Məhkəmə qərarları › İş №e-2(011)-7971/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7971/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7971/2023 01.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il e-2(011)-2980/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehə qarşı “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilmiş, 1521,75 manat, əsas, 194,92 manat faiz, 20 manat cərimə, bilidirişin göndərilməsi üçün 3,40 manat, cəmi 1740,07 manat məbləğində pul və 26,10 manat məbləğində ödənilmiş dövlət rüsumumu cavabdehdən tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir.

2. İddiaçı ilə "xxxx" MMC arasında olan xx.xx.2021-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin şərtlərinə əsasən cavabdeh tərəfindən ödənilən 1767 manat "xxxx" MMC tərəfindən təmin edilmiş və buna görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 265,05 manat məbləğində xidmət haqqı ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

3. İddiaçı 265,05 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında xx.xx.2018-ci il tarixli Bank hesabı, debet karti, kredit karti və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2020-ci il tarixli, e-2(011)-2980/2020 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı ilə “Azcollect" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini “Azcollect" MMC-yə sifariş etmişdir. “Azcollect MMC" öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixindəki 345 manat, xx.xx.2023-cü il tarixindəki 345 manat, xx.xx.2023cü il tarixindəki 395 manat, xx.xx.2023-cü il tarixindəki 395 manat, xx.xx.2023-cü il tarixindəki 287 manat məbləğİndəki vəsait “Azcollect" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də iddiaçı tərəfindən “Azcollect" MMC -yə 265.05 manat məbləğində xidmət haqqı ödənilmişdir. "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə “Azcollect" MMC -yə cavabdeh(lər) tərəfindən “YapıKredi Bank Azərbaycan" QSC-yəödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 265.05 manat məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki <bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vabnda və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası

6. Maddə 129 Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

7. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu

9. Maddə 2.1 Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

10. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

11. Maddə 3.1 Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

12. Maddə 12.1 bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

13. Maddə 26 İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

14. Maddə 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia təmin edilməməlidir.

19. Məhkəmə qeyd edir ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Lakin tələbkar qətnamənin icra vəziyyəti ilə bağlı hər hansı narazılığını bildirmək məqsədilə qanunda bunun üçün nəzərdə tutulmuş müvafiq hərəkətlər görməmiş, maraq və mənafelərinə toxunan və ya ona hər hansı formada ziyan vuran halın olubolmamasının aydınlaşdırılmasını, belə bir hal mövcuddursa belə, buna səbəb olmuş hal və şəraitinin aradan qaldırılmasını tələb etməmişdir. Habelə müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir.

20. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2020-ci il e-2(011)-2980/2020 saylı qətnaməsi icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmişdir.

21. Ümumiyyətlə iş materialları ilə xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin olması və “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə pulun ödəməsi təsdiq edilsə də, sözügedən qətnamənin icra edilməsi üçün "xxxx" MMC tərəfindən hər hansı tədbirlərin görülməsi öz təsdiqini tapmır.

22. Yuxarıda sadalanan qanunvericlik aktları ilə iddiaçıya icra sənədinin icra edilməsi barədə kifayət qədər hüquqlar verilmiş, lakin o, bu hüquqları həyata keçirməmiş və ya bu hüquqların həyata keçirilməsini haqqı ödənilməklə könüllü şəkildə bağladığı müqavilə əsaasında digər hüquqi şəxsə vermişdir. Belə olan halda iki hüquqi şəxs arasında bağlanan müqavilə əsasında iddiaçının ödədiyi pulun cavabdehdən tutulmasının əsası yoxdur. Belə ki, cavabdeh həmin icra sənədini icra etmədikdə icra məmurunun qərarı ilə borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması vəzifəsi qoyula bilərdi və ya onun barəsində digər məcburi icra tədbirləri görülə bilərdi.

23. Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumuna görə ödənilən 30 manat məbləğində xərcin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir.

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar