Məhkəmə qərarları › İş №e-2(011)-7761/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7761/2025

05.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7761/2025 05.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh “pul tələbi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə müraciət edətək, Cavabdeh 13253,53 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 927.81 manat borcun və ödənilmiş dövlət rüsumu 30 manat iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: xx.xx.2023-cü il tarixdə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında 295765 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 13200 (on üç min iki yüz) manat məbləğində pul ayrılmışdır və о, 48 (qırx səkkiz) ay müddətində illik 15 % (on beş) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdeh(lər)ə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişlərin (Pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi“X1 Azərbaycan” QSC-ə olan borcunu ödəməmişdir. Lakin, öhdəliklər borclu tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 13253,53 manat məbləğində bоrc tutulması qət edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in 13253,53 manat ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə bank tərəfdən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 927.81 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : 1) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 11 gün - 20.25 ₼ 2) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı - 46 gün - 82.33 ₼ 3) xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı- 13 gün - 22.91 ₼ 4) xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı- 9 gün - 15.65 ₼ 5) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı- 26 gün - 45.18 ₼ 6) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı- 399 gün - 682.24 ₼ 7) xx.xx.2025 tarixindən xx.xx.2025 tarixinə qədərəsas məbləğ üzrə gecikmə gün sayı- 35 gün - 59.26 ₼ olmaqla ümumilikdə 539 gün olmaqla cəmi 927.81 manat təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş edərək, bildirdi ki, əvvələr vaxtında ödəyirdi, iş yerində ixtisara düşdüyü üçün ödənişləri gecikdirmişdir, daha sonra yanvar ayında məhkəməsi olmuş, bundan sonra may ayında yenidən 150 manat olmaqla ödəniş etməyə başlamışdır,halhazırda gecikməyə görə ona irəli sürülən 927.81 manatı ödəməyə imkanı yoxdur. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-540/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12121,28 manat məbləğində əsas borc, 859,06 manat məbləğində faiz borcu, 143,82 manat cərimə borcu, olmaqla, ümumilikdə 13124 (on üç min yüz iyirmi dörd) manat 16 (on altı) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 (yüz iyirmi doqquz) manat 37 (otuz yeddi) məbləğində pul alınaraq «X1 Azərbaycan» QSC-yə ödənilməsi qət edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 295765 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclardan qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə 927.81 manat məbləğində borcu vardır. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixinə qədər əsas məbləğ üzrə 11 gün gecikmə olmuş, bu da 5%-lə 20.25 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər əsas məbləğ üzrə 46 gün gecikmə olmuş, bu da 5%-lə 82.33 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər 13 gün gecikmə olmuş, bu da 5%-lə 15,65 manat, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə 26 gün gecikmə olmuş, bu da 5%-lə 45,18 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə 399 gün gecikmə olmuş, bu da 5%-lə 682,24 manat, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər əsas məbləğ üzrə 35 gün gecikmə olmuş, bu da 5%-lə 59.26 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, "xxxx" QSC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli, **********54 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Mülki işin materialları ilə müəyyən edilmişdir ki, 295765 saylı xx.xx.2023-cü il tarixli, kredit müqaviləsindən görünür ki, borcverən «X1 Azərbaycan» QSC və borcalan Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, «X1 Azərbaycan» QSC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 15% olmaqla 13200 manat məbləğində kredit xətti açmışdır. Borclu tərəfindən öhdəlik tam yerinə yetirilmədiyindən bank iddia ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(011)-540/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12121,28 manat məbləğində əsas borc, 859,06 manat məbləğində faiz borcu, 143,82 manat cərimə borcu, olmaqla, ümumilikdə 13124 (on üç min yüz iyirmi dörd) manat 16 (on altı) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 129 (yüz iyirmi doqquz) manat 37 (otuz yeddi) məbləğində pul alınaraq «X1 Azərbaycan» QSC-yə ödənilməsi qət edilmişdir. Hazırda bank borclu tərəfindən ödənişlərin vaxtı-vaxtında ödənilmədiyi əsas gətirərək, gecikdirilmiş günlər üzrə əsas məbləğin illik 5%-nin tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 30) görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə yuxarıda istinad olunan MM-in normalarını və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, “X1 Azərbaycan” QSC-nin tələbkar olduğu və Cavabdeh oğlunun borclu olduğu e64669/2025-1-46 nömrəli icra işi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatındadır. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı isə MM-in 445.7-ci maddəsində göstərilmişdir. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən gecikdirilmiş əsas borca görə illik 5%-lə pulun tutulması təmin edilməli və Cavabdeh 927,81 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 927,81 (doqquz yüz iyirmi yeddi manat, səksən bir qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 957,81 (doqquz yüz əlli yeddi manat, səksən bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar