Məhkəmə qərarları › İş №e-2(011)-7621/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7621/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7621/2024 16.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" BOKT ASC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2175.39 manat əsas, 29.21 manat faiz, 7.98 manat məbləğində cərimə olmaqla, cəmi 2212.58 (iki min iki yüz on iki manat 58 qəpik) manat məbləğində borcun və 42,13 (qırx iki manat 13 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, HO0007463-2022 saylı çərçivə kredit müqaviləsinə əsasən borcalana (cavabdehə) 60 ay müddətində, illik 48 % hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, çərçivə kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq digər Cavabdeh2 ilə iddiaçı ASC arasında 05 noyabr 2022-ci il tarixdə bağlanmış ZM1- HO0007463-2022 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 zamin kimi kredit alanın (Cavabdeh1) öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə dair öhdəlik götürmüşdür. Buna baxmayaraq, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödənilməli olan kreditin ödənilməsinə dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Belə ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-dən götürdüyü 4000 manat məbləğində kredit borcundan əsas məbləğ üzrə 1824.61 manat, faiz borcundan isə 914.12 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Bu səbəbdən də, cavabdehlərin iddiaçı ASC-yə ödənilməmiş 2175.39 manat əsas, 29.21 manat faiz və 7.98 manat məbləğində cərimə borcu qalmışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə rəsmi müraciət оlunmasına, məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdehlər götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişlər. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, HO0007463-2022 saylı Çərçivə kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" BOKT MMC və borcalan Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, "xxxx" BOKT MMC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 48% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 6348/2024 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" BOKT-a xx.xx.2024-cü il tarixinə 2175,39 manat əsas, 29,21 manat faiz, 7,98 manat cərimə borcu olmaqla, ümumilikdə 2212,58 manat məbləğində kredit borcu var. İş materiallarında olan "xxxx" BOKT ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ZM1-HO0007463-2022 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2022-ci il tarixli, HO0007463-2022 saylı kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, kreditin məbləği 4000 manatdır. İş materiallaından görünür ki, xx.xx.2024-cü ildə "xxxx" BOKT tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6092 №-li Xəbərdarlıq göndərilməklə onlardan kredit müqaviləsinə əsasən olan borcun 30 avqust 2024-cü ilə kimi ödənilməsi tələb edilmişdir. İş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən 42,13 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, HO0007463-2022 saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə, illik 48% olmaqla 4000 manat məbləğində kredit verilmişdir, həmin tarixdə borcun təminatı olaraq Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqavilələri bağlanmışdır, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdurlar, cavabdehlərə borcun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir, hal-hazırda cavabdehlərin xx.xx.2022-ci il tarixli, HO0007463-2022 saylı müqavilə üzrə əsas borcu 2175,39 manat, faiz borcu 29,21 manat, cərimə borcu 7,98 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə görə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2175,39 manat məbləğində əsas borc, 29,21 manat məbləğində faiz borcu, 7,98 manat cərimə borcu olmaqla, ümumilikdə 2212,58 manat borc "xxxx" BOKT ASC-nin xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehlərin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 42,13 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməli və cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, HO0007463-2022 saylı müqavilə üzrə müştərək qaydada 2175,39 manat məbləğində əsas borc, 29,21 manat məbləğində faiz borcu, 7,98 manat cərimə borcu olmaqla, ümumilikdə 2212 (iki min iki yüz on iki) manat 58 (əlli səkkiz) qəpik və dövlət rüsumu qismində ödənilmiş 42 (qırx iki) manat 13 (on üç) qəpik alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar