Məhkəmə qərarları › İş №e-2(011)-7915/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7915/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7915/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı MMC-in direktoru X1 ilə Cavabdeh arasında 26 yanvar 2022-ci il tarixli R0029913 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, alıcı Cavabdeh İddiaçı mağazasından ümumi nisyə dəyəri 307 manat olan Xiaomi redmi 9A (İMEİ **********51069) markalı əşya almışdır.

2. Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq aylıq 26 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 178 manatı mağazaya ödəməmişdir.

3. Dəfələrlə Cavabdeh borcun ödənilməsi barədə müraciətlər ediləsinə baxmayaraq müraciətlər nəticəsiz qalmışdır.

İddiaçının tələbi:

5. Cavabdeh 178 manat borc məbləği, 20 manat cərimə və 30 manat məbləğində dövlət rüsumunun- cəmi 228 manat tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

6. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İş materiallarına əlavə edilmiş sənədlər:

7. xx.xx.2022-ci il tarixli, R0029913 nömrəli əşyanın alqı-satqı çüqaviləsinə əsasən, Xiaomi redmi 9A (İMEİ **********51069) markalı əşya üçün cavabdeh 6 ay ödəniş cədvəli üzrə 11 aylıq hər ay 26 manat və son ay üçün 21 manat olmaqla, ümumilikdə 307 manat ödəməyi öhdəsinə götürmüşdür.

8. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh Xiaomi redmi 9A (İMEİ **********51069) markalı telefonu təhvil almışdır.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, R0029913 nömrəli müqavilə üzrə 178 manat əsas borc, 20 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş məbləğ 198 manat təşkil edir.

10. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə bütün borc məbləğinin qaytarılması barədə müvafiq qaydada məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət ediləcəyi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

14. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

15. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia tələbində qeyd olunan cərimə məbləği əsas borca münasibətdə yüksək olduğundan tələb olunan cərimənin məbləği azaldılmalı və cavabehdən 17 manat məbləğində cərimə tutulmalıdır.

16. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, R0029913 nömrəli müqaviləyə əsasən Xiaomi redmi 9A (İMEİ **********51069) markalı telefon üçün 178 manat əsas borc, 17 manat cərimə olmaqla, ümumilikdə 195 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli, R0029913 nömrəli müqaviləyə əsasən ödənilməmiş 178 manat əsas borc, 17 manat cərimə olmaqla, ümumilikdə 195 manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar