Məhkəmə qərarları › İş №e-2(011)-7745/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7745/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7745/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı “X1” ASC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 756,26 manat əsas, 3,13 manat faiz, 0,28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 759,67 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,iddiaçı “X1” ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2.285,17 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 12 aprel 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 756,26 manat əsas, 3,13 manat faiz, 0.28 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 759,67 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" KB ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Kommersiya Bankı” ASC ilə Cavabdeh arasında bağlanılmış 1350rstDNG/19 saylı, xx.xx.2019-cu il tarixli “güzəştli kredit və bank hesabı müqaviləsi”nin 1.2-ci maddəsinə əsasən Bank ("xxxx" KB ASC) tərəfindən Müştəriyə (Cavabdeh) verilən kreditin məbləği 2,285,17 manat təşkil edir. Müqavilənin 1.3-cü bəndinə görə kredit 60 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, 12 ay güzəşt müddəti, illik 1 faiz ödəmək şərtilə verilir. 1350rstDNG/19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə görə xx.xx.2019-xx.xx.2024-cü il tarixlərində cəmi 2.355,46 manat kredit ödənişinin ödənilməsi razılaşdırılmışdır. (2.285,17 manat əsas məbləğ və 70.29 manat faiz məbləği). Ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 1350rstDNG/19 saylı müqavilə üzrə 756,26 manat əsas, 3,13 manat faiz, 0,28 cərimə və ümumilikdə cəmi 759,67 manat borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında pul ğdəmək öhdəliyini lazımi şəkildə icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 1350rstDNG/19 saylı,xx.xx.2019-cu il tarixli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən 756,26 manat (yeddi yüz əlli altı manat iyirmi altı qəpik) əsas, 3,13 manat (üç manat on üç qəpik) faiz borcu olmaqla, cəmi 759,67 manat (yeddi yüz əlli doqquz manat altmış yeddi qəpik) borc məbləği və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı “X1” ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar