Məhkəmə qərarları › İş №e-2(011)-7674/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7674/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7674/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Mülki iş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixinə təyin edilmiş, lakin tərəflərdən heç biri həmin tarixli məhkəmə hazırlıq iclasında da iştirak etməmişlər.

3. Məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.2. dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.

5. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.

İşə baxan məhkəmənin mövqeyi:

6. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

7. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi məhkəmə iki hazırlıq iclası keçirmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin iddiaçı və cavabdeh heç biri məhkəmə iclasında iştirak etməmişlər..

8. Eyni zamanda iddiaçı və cavabdeh məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini prosessual qaydaya uyğun olaraq xahiş etməmişlər. O cümlədən, prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən məhkəmə prosesinin davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. İddiaçı MMC tərəfindən Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş ********** qəbz nömrəli 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.

3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar