Məhkəmə qərarları › İş №e-2(011)-7709/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7709/2025

17.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7709/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20.560,22 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 2.690,09 manat borcun və ödənilmiş dövlət rüsumu 46,9 manat iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 19.150 manat məbləğində pul ayrılmışdır və о, 32 ay müddətində kreditin əsas məbləği və оna illik 18% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X1 Azərbaycan” QSC-nə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər cavabdeh tərəfindən tam, vaxtında və lazımi qaydada icra edilmədiyindən banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə bank məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 20.560,22 manat məbləğində bоrc tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdehin 20.560,22 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 2.690,09 manat məbləğində banka maddi zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-7709/2025 saylı qərardadı ilə iddiaçı « X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə əlaqədar icraat kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdir. İddiaçı “X1 Azərbaycan” QSC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 277741 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 2.690,09 manat borcu vardır. İş materiallarında olan hesab çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 20.711,90 manat pul ödənilməlidir. Bu qərar üzrə pul tam ödənilməmişdir. Gecikmə günləri cəmi 1.006 gün təşkil edir. Bununla bağlı illik 5% tələbi – 2.692,09 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3744/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 19.127,66 manat əsas, 1.417,56 manat faiz, 15 manat olmaqla, cəmi 20.560,22 manat borc, 151,68 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 17.135,09 manat məbləğində əsas, 956,42 manat faiz, 201,1 manat cərimə borcu olmaqla, cəmi 18.292,61 manat pul vəsaitinin cavabdehdən alınaraq “X1 Azərbaycan” QSC-nə ödənilməsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3744/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmişdir. Həmin qətnamə üzrə ödəniş tam şəkildə icra edilməmişdir. İddiaçı qətnamə ilə tutulmuş borcun gecikdirilməsinə görə xx.xx.2025-xx.xx.2025-ci il tarixləri üçün illik 5% pul məbləğinin tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflərin borc müqaviləsini bağladığı tarixdə (münasibətlərinin yarandığı tarixdə) qüvvədə olan Mülki Məcəllənin 445.7-ci maddəsinin redaksiyasında deyilirdi ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ( xx.xx.2023-cü il tarixli Qanunla maddə yeni redaksiyada verilmişdir). Faizdən faizlərin hesablanmasının qadağası nəzərə alındıqda belə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əsas borc, cərimə və dövlət rüsumunun cəminin (19.294,34 manat) xx.xx.2022-xx.xx.2025-ci il dövrünə illik 5% hissəsi iddia tələbində qeyd edilmiş 2.690,09 manat pul vəsaitini ehtiva etdiyindən, iddia tələbləri təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, 46,90 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3744/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 19.294,34 manat pul vəsaitinin xx.xx.2022xx.xx.2025-ci il tarixlərində ödəməməklə gecikdirilməsinə görə 2.690,09 (iki min altı yüz doxsan manat doqquz qəpik) manat pul vəsaiti və 46,90 (qırx altı manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar