Məhkəmə qərarları › İş №e-2(011)-8049/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8049/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8049/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə 184 manat qalıq borcu 36.27 manat cərimə borcu olmaqla, cəmi 220.27 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli NFTK02406 saylı Nisyə alqı-satqı müqaviləsinə əsasən, borcluya 199 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir, müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş və borcun qaytarılmasına dair öhdəlik vaxtında və lazımi qaydada icra edilməmişdir, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxayaraq o, müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 184 manat təşkil edir, müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür, cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 362.66 manat təşkil edir, hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10 faizini ödəməyi borcludan tələb edirik, belə olan halda, hesablanmış cərimə məbləğinin 10 faizi 36.27 manat təşkil edir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 13.09.2019-cu il tarixdə NFTK02406 saylı Nisyə satış müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən iddiaçı tərəfindən dəyəri 199 manat olan əşya cavabdehə kreditlə satılmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixli NFTK02406 saylı Nisyə satış müqaviləsinin 1 saylı Əlavəsinə əsasən alınan avadanlığın qiyməti 199 manat, ödəniş müddəti 15 ay, aylıq ödəniş 13 manat təşkil edir. İş materiallarında olan 13.09.2019-cu il əşyaların təhvil-təslim aktından görünür ki, “Duxovka Simfer 4507 Turbo” malı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13.09.2019-cu il tarixli NFTK02406 saylı müqavilə üzrə Cavabdeh 184 manat qalıq borcu, 36.27 manat cərimə olmaqla ümumilikdə 220.27 manat borcu yaranmışdır. İş materiallarında olan 06.10.2021-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.09.2019-cu il tarixdə NFTK02406 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 13.09.2019-cu il tarixli NFTK02406 saylı Nisyə satış müqaviləsinə əsasən, ödənilməmiş 184 manat qalıq borcu, 36.27 manat cərimə borcu olmaqla, ümumilikdə 220.27 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ödənilməmiş 184 manat qalıq borcu, 36.27 manat cərimə borcu olmaqla, ümumilikdə 220 (iki yüz iyirmi) manat 27 (iyirmi yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğdə pul alınaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar