Məhkəmə qərarları › İş №e-2(011)-7572/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7572/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7572/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 25000 manat maddi zərərin, 10000 manat mənəvi zərərin, faiz və dəbbə pulu kimi 7500 manatın, ümumilikdə, 42500 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 ogluna məxsus olmuş, həmin sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX - nin Bakı şəhəri ərazi idarəsinin **********7 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən həmin mülkiyyət onun adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin 0,02 ha hissəsi onun mülkiyyətinə satılarkən də, həbs altında olmamış, ipoteka ilə də yüklü edilməmişdir. Cavabdeh1 oglu ilə həmin 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsinin ona satılmasına dair razılıga gəlmiş, Bakı şəhəri 12 saylı Notariat ofisində həmin sahəyə dair alqı-satqı müqaviləsi tərtib olunmuşdur. Alqı - satqı müqaviləsinə görə torpaq sahəsinin razılaşdrılmış qiyməti 5000 manat təşkil etmiş, müqavilənin tərtibi ilə əlaqədar həmin məbləğ satlıcıya onun tərəfindən dərhal ödənilmişdir. Torpaq sahəsi satıcı tərəfindən ona təhvil verilmiş , həmin torpaq sahəsini hasarlamış, həmin sahədə kiçik bir yaşayış mənzilinin tikilməsi üçün hazırlıq işləri aparmış, mal materiallar alınaraq həmin sahəyə yerləşdirilmişdir. Alqı-satqı müqaviləsinin rəsmilşdirilməsindən sonra alqı-satqı müqaviləsi “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemində qeydə alınmış, qeydə alınmasına dair həmin sistemdən çıxarış ona təqdim olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021- ci il tarixli **********531 reyestrli mülkiyyət hüququna dair çıxarış verilmiş və həmin tarixdən də onun xüsusi mülkiyyətini təşkil etmişdir. Bundan sonra xx.xx.2021- ci il tarixdə keçmiş mülkiyyətci Cavabdeh1 oglu ona qarşı yalan hərəkətlərini davam etdirərək. guya onun həmin torpaq sahəsini zəbt etdiyini, həmin sahənin guya digər şəxsə, X7 ogluna məxsus olduğunu, tərəfindən həmin sahəni 16 aprel 2021- ci ildə N. Bagırova satdıgını, həmin sahədə onun qanunsuz olaraq yaşayış mənzilini tikdiyini, torpaq sahəsini özbaşına zəbt etməyini bildirərək, qaynı olan – bacısının əri X8 oglu ilə birlikdə ona qarşı iddia qaldırmış, iddia Suraxanı rayon Məhkəməsində baxılmışdır. İddianın əsassızlıgı və iddiaçıların riyakarlıgı iddia ərizəsinin özündə də tam əksini tapmışdır. Belə ki, iddia ərizəsində iddiaçı mülkiyyətində olmuş 0,08 ha sahənin 0,02 ha torpaq sahəsini ona satdıgını və həmin sahəyə dair müqavilə qiymətinin tərəfindən ödənildiyini təsdiq edir. Eyni zamanda 0,08 ha sahənin yerdə qalan 0,06 hissəsindən 0,02 ha hissəsini isə guya digər iddiyaçı olan X8 ogluna satdıgını və onun tərəfindən Nəbi Bagırova satılmış 0,02 ha hissənin qanunsuz olaraq zəbt olunduğunu iddia etməklə həmin sahədən çıxarılma barədə iddia qaldırmışlar. Mülkiyyətində olan 0,02 ha sahədən onun çıxarılması üçün riyakarlıqla tərtib olunmuş iddia ərizəsinə məhkəmələr baxaraq həqiqəti əks etdirməyən iddianı təmin etmişlər. Halbuki, çıxarılmağı barədə iddia olunan 0,02 ha sahə qeyd olunan və notariat qaydasında ona satılan və mülkiyyətini təşkil edən eyni torpaq sahəsi olmuşdur. Sənədlərdən də göründüyü kimi X8 ogluna torpaq sahəsinin satılmasına dair müqavilə onunla baglanmış alqı-satqı müqaviləsinin tərtib olunmasından sonra 16 aprel 2021- ci ildə tərtib olunmuşdur. Bu faktın özü də cavabdeh tərəfindən ona qarşı edilən qanunsuz hərəkətləri, maddi zərər, mənəvi sarsıntılarına səbəb olmuş hərəkətlərinin zahiri təzahürüdür. Qeyd etdiyi faktlara baxmayaraq, cavabdeh mülkiyyətində olan 0,02 ha torpaq sahəsindən məhkəmə qərarları ilə çıxarılmagına nail olmuşdur. Belə ki Bakı Apellyasiya Məhkəməsinin 2(103)—885/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsi onun mülkiyyətimdə olan sahəyə hüquqları itirilmiş və həmin tarixli icra vərəqilə əlaqədar əsassız və qanunsuz olaraq icra qaydasında torpaq sahəsindən çıxarılmışdır. Mülkiyyətində olan torpaq sahəsindən və 20000 manata qədər xərcini çəkib tikdirdiyi yaşayış mənzilindən məhrum olmuşdur .Cavabdehlər nəinki onun həmin sahəyə dair ödədiyi 5000 manat məbləği qaytarmamış, yaşayış evinin tikintisi üçün çəkdiyi 20000 manat məbləgi də qaytarmaqdan imtina etməkdədir. Bununla əlaqədaq ciddi maddi və mənəvi zərərə məruz qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olmuş 0,08 ha torpaq sahəsinin 0,02 ha sahəsini alqı-satqı müqaviləsi ilə, digər 0,02 ha sahəni isə etibarnamə əsasında almışdır. Hər iki sahədə ev tikdirmişdir. Alqı-satqı ilə aldığı torpaq sahəsi hazırda da onun mülkiyyətindədir və həmin sahə ilə bağlı problem yoxdur. Lakin, etibarnamə ilə alığı 0,02 ha torpaq sahəsinə dair etibarnaməni Cavabdeh1 sonradan ləğv edərək, həmin torpağı Cavabdeh2 satmışdır. Məhkəmələr isə torpağın daha əvvəl etibarnamə ilə ona satılmasına düzgün qiymət vermədən onun həmin sahədən çıxarılmasına qərar vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, o, mülkiyyətində olan torpaq sahəsinin 0,02, ha hissəsini İddiaçı satmaq üçün Natiqin qardaşı Ceyhuna etibarnamə vermişdir ki, qardaşlar alqı-satqını özləri rəsmiləşdirsinlər. Lakin, sonradan alqı-satqı müqaviləsinin bağlanılmasında özü iştirak etmiş, müqavilə ilə 0,02 ha torpaq sahəsini Natiqə satmışdır. Alqı-satqıdan sonra Ceyhuna verdiyi etibarnaməyə ehtiyac qalmadığı üçün etibarnaməni ləğv etdirmişdir. O, yalnız qardaşlardan Natiqə 0,02 ha torpaq sahəsini satmışdır. Qardaşlara başqa torpaq sahəsi satmamış və başqa ödəniş almamışdır. Lakin, Natiq və Ceyhun özbaşına onun torpağının qalan hissəsini zəbt etmişdir. Zəbt edilən torpaq sahəsi Cavabdeh2 olmuşdur. Torpaq sahəsində ev tikilməsinə, ustaların işlməsinə razı olması barədə iddiaçının bildirikləri satılan torpaq sahəsinə aiddir. İcra sənədi üzrə icraata xitam verilməsinə razı olması isə sonradan torpağı satması və artıq həmin hissənin ona aidiyyətinin olmaması ilə bağlı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsindən 0,02 ha torpaq sahəsinin satılması, alıq-satqı müqaviləsinin imzalanması, müqavilə üzrə məbləğin müəyyən edilməsi, ona çatası pulu alması, məbləğ depozit hesabı ilə ödənildikdə onu bankda təmsil etməsi, əmlak və vergi borcunu ödəməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqəda digər hərəkətləri etməsi ilə bağlı X4 etibarnamə vermişdir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, həmin etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X4 qarşı cavabdehlərin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin zəbt edilmiş 0,02 ha hissəsindən çıxarılması, həmin 0,02 ha torpaq sahəsinin Cavabdeh2 təhvil verilməsi tələbi barədə iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X3 iddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin zəbt edilmiş 0,02 ha hissəsindən çıxarılması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni qaydalarla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 138-ci Binə, 4-cü döngə 17 ünvanında yerləşən 0,02 torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1144/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X4 qarşı torpaq sahəsinin boşaldılması və sair tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X3 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılması, iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında 0,02 ha torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikilinin cavabdeh İddiaçı hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6711/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Cavabdeh2) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini 5000 manata İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilməmiş, mübahisələndirilməmiş və hazırda da 0,02 ha torpaq sahəsi İddiaçı mülkiyyətində və istifadəsindədir. Daha sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətində qalmış 0,06 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini Cavabdeh2 satmış, Cavabdeh2 adına olan alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış da etibarsız hesab edilməmiş, hazırda da qüvvədədir. İddia ərizəsində iddiaçı tələbini xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əlaqələndirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə aldığı 0,02 ha torpaq sahəsindən başqa 0,02 torpaq sahəsini də etibarnamə ilə Cavabdeh1 5000 manat ödəməklə satın almasına, həmin torpaq sahəsində 20000 manat xərc çəkərək ev tikməsinə, lakin sonda məhkəmə qətnaməsi ilə torpaqdan çıxarılmasına əsaslanaraq cavabdehlərdən maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh1 isə torpaq sahəsinə dair sərəncam verilməsi barədə etibarnamənin, torpağın satılmasına görə 5000 manat ödənişin, torpaq sahəsində ev tikilməsinə dair onun tərəfindən razılığın yalnız alıq-satqı müqaviləsi ilə satılan torpağa aid olduğunu, alıq-satqı müqaviləsi ilə satılan 0,02 ha torpaq sahəsindən başqa İddiaçı başqa torpaq sahəsi satmadığını, ödəniş almadığını, ev tikilməsinə razılıq vermədiyini, alqı-satqıdan sonra iddiaçının qardaşı Ceyhuna verdiyi etibarnaməyə ehtiyac qalmadığı üçün etibarnaməni ləğv etdirdiyini bildirərək, iddiaya etiraz etmişdir. Cavabdehin etirazını təkzib edən, iddiaçının iddia tələbini əsaslandığı halları təsdiq edən sübutlar iş materiallarında aşkar olunmamışdır. Həmçinin, iddiaçı ona həqiqətən 0,04 ha torpaq sahəsi satılmasına razılaşmışlarsa, niyə yalnız 0,02 ha torpağın alqı-satqısının müqavilə ilə rəsmişləşdirilməsi, qalan 0,02 ha torpağın alqı-satqısının özünün iddia etdiyi kimi hansı zərurətdən etibarnamə ilə həyata keçirilməsini məntiqli izah edə bilməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə də iddiaçının iddia tələbini əsaslandığı hallara hüquqi qiymət verilmiş və həmin halların mövcud olmadığı təsdiq edilmişdir. Belə ki, sadalanan məhkəmə aktları ilə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 mülkiyyətində qalan 0,06 ha torpaq sahəsindən 0,02 torpaq sahəsini İddiaçı satmaması, həmin torpaq sahəsinə görə şifahi razılaşmaya əsasən 5000 manatın ödənilməsinin sübut olunmaması, torpaq sahəsinin Cavabdeh2 satılması, lakin, İddiaçı və X5 tərəfindən zəbt edilməsi müəyyən olunmuş, odur ki, onların Cavabdeh2 məxsus torpaqdan çıxarılması, torpaq sahəsində inşa edilmiş tikilinin İddiaçı hesabına sökülməsi qət edilmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən məhkəmə qətnamələri də qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, maddi və mənəvi zərərin, faiz və dəbbə pulunun ödənilməsi tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar