Məhkəmə qərarları › İş №e-2(011)-8060/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8060/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8060/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı “QSC "Bank Standard" KB-nin (Ləğv prosesindədir) Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı “QSC "Bank Standard" KB-nin (Ləğv prosesindədir) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, – QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/107526/15 saylı kredit müqaviləsi üzrə 1416,57 manat məbləğində əsas borc, 1133,74 manat məbləğində faiz borcu, 634,49 manat məbləğində cərimə borcu, 452,40 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5 faiz məbləği ümumilikdə isə 3637,20 manat məbləğində pulun, 56,38 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh1 arasında 20 may 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/107526/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 30 (otuz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 20 may 2015-ci il tarixli, 1xx/xx/107526/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Borclular öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin xx.xx.2024- cü il tarixinə Banka 1416,57 (bir min dörd yüz on altı manat, 57 qəpik) manat məbləğində əsas borc, 1133,74 (bir min yüz otuz üç manat, 74 qəpik) manat məbləğində faiz borcu, 634,49 (altı yüz otuz dörd manat, 49 qəpik) manat məbləğində cərimə borcu, 452,40 (dörd yüz əlli iki manat, 40 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5 faiz məbləği ümumilikdə isə 3637,20 (üç min altı yüz otuz yeddi manat, 20 qəpik) manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 4.1.6-cı bəndinin tələbinə görə “Kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş edərək bildirdi ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/107526/15 saylı kredit müqaviləsi üzrə 1416,57 manat məbləğində əsas borc, 1133,74 manat məbləğində faiz borcu, 634,49 manat məbləğində cərimə borcu, 452,40 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5 faiz məbləği ümumilikdə isə 3637,20 manat məbləğində pulun, 56,38 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən verilən problemli kreditlər barədə aldığı məlumatda qeyd olunmuşdur ki, Cavabdeh1“ QSC "Bank Standard" KB-yə olan borcu restrukturizasiya olunması nəticəsində 1416,57 manat borcu qalmışdır, habelə zaminlik müqaviləsi üzrə iddia tələbi irəli sürülməsi üçün müddət ötürüldüyündən ona qarşı iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: xx.xx.2015-ci il tarixli, 1xx/xx/107526/15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə hesablanmaqla 4.000 manat məbləğində kredit verilmişdir. LPO QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/107526/15 nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024cü il tarixə 1416,57 manat əsas, 1133,74 manat faiz, 634,49 manat cərimə borcu, 452,40 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5 faiz məbləği, cəmi 3637,20 manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, “QSC "Bank Standard" KB tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 56,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən verilən kompensasiya məbləğinin sorğulanması barədə çıxarışdan görünür ki, Cavabdeh1“QSC "Bank Standard" KB-yə olan borcu restrukturizasiya olunması nəticəsində 1416,57 manat borcu qalmışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur.Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “1133,74 manat məbləğində faiz borcu, 634,49 manat məbləğində cərimə borcu, 452,40 manat məbləğində gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5 faiz məbləğinin tələb edilməsinə dair” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının “ təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində rədd edilməlidir. xx.xx.2015-ci il tarixli, 1xx/xx/107526/15 saylı kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. LPO QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/107526/15 nömrəli “zaminlik müqaviləsi” bağlanmışdır. İddiaçı tərəfindən məhkəməyə iddia tələbi xx.xx.2025-ci il tarixdə verilmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı zamin(lər)ə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zamin(lər)ə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçının zamin(lər)ə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi vermə və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə digər Cavabdeh2 qarşı iddia tələbi ona aid hissədə rədd olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1416,57 manat pul vəsaiti tutularaq iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin ediliyindən 34,16 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1416,57 (min dörd yüz on altı manat, əlli yeddi qəpik) manat əsas borc və 34,16 (otuz dörd manat, on altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1450,73 (min dörd yüz əlli manat, yetmiş üç qəpik) manat pul vəsaiti tutularaq, iddiaçı QSC “Bank Standard” KB-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar