14 manat ödənilməmiş hissə, 33.86 manat dəbbə, 28 mart 2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 646.92 manat olan İmei kodu **********81402 olan Blackview A95 markalı telefon üçün ümumilikdə, 794 manat olmaqla ondan 646.20 manat ödənilməmiş hissə, 147.08 manat dəbbə, 17 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 6.993,76 manat olan Apple Watch ultra qol saatı, İmei kodu **********17271 olan iPhone 14 Pro Max markalı telefon, Apple adapter üçün ümumilikdə, 5.270 manat olmaqla ondan, 4.177,28 manat ödənilməmiş hissə, 1.092,72 manat dəbbə borcu yaranmışdır. Cavabdeh 23 iyun 2022-ci il tarixli müqaviləyə əsasən, 24 iyun 2022-ci il tarixində İmei kodu **********38580 olan Samsung Galaxy A13 markalı telefon və X3 3 il xidmətindən imtina etmiş və məhsul 562.46 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 14 aprel 2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 49.20 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 562.46 manat, digər 3 müqavilə üzrə cəmi ödədiyi məbləğ 3.098,30 manat təşkil edir. Cavabdehlə bağlanılmış 23 iyun 2022-ci il, 10 yanvar 2023-cü il, 28 mart 2023-cü il, 17 aprel 2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 23 iyun 2022-ci il, 10 yanvar 2023-cü il, 28 mart 2023-cü il, 17 aprel 2023-cü il tarixli müqavilələr bağlanmışdır. İddiaçı müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və tam və vaxtında ödəniş etməmişdir. Cavabdehin iddiaçıya borcu yaranmışdır. Yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 23 iyun 2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 71.72 manat, cərimə borcu 19.28 manat, 10 yanvar 2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 118.14 manat, cərimə borcu 33.86 manat, 28 mart 2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 646.92 manat, cərimə borcu 147.08 manat, 17 aprel 2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borcu 4.177,28 manat, cərimə borcu 1.092,72 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, iddiaçı tərəfin izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alğı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan müqavilələrdə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilələr əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edilməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimələr iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimələrin tənasübsüz surətdə yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilələr ilə müəyyən edildiyini nəzərə alaraq 23 iyun 2022-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş 19.28 manat cərimənin 7 manat, 10 yanvar 2023-cü il tarixli müqavilə üzrə müəyyən edilmiş 33.86 manat cərimənin 10 manat, 28 mart 2023-cü il tarixli müqavilə üzrə müəyyən edilmiş 147.08 manat cərimənin 60 manat, 17 aprel 2023-cü il tarixli müqavilə üzrə müəyyən edilmiş 1.092,72 manat cərimənin 410 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Məhkəmə həmçinin iddianın 83.07 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 23 iyun 2022-ci il tarixli müqaviləyə əsasən, 71.72 (yetmiş bir manat yetmiş iki qəpik) manat əsas borc, 7 (yeddi) manat cərimə borcu; 10 yanvar 2023-cü il tarixli müqaviləyə əsasən, 118.14 (bir yüz on səkkiz manat on dörd qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu; 28 mart 2023-cü il tarixli müqaviləyə əsasən, 646.92 (altı yüz qırx altı manat doxsan iki qəpik) manat əsas borc, 60 (altmış) manat cərimə borcu; 17 aprel 2023-cü il tarixli müqaviləyə əsasən, 4.177,28 (dörd min yüz yetmiş yeddi manat iyirmi səkkiz qəpik) manat əsas borc, 410 (dörd yüz on) manat cərimə borcu olmaqla, cəmi 5.501,06 (beş min beş yüz bir manat altı qəpik) manat pul vəsaiti və 83.07 (səksən üç manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-7511/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7511/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver