Məhkəmə qərarları › İş №e-2(011)-79/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-79/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-79/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Səfərov Möhsün İlyas oğlu arasında xx.xx.2016-cı il tarixdə bank hesabı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı Möhsün Səfərova 800 manat məbləğində kredit kartı limiti ayırmışdır. Möhsün Səfərov müqavilə üzrə öhdəliyini qismən yerinə yetirmişdir.

2. Möhsün Səfərov xx.xx.2021-ci il tarixdə ölmüş, iddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə onun hüquqi varisi olaraq arvadı Cavabdeh hazırki iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 841,88 manat əsas, 92,74 manat faiz borcu, 76,17 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat borcun, bildirişlərin göndərilməsi üçün 3,40 manat poct xərci olmaqla, cəmi 1016,18 manat məbləğində pulun və ödənilmiş 30,16 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Səfərov Möhsün İlyas oğlu ilə aralarında müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən borcalan Səfərov Möhsün İlyas oğluna istehlak yönümlü 800 manat məbləğində kredit kartı limiti ayrılmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Səfərov Möhsün İlyas oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və borcu ödəməmişdir. Borclunun vərəsəsinin müəyyən edilməsinə dair sorğu verilmiş, notariusun cavab məktubuna əsasən 6 saylı Bakı Asan Xidmət mərkəzində vərəsəlik işinin açıldığı müəyyən edilərək, vərəsəlik hüququ cavabdehə verilmişdir

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

16. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.

17. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

19. Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

25. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Möhsün Səfərov arasında xx.xx.2016-ci il tarixdə bank hesabı, kredit kartı və zaminlik haqqında qarışıq bağlanmış, Möhsün Səfərova 5 il (60 ay) müddətinə 800 manat məbləğində kredit kartı limiti ayırmışdır. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, borc alan Möhsün Səfərov xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdehə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı “Asan xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

26. Məhkəmə hesab edir ki, Möhsün Səfərov kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Onun ölməsi nəticəsində arvadı olan cavabdeh Mülki Məcəllənin yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçı qarşısında müqavilə tərəfinə çevrilməklə, ölmüş ərinin vərəsəsi kimi krediti iddiaçıya qaytarmaq öhdəliyinə malik olmuşdur. Lakin, işin hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

27. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

28. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 841,88 manat, faiz borcu üzrə 92,74 manat, 76,16 manat məbləğində cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat borcun, bildirişlərin göndərilməsi üçün 3,40 manat poct xərci olmaqla, ümumilikdə 1016,18 manat kredit borcunun olması göstərilmişdir.

29. Məhkəmənin qənaətinə görə, iddia tələbi 76,16 manat məbləğində cərimənin tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuş və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

30. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 76,16 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 40 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir (§ 16).

31. Məhkəmə həmçinin iddianın 30,16 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 841,88 manat məbləğində əsas, 92,74 manat faiz, 10 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat borcun, bildirişlərin göndərilməsi üçün 3,40 manat poct xərci olmaqla, cəmi 950,02 manat pul, ödənilmiş 30,16 manat dövlət rüsumu Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar