Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8021/2022 16.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X1 İdarəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Opel Astra” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin əlamətləri mövcud olduğundan onun barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi müqavilənin etibarsız hesab edilməsi barədədir, tələb üzrə cavabdeh kimi Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi göstərilmiş, cavabdehlərin (Baş Dövlət Yol Polis İdarəsi) hansı tələbi yerinə yetirməli olduğu iddiaçı tərəfindən aydın göstərilməmişdir, İddiaçı xx.xx.2021-ci il tarixdən və Cavabdeh1 xx.xx.2021-ci il tarixdən hazırda aktiv statusda olan VÖEN-i (İddiaçı - **********; Cavabdeh1 - **********) olmaqla, hər ikisi fərdi sahibkardırlar, hər ikisinin əsas fəaliyyət növü taksi fəaliyyətidir, iddia ərizəsinin məzmunundan görünür ki, avtomobilin alqı-satqısı barədə müqavilənin etibarsız hesab olunmasına dair hazırki tələbin əsası iki qarşı tərəf (İddiaçı və Cavabdeh1) arasında 2021-ci ilin sonlarında yaranmış sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır (tərəflər bir-biriləri ilə tanış olduqdan sonra S.Əkbərzadə avtomobil satışında işgüzar və peşakar olmasını nümayiş etdirərək Bakının Binə Ticarət Mərkəzi yaxınlığında “Meyvəli” deyilən ərazısində avtomobillərin satışı ilə məşğul olduğunu bildirdikdən sonra onların aralarında işgüzar münasibətlər qurulmuşdur, belə razılığa gəlmişdirlər ki, cavabdeh ərizəçinin avtomobillərinin Azərbaycanda satışı ilə məşğul olacaqdır, hər avtomobilin satışından isə İddiaçı ona 200-300-400 manat civarında zəhmət haqqı ödəyəcəkdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə görə, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göstərilən qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunvericiliklə müəyyən olunmuş formaya və məhkəmə aidiyyətinə riayət edilməməklə verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzi barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən 126 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 152, 261-262, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Baş X1 İdarəsində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməi və “Opel Astra” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını, Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin əlamətləri mövcud olduğundan onun barəsində xüsusi qərar çıxarılmaqla prokurora məlumat verilməsi” barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-8021/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8021/2022
16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver