Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8036/2024 26.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabehin (bundan sonra - iddiaçı) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi” ilkin, Cavabdehun "xxxx" MMCyə qarşı “pul tələbi” barədə qarşlıqlı iddila ərizələrinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə “İPhone 14 Pro Max” markalı mobil telefonun nisyə alqı-satqısı barədə ********* saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə (ilkin ödəniş 29 manat) əşyanın dəyəri 4544,41 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 376,28 manat müəyyən edilmişdir.
2. Alınan əşya cavabdehə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir.
3. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə «Xiaomi Redmi» markalı mobil telefonun nisyə alqı-satqısı barədə 02054673 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 246 manat, ödəniş müddəti 12 ay, aylıq ödəniş 20,5 manat müəyyən edilmişdir.
4. Alınan əşya cavabdehə xx.xx.2023-ci il tarixdə təhvil verilmişdir.
İlkin və qarşılıqlı iddia ərizələrnin və ona etirazların dəlilləri: a) İlkin İddia ərizəsinin dəlilləri
5. İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3370,54 manat əsas borc, 337,46 manat cərimə borcunun, xx.xx.2023-ci il tarixli müqavilə üzrə 39,77 manat əsas borc, 3,23 manat cərimə borcu olmaqla, cəmi 3751 manat borc və 57,51 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, “İphone 14 Pro Max” markalı telefon, “Apple 20W USB-C” adapter, “Xıaomı Redmı A1+” markalı telefon almış və nəticədə 3751 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4544.36 manat (12 ay x 376.28 manat + 29 manat ilkin ödəniş) “İphone 14 Pro Max” markalı telefon, “Apple 20W USB-C” adapter üçün ümumilikdə, 3708 manat olmaqla ondan, 3370.54 manat ödənilməmiş hissə, güzəşt olunaraq 337.46 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 246 manat (12 ay x 20.5 manat + 0 manat ilkin ödəniş) “Xıaomı Redmı A1+” markalı telefon üçün ümumilikdə, 43 manat olmaqla ondan, 39.77 manat ödənilməmiş hissə, güzəşt olunaraq 3.23 manatcərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1380.05 manat təşkil edir.
b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
7. Cavabdeh ilkin iddia ərizəsinin təmin edilməməsi, onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********99019 “iPhone 14 Pro Max” markalı telefon, Apple 20W USB-C adapter, İMEİ Kodu **********41546 “Xiaomi Redmi A1” markalı telefonla əlaqədar usta xərci kimi ödədiyi 500 manat pulun iddiaçıdan onu xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, müqavilə üzrə adlan çəkilmiş cihazları aldıqdan qısa müddət sonra keyfiyyətsiz olması ortaya çıxmışdır. Qarşı tərəf ona sənədləri oxutdurmadan təhvil-təslim aktlan imzalatmış, lakin müqaviləyə uyğun olmayan, keyfiyyətsiz telefonlar ona verilmişdir. Bütün bunlar onun müqavilə üzrə öhdəliyini yerinə yetirməkdə mane olmuşdur.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
16. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.
22. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
23. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.
25. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddia həmin hissədə qismən təmin edilməlidir.
26. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
27. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq xx.xx.2023-cü il tarixli müqavilə üzrə 40 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
28. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən ona keyfiyyətsiz təhvil verilmiş mobil telefonun təmir etdirilməsi üçün ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, əşyanın ona qüsurlu şəkildə təhvil verilməsini, qüsurların aradan qaldırılması üçün təmir etdirməsini və bunun nəticəsində ona maddi ziyanın dəyməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir.
29. Məhkəmə hesab edir ki, 57,51 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 92%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə görə 3370,54 manat əsas borc, 40 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə görə 39,77 manat əsas borc, 3,23 manat cərimə borcu olmaqla, cəmi 3453,54 manat pul və 52,90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4,61 manat hissəsi iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı