Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-776/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-cü il tarixdə BPM**********49 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 24% olmaq şərtilə, 28 ay müddətinə 2440 manat məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 114,70 (sonuncu ay üzrə 113,03) manat müəyyən edilmişdir. Kredit vəsaiti cavabdehə xx.xx.2020-ci il tarixdə kassa məxaric orderi əsasında nağd qaydada verilmişdir.
2. Cavabdeh tərəfindən kredit üzrə öhdəlik qismən icra edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı cavabdehdən iddiaçının xeyrinə 1388,12 manat əsas, 25,87 manat faiz olmaqla, cəmi 1413,99 manat pul vəsaitinin və 34,14 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Xəlilov Əjdər Hacıqulu oğlu ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli BPM**********49 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Xəlilov Əjdər Hacıqulu oğluna illik 24 %-lə, 28 ay müddətinə 2440 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əldə olunan məlumata əsasən, cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, Xəlilov Əjdər Hacıqulu oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ünvan 1 ünvanında yerləşən 7 otaqlı fərdi yaşayış evindən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, Xəlilov Əjdər Hacıqulu oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş1388.12 manat əsas, 25.87 manat faiz borcu olmaqla, cəmi 1413.99 manat borcu qalmışdır. Cavabdeh mərhum Xəlilov Əjdər Hacıqulu oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-36046/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
14. Maddə 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
16. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
17. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sırasına daxildir.
18. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
23. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Xəlilov Əjdər Hacıqulu oğlu arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən 28 ay müddətinə, illik 24% ödəmək şərti ilə ona 2440 manat məbləğində kredit verilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan Xəlilov Əjdər Hacıqulu oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdehə 6 saylı Bakı “ASAN” xidməti mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
24. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Xəlilov Əjdər Hacıqulu oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında krediti və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaq öhdəliyi götürmüş, lakin onun ölməsi nəticəsində cavabdeh Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, ölmüş şəxsin vərəsəsi kimi krediti qaytarmaq öhdəliyi daşımaqdadırlar. İşin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmı faizlərin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır.
25. Məhkəmə həmçinin iddianın 34,14 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 1388,12 manat məbləğində əsas, 25,87 manat faiz olmaqla, cəmi 1413,99 manat pul məbləği, həmçinin ödənilmiş 34,14 manat dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı