Məhkəmə qərarları › İş №e-2(011)-7865/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7865/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7865/2024 05.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı xx.xx.2024-cü il tarixdə “Tap.az” internet səhifəsində elanını görərək telefon (Samsung S23 Ultra) almaq qərarına gəlmişdir. Elanda göstərilən 070 *** ** ** telefon nömrəsi ilə əlaqə saxlamış və “Whatsapp” sosial şəbəkəsi üzərindən yazışma apararaq mobil telefonun qeydiyyatlı və zəmanətli olması satıcı tərəfindən təsdiq edildikdən sonra telefonu sifariş etmişdir. Daha sonra telefon kruyer vasitəsilə faktiki olaraq yaşadığı və qeydiyyatda olduğu Bakı Şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına göndərilmişdir. Telefonla yanaşı “Zəmanət talonu” da iddiaçıya təqdim edilmişdir. İddiaçı telefon yoxlanıldıqdan sonra gətirən şəxsin ona verdiyi 523915******6735 bank kartına 1600 manat məbləği köçürtmüşdür.

2. Telefona nömrə taxaraq işlətdikdən sonra telefonun qeydiyyatdan keçirilməsi ilə bağlı sms bildiriş gəlmiş, iddiaçı bir neçə dəfə bu barədə cavabdehə məlumat vermişdir. Cavabdeh isə ona “Narahat olmayın, telefon zəmanətlidir, 14 gün ərzində telefon avtomatik olaraq qeydiyyata düşəcəkdir” bildirmişdir. Daha sonra iddiaçı qarşı tərəfə zəng etdiyində telefona cavab verilməmiş və sonra isə telefon bağlanmışdır. İddiaçıya verilmiş “Zəmanət talonu”nun üzərindəki nömrənin də işləmədiyi, həmin kağızın da aldatma vasitəsi olduğu məlum olmuşdur. İddiaçı mobil telefonu özü qeydiyyatdan keçirtmək istədikdə isə, telefonun gömrük bəyanının olmadığı məlum oldu. Beləliklə aldadılma nəticəsində onun pulu mənimsənilmiş, əlində isə heç bir işə yaramayan telefon qalmışdır.

İddiaçının tələbi:

3. Cavabdeh tərəfindən iddiaçıya qüsurlu telefon satılması nəticəsində iddiaçı tərəfindən ödənilmiş 1600 (bir min altı yüz) manatın və iddiaçıya dəymiş 500 (beş yüz) manat mənəvi zərərin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Tərəflərin izahatı:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, internet səhifəsində elanını görərək telefon Samsung S23 Ultra markalı telefon almaq qərarına gəlmişdir. Daha sonra cavabdehlə razılaşdıqdan sonra telefonu almışdır. Bir müddət sonra telefona qeydiyyatdan keçirilməməsi barədə bildiriş gəlmişdir. Bu barədə cavabdehə məlumat verdikdə 14 gün müddətində düzələcəyini bildirmişdir. Lakin daha sonra cavabdehdən xəbər ala bilməmişdir. Telefonu özü qeydiyyatdan keçirmək istədikdə bunun mümkün olmadığını ona bildirmişdirlər. İddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

7. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən, xx.xx.2024-cü il tarixində 523915******3295 nömrəli bank kartından 523915******6735 nömrəli bank kartına 1600 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

8. Fotoşəkillərə (“Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalara) əsasən, İddiaçı Cavabdeh telefonun satılmasına görə 1600 manat məbləğində pul ödədiyi, həmçinin daha sonra telefonun qeydiyyatdan keçirilməməsi barədə ona bir neçə dəfə məlumat verdiyi görünməkdədir.

9. “STAR Telecom” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli zəmanət talonu.

10. Digər sənədlər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 569.2. Əgər alğı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.

576. Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.

14. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

16. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək tərəflər arasında razılaşdırılmış 1600 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş, cavabdeh isə tam istifadəyə yararlı, zəmanətli Samsung S23 Ultra markalı telefonu iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də iddiaçıya təhvil verilmiş telefonun qanunvericiliyin tələbinə uyğun olaraq gömrük orqanlarında bəyan edilmədiyi və qeydiyyatdan keçmədiyi məlum olmuşdur. Qeyd edilən hallar, iddiaçının izahından və mülki iş materiallarına əlavə edilmiş “Whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalarla öz təsdiqini tapır.

17. Məhkəmə məhkəmə araşdırması zamaı məlum olmuşdur ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə iddiaçıya istifadəyə yararlı və zəmanət talonlu telefon verməyi öhdəsinə götürsə də, sonradan iddiaçı əşyanın qüsurları barədə cavabdehə xəbərdarlıq etdikdə cavabdeh həmin qüsurların aradan qaldırlması ilə bağlı hər hansı hərəkət etməmiş, daha sonra satıcı ilə ümumiyyətlə əlaqə saxlamaq mümkün olmamışdir.

18. Məhkəmə qeyd edir ki, AR MM-in 587.2.1-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. (§11) Buna görə də məhkəmə hesab edir ki, iddia “qüsurlu telefon satılması nəticəsində iddiaçı tərəfindən ödənilmiş 1600 manatın iddiaçıya geri ödənilməsi” hissəsində əsaslıdır və təmin edilməlidir.

19. İddiaçının digər bir tələbi “iddiaçıya dəymiş 500 (beş yüz) manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” olmuşdur. Məhkəmə iddianın həmin hissəsinə münasibətdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında (§13) və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında (§14) nəzərdə tutulan mövqeləri rəhbər tutaraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində, məhkəmə araşdırması zamanı onun mənəvi sarsıntı və iztirablar keçirməsinə səbəb olan halları qeyd etməmiş, həmçinin həmin halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməldir.

20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1600 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

21. İddia ərizəsi qalan hissədə təmin edilməsin.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbi olmadığından iddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

23. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 1600 (min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin.

3. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar