Məhkəmə qərarları › İş №e-2(011)-8011/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8011/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8011/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1.436,65 manat bundan 1.363,98 manat əsas, 49.73 manat faiz, 2.42 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20.52 manat faiz borcu və iş üzrə ödənilmiş 34.37 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 14 noyabr 2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 29 noyabr 2016-cı il tarixli, 01 saylı Əlavə Sazişə əsasən kreditin qalığı 4.130,87 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 29 noyabr 2019-cu il tarixədək müəyyənləşdirilmişdir. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM101900449 nömrəli, 29 oktyabr 2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış ********* saylı, 14 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.453,21 manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 48 ay müddətinə, aylıq 30.90 manat ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix 24 oktyabr 2023-cü il müəyyən edilmişdir. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 09 fevral 2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1.436,65 manat təşkil edir. Bundan 1.363,98 manat əsas, 49.73 manat faiz, 2.42 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20.52 manat faiz borcu təşkil edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış 14 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 6.370 ABŞ dolları məbləğində kredit verilmişdir. 14 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 29 noyabr 2016-cı il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana 6.370 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 4.130,87 ABŞ dolları təşkil edir. Kreditin müddəti 29 noyabr 2019-cu il tarixədək təyin olunur. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM101900449 nömrəli 24 oktyabr 2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.453,21 manat məbləği 48 ay müddətinə illik 1 faiz dərəcəsi ilə restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdehin 24 oktyabr 2019-cu il tarixli LM101900449 nömrəli kredit müqaviləsinə əsasən 09 fevral 2024-cü il tarixinə banka olan borcu 1.363,98 manat əsas, 49.73 manat faiz, 2.42 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 20.52 manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, əsas borca görə iddia ərizəsində tələb edilən 1.363,98 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 49.73 manat faiz borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20.52 manat faiz borcunun məbləğinin cavabdehdən tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1.363,98 manat məbləğində əsas borc, 49.73 manat faiz borcu, 2.42 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20.52 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 34.37 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1.363,98 (bir min üç yüz altmış üç manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc, 49.73 (qırx doqquz manat yetmiş üç qəpik) manat faiz borcu, 2.42 (iki manat qırx iki qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20.52 (iyirmi manat əlli iki qəpik) manat faiz borcu və ödənilmiş 34.37 (otuz dörd manat otuz yeddi qəpik) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun surəti təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar