Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8059/2024 30.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında resturukturizasiya edilməsi mümkün olan məbləği, xx.xx.2021-cu il tarixə qalıq qalan 4.194,03 manatın birdəfəlik ödəmək şərti ilə cavabdehlə aralarında olan öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuş, iddiaçı qrafada cavabdehlər olaraq Əmanətlərin Sığortalanması Fondunu və Azərbaycan Respublikası Mərkəzi Bankını qeyd etsə də, ərizənin mətnində cavabdehlər qismində LPO "xxxx" ASC-ni və ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunu qeyd etmişdir. Bundan əlavə iddiaçılar ərizənin nəticə hissəsində (xahiş etdi hissəsi) tələbini qeyrimüəyyən şəkildə tərtib etmiş, konkret olaraq hansı cavabdehdən nəyi tələb etdiyini qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci madddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçılar qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəməmişdirlər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Eyni Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırkı işdən görünür ki, iddiaçılar 4.194,03 manat məbləğin ödənilməsi ilə öhdəliyə xitam verilməsini xahiş etmişlər. Həmin məbləğə münasibətdə iddiaçılar 61.94 manat dövlət rüsumu ödəməli olmalarına baxmayaraq, 50 manat dövlət rüsumu ödəmişlər. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsinə aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalı deyil. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh Əmanətlərin Sığortalanması Fondunun ünvanının Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 olduğunu göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40 ünvanında qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, tələb qeyri-müəyyən olduğundan, eyni zamanda aiddiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı X1 izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-8059/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8059/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver